“Qanvermə aksiyalarının keçirilməsi insanların xeyrinədir” - ŞƏRH
11 Sentyabr 2018 13:05 Sosial"Ümumiyyətlə, Aşura günü tarix boyu başqa dinlərin, yəni səmavi dinlərin də kitablarında müqəddəs bir gün kimi, Məhərrəm ayının sülh və əminamanlıq ayı olması kimi qeyd olunur. Xüsusilə də Məhərrəm ayı İslamın 4 əminamanlıq aylarından biridir. Qurani-Kərimdə də bu qeyd olunur".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizələr şöbəsinin əməkdaşı Hacı Ağa Səid Yaqubov deyib.
Onun sözlərinə görə, Aşura gününün özü də tarixdə bir Həzrəti günü kimi hesab olunur: "Amma bu İmam Hüseynlə (ə) bağlı olduqda bir hüzn günü kimi tarixdə öz yerini tutur. İmam Hüseyn (ə) də öz dövründə İmam hesab olunurdu. İmam Hüseyn (ə) Peyğəmbərimizin nəvəsidir və Əhli-beytin (ə) sonuncusudur. O zamanlar İmam Hüseyn (ə) yerində öz etirazını etdi ki, gələcək nəsillərdə İslam yaşamış olsun və parçalanmasın. Necə ki, keçmiş səmavi dinlər təhrifə uğramışdı, bunun qarşısını almaqdan ötrü İmam Hüseyn (ə) öz sinəsini qabağa verib və öz əshabı ilə bu işə etiraz etdi. Təbii ki, bu yolda da şəhadətlə şəhid oldu. İmam Hüseynin (ə) şəhadəti bizim üçün bir örnəkdir. Biz bu şəhadətdən bir örnək götürürük. Torpaqlarımızı, dinimizi qorumaqdan ötrü bunu yaşadırıq və bu yolda getməyə arzu edirik.
Həzrət Peyğəmbərin (s.ə.ə) gətirdiyi İslam dini böyük bir müsibətlərlə, çətinliklərlə gəlib. Böyük əziyyətə səbəb olan, böyük əziyyətlərlə, böyük şəhidlər verməklə qərarlaşan, sabitləşən bu din təbii ki, qiyamət gününə qədər yaşamalı idi. Bunun yaşaması üçün də yəni insanlar öz canından, qanından keçməli idilər. Necə ki, İmam Hüseyn (ə) buyurur ki, "əgər sizin canınıza bir sıxıntı, bəla gələrsə öz malınızdan keçin. Əgər sizin dininizə, əqidənizə, mənəviyyatınıza bir xələl gələrsə öz canınızdan keçin". Ona görə də bizim bu gün bu ruhiyyə ilə yaşamağımız faydalıdır. Bu gün öz mənəviyyatımızı, milli adət-ənənələrimizi qorumaq, torpaqlarımızı qorumaq üçün bu ruhiyyədə yaşamaq bizim üçün vacibdir. Ona görə də İmam Hüseynin (ə) məktəbi, rəşadəti tarix boyu xalqımıza ruh yüksəkliyi verib.
Ümumiyyətlə öz qanından keçib başqasına qan vermək onun yaşaması deməkdir. İmam Hüseyn (ə) bu Aşura mərasimlərində qanvermə aksiyasının mahiyyəti elə bundan ibarətdir. Bildiyiniz kimi bir neçə il bundan öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu işə start verdi və bu ənənəni respublikamızda qoymuşdur. Bugünkü gündə digər müsəlman ölkələri də bu ənənəni gördükdə, eşitdikdə heyrətlənirlər. Həqiqətən də bu qanvermə aksiyalarının keçirilməsi böyük bir işdir. Qanvermə aksiyalarının keçirilməsi insanların xeyrinədir".
SİA