Başqa dildə təhsil almaq öz dilinə biganə yanaşmaq deyil
31 Avqust 2018 15:13 SosialBir neçə vaxtdır məktəblərdə rus bölməsinin ləğv edilərək xarici dil kimi tədris edilməsi, yaxud ödənişli olması barədə fikirlər səsləndirilir. Bunun əsas səbəblərindən biri kimi isə son 5-10 il müddətində respublika məktəblərində, özəlliklə də paytaxtda rus dilində təhsilə ciddi marağın xeyli artması göstərilir. Səsləndirilən bəzi fikirlərdən belə qənaətə gəlmək olur ki, rus bölməsində təhsil pullu olarsa uşaqlarının bu bölmədə təhsil almasını istəyən valideynlərin müraciətində yaranan sıxlıq aradan qaldırılar. Lakin aydındır ki, bu hal reallaşdığı təqdirdə sadəcə yüksək, yaxud orta təminatlı ailələrin övladları bu təhsildən yararlanmış olacaq. Maddi vəziyyəti aşağı olan ailələrin övladları isə bu təhsil imkanından məhrum olacaqlar.
Bu gün rus dilində təhsilə marağın artmasının həyacan təbili kimi qəbul edilməsi anlaşılmazdır. Lakin bunun təhlükə kimi qələmə verilməsi hətta məktəblərdə rus bölməsinin tamamilə ləğv olunması fikirlərini yaradır. Əgər hər hansı sahəyə müraciətdə sıxlıq nəzərə çarpandırsa bu sahənin ləğv edilməsi nə dərəcədə məntiqlidir. Uzun müddətli, dəqiq müşahidələr göstərir ki, bir tələbə hər hansı bir xarici dilin tapşırıqlarını yerinə yetirərkən, onları ilk növbədə ana dilində dərk edib anlayır və bundan sonra tapşırığı həll edir.
İstər rus, ingilis, ispan, fransız, alman yaxud başqa xarici dillər olsun bu dillərdə təhsil almaq ana dilimizin inkişafına heç bir maneə törətmir. Heç bir maneə və mənfi təsir göstərmədiyi təqdirdə isə dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif dillərdə təlim məktəblərinin olması normaldır. Başqa dildə təhsil almaq öz dilinə biganə yanaşmaq deyil. Bu başqa dillərin içərisində isə rus dilinin öz xüsusi çəkisi var. Belə ki, digər dillərə nisbətən rus dili ölkəmizdə daha çox əhəmiyyət kəsb edir. Bu dildə təhsilə daha çox üstünlük verilməsi isə ona ehtiyac olunduğu reallığını göstərir. Bəs ölkəmizdə rus dilinin digər dillərdən daha çox ön plana çıxmasının səbəbi nədir? Əsrimizin internet əsri olduğunu nəzərə alsaq bu gün internetdə informasiyanın təəssüflər olsun ki, Azərbayan dilində axtarışı rus və ingilis dilləri ilə müqayisə edilməyəcək dərəcədə az keyfiyyətlidir. Ətraflı kontent bu iki dildə daha çoxdur. Bu dilin öyrənilməsi hər şeydən əvvəl böyük məlumat bazasından bəhrələnmək deməkdir. Mədəniyyət sahəsinə baxsaq bu gün ölkə kinoteatrlarında vizyona girən bir çox xarici filmlər rus dilində yayımlanır. Əgər bu filmlərin dublaj edilməsini gözləsək onu yeni deyil, köhnə film kimi izləmiş olacağıq (O da dublaj edilsə). Belə filmlər adətən vizyondan çıxana kimi eyni dildə nümayiş olunmağa davam edir. Filmlərlə bağlı eyni fikri kitablara da şamil edə bilərik. Bu gün bir çox xarici ədəbiyyat nümunələri Azərbaycan dilinə tərcümə edilməyib. Bu səbəbdən həmin kitablar rus və türk dillərində daha çox oxunur. Rus dilində olan mətbuata nəzər yetirsək 50-dən çox məcmuə nəşr və 14 informasiya agentliyi fəaliyyət göstərir. İş yerlərinin əksəriyyətində isə hətta ingilis dilindən daha çox rus dili tələb olunur. Rusdilli kadrlara böyük tələbat özəlliklə logistika, satınalmalar, mühəndislik və turizm sahələrində hiss olunur. Ölkəmizdə inkişaf edən sahələrdən biridə turizm sahəsidir. Azərbaycanda turizm mühiti iqtisadi inkişafla yanaşı formalaşır və genişlənir. Azərbaycana turizm mövsümündə axın edən rusların sayı isə olduqca çoxdur. Onlara Azərbaycan mədəniyyətinin tanıtdırılmasında isə rus dili başlıca vasitədir. Bu gün Azərbaycanın Rusiya ilə diplomatik, parlamentlərarası və mədəni əlaqələr inkişaf etməkdədir. Rusiya və digər rusdilli ölkələr ilə iqtisadi əlaqələrin yaradılmasında da bu dilin əhəmiyyəti əsas faktorlardan biridir.
Bu və bu kimi bir sıra səbəblər valideynlərin bir çoxunun övladlarının təhsili üçün rus bölməsinə üstünlük verməsinə səbəb olur. Bu səbəbləri başa düşmək mümkündür. Narahatlıq yaradacaq məsələ isə tamam başqadır. Sırf dəb xatirinə bəzi elitar ailələr övladlarını bu dilə yönləndirirlər. Belə ailələr övladlarına ana dilində danışmağı ayıb kimi aşılayırlar. Bu tiplər özlərini adətən başqa cəmiyyətin insanları kimi təqdim edirlər. Belə ailələrdə yaşayan uşaqlar isə ana dilində danışan insanların əhatəsində çətinlik çəkir və onlarla ünsiyyətdən qaçırlar. Xarici dildən dəb xatirinə yerli-yersiz hər yerdə işlətmək yerinə sadəcə lazım olan anlarda istifadə edilməsi Azərbaycan dilinin inkişafı üçün daha uyğundur. Yenə də bu o demək deyil ki, əgər ölkə daxilində bir dilə çox üstünlük verilirsə həmin dilə yersiz nifrət hissi aşılanmalıdır. Çünki dil bilmək hər şeydən öncə mədəniyyətdir, intellekt səviyyəsinin artması və xaricə inteqrasiyadır. Respublikamızda da başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
İllərdir "Azərbaycan, yoxsa rus bölməsi yaxşıdır" sualı ilə müxtəlif sorğular keçirilir. Lakin bu sualın özünün nə qədər doğru olması başlıca olaraq yeni bir sual doğurur. Azərbaycan dili bizim hər zaman qorumalı, inkişaf etdirməli ana dilimizdir.Rus bölməsində təhsil alan tələbələrin 90%-ni azərbaycanlı gənclər təşkil edir. Onların əksəriyyəti isə ailə və yoldaşları mühitində, ölkələrinə qarşı münasibətdə heç də Azərbaycan bölməsinin tələbələrindən kənarda qalmırlar. Bu halda rusbölməsində təhsil almağın ana dilindən natamam qalmaq və vətənpərvərliklə əlaqələndirilməsi sadəlövlükdür. Valideyn rus bölməsində tədrisin daha yüksək olduğunu düşündüyü zaman övladının həmin bölmə üzrə təhsil almasını istəyir. Valideynlərdə bu düşüncə tərzininin yaranmaması üçün hər iki bölmədə tədrisin keyfiyyətinin davamlı olaraq yüksəlməsi, öz bərabərində bir sıra narahatçılığa son qoya bilər.
Nigar Orucova