Boşanmaların sayı niyə artır?
11 Sentyabr 2018 13:06 SosialRəhmətlik Ağabəy Sultanov çox maraqlı musahib idi, onunla söhbət zamanı Azərbaycanın gələcəyi haqqında tez-tez söz açardı. Deyərdi ki, nə vaxta qədər ölkəmizdə ailəyə yüksək dəyər veriləcək, onu kürsüdən enməyə qoymayacaqlar, Azərbaycana zaval yoxdur. Çünki hansı ölkədə ailəyə yüksək dəyər verilirsə, həmin məmləkətin gözəl gələcəyinə ümid etmək olar. Yazıq kişi hardan biləydi ki, onun yüksək kürsülərdə gördüyü ailə dəyərləri çoxdan ayaqlar altına düşüb. Belə ki, son illərdə Azərbaycanda boşanmaların sayı kəskin artıb. 8-9 ilin statistik göstəriciləri olduqca kədərli bir mənzərəni göz önünə sərir. Son iki il ərzində 25 minə yaxın ailənin dağılması 10 milyonluq kiçik bir ölkə üçün olduqca böyük göstəricidir. Bundan daha çox əziyyət çəkən isə uşaqlardır. Qayğısız və xoşbəxt uşaqlıq çağını bir anda itirərərək atalı-analı yetimə çevrilən bu uşaqların günahı nədir görəsən ? Niyə görə evli cütlüklər dünyaya uşaq gətirməzdən öncə öz münasibətlərini aydınlaşdırmağa çalışmırlar? Bəs günü-gündən artan boşanmaların səbəbi və ya səbəbləri nədir? Niyə görə qurulan ailələr qısa vaxtdan sonra dağılır? Ekspertlərin sözlərinə görə, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olmasının göstəricisidir. Mənəvi dəyərlərin aşınması isə cəmiyyəti uçuruma aparır. Başqa sözlə desək, Azərbaycanda həmişə böyük önəm verilən ailə institutu artıq öz təməl dəyərlərini sürətlə itirməkdədir.
Boşanmaların sayının artması isə müxtəlif amillərlə izah olunur. Son illər gənclərin sosial şəbəkələrdə fəallığı, kanallarda verilən xarici seriallar öz mənfi təsirini göstərməkdədir. Seriallara tamaşa edən gənc qızlar gələcək həyatlarını da film kimi təsəvvür edirlər. Sonradan həyat yoldaşlarından gözəl sevgi kəlmələri eşitməyəndə, həmin sözləri sosial şəbəkələrdə tanış olduqları yad adamlardan gözləyir, bu oğlanların onları sadəcə "tovlamaq" məqsədilə söylədikləri sözləri həqiqət kimi qəbul edərək həyat yoldaşları ilə soyuq davranmağa başlayırlar. Və yaxud " ailə dağıtmaq üzrə "ixtisaslaşmış" bəzi qadınların toruna düşən kişilər də eyni hərəkəti edərək İlk xəyanətdən başlayıb sevgi və şirin xəyallar üzərində qurduqları isti yuvanın dağılmasına yol açırlar. Hazırda ailənin qorunması üçün ən çox kişilərin dözümlülük göstərdiyi müşahidə edilir. Hər iki tərəfin xəyanət etməsi və artıq qadın sədaqətsizliyinin də cəmiyyətdə normal qəbul edilməsi milli mənəvi dəyərlərin aşınması, məhv olması deməkdir. Belə ki, hazırda qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və daha böyük təhlükələrə işarədir. Digər problem qanunlardakı boşluqlardan qaynaqlanır. Sovet dövründə qanuni nikahı olmayan qadınlara aliment kəsilmirdi. Bu isə nikahdankənar əlaqələrin genişlənməsinin qarşısını alırdı. Hazırda isə qadınların nikaha daxil olub- olmaması heç bir önəm daşımır. İstənilən qadın zina edərək uşaq dünyaya gətirsə belə məhkəmələr həmin qadınlara nikahı olanlarla eyni hüququ saxlayaraq aliment odənməsini təmin edirlər. Bu isə öz növbəsində cəmiyyətdə əxlaqsızlıq hallarının artmasına, zinadan doqulan uşaqların sayının çoxalmasına gətirib çıxarır.
Boşanmalardan söhbət düşəndə əsasən, psixoloq yardımından bəhs edilir. Əvvəllər isə həmin missiyanı uzun illər bir yerdə yaşayıb bir-birinə can deyib can eşidən ağbirçək və ağsaqqallar yerinə yetirir, gənc ailələrin problemlərinin çözülməsində əllərindən gələni əsirgəmir, küsülüləri barışdırır, onlara ailə ocağının qorunmasında dəyərli məsləhətlər verirdilər. İndi isə 20-30 il bir yerdə yaşayan ailə böyükləri belə utanıb çəkinmədən yollarını ayırırlar. Bu halda gənclərə nə deməli? İki insanın xasiyyəti uyğun gəlməyə bilər, bu təbiidir. Amma bir yerdə iki ay yasamaq kifayətdir ki, onlar qarşılıqlı olaraq bir-birlərinə bələd olsunlar. Lakin nədənsə gənclər usaq doğulmadan, qısa zamanda yollarını ayırmaq əvəzinə, 1-2, hətta 3-4 övladları dünyaya gələndən sonra "yuxudan oyanır"və boşanmaq üçün məhkəməyə müraciət edirlər. Bəli, boşanmaların səbəbləri müxtəlifdir, lakin ümumilikdə əsas təsir amilləri demək olar ki, eynidir. Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərdən qaynaqlanan amillərdir. Burda milli-dini dəyərlərin zəifliyi də az rol oynamır. Mütəxəssislərə görə, cəmiyyətdə aqressiyanin artması , qadınlar haqqında xoşa gəlməyən miflərin formalaşması, kişilərin cəzasız qala biləcəyi düşüncələri, qadınlar haqqında əlçatanlıq düşüncəsi, iş yerlərində zorakılıq, psixoloji və ya seksual gərginliklər də ailənin dağılmasında rol oynayan amillərdəndir. Lakin hansı amilin əsas gətirilməsinə baxmayaraq, boşanmalar böyük bir problem olaraq gündəmdədir və bununla bağlı ciddi tədbirlər gözə dəymir. Bu isə narahatedici bir haldır. Əvvəllər boşanmaq istəyənlərə düşünmək üçün 3 ay müddət verilirdi. İndi isə boşanma prosesi heç 3 dəqiqə də cəkmir. Hakim də daxil olmaqla, cəmiyyət, qohumlar, hətta doğma valideynlər belə uşaqların nələr çəkdiyinə, dünyalarının dağıldığına biganə yanaşırlar.
Məlum məsələdir ki, səbəblər arasında həm fiziki, həm psixoloji, həm də iqtisadi faktorlar var. Sosioloqlar belə hesab edir ki, əgər cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri sıxışdırıb önə keçirsə, çoxlu gərginliklər yaranır, xoşagəlməz proseslər meydana çıxır. Belə cəmiyyətdə ilbəil əcaib hallar, təkcə boşanmalar deyil, ,həm də intiharlar, ailə üzvlərinin bir-birini öldürməsi, aldatmalar artır. 90-cı illərdə Azərbaycanda sosial durum indikindən dəfələrlə ağır olsa da boşanmalara, o cümlədən özünəqəsd hallarına nadir rast gəlinirdi. Bunun səbəbi cəmiyyətdə mövcud olan isti münasibətlər idi. İnsanlar ellə gələn toy -bayramdır, deyərək sıxıntılara dözürdülər. İnsanların mənəvi təlabatı maddiyyatdan öndə idi ən azından...İndi isə adamlar ən kiçik sıxıntı baş verən , maddi durumları pisləşən kimi mənən sınır, ailələlər dağılir, intiharlar rekord həddə yüksəlir. Kasıblıq adamlara çarəsizlik, ümidsizlik kimi görünür.
Vəziyyətdən çıxış yolu isə hökmən bu məsələyə ciddi alimlərin, bu sahədə olan mütəxəssislərin köməyi ilə planın və bu istiqamətdə qanunların yenidən işlənib hazırlanmasıdır.
Nazilə