GÖRMƏMİŞLİK

Öncə ondan başlayım ki, mövzuya gec müraciət etməyimin səbəbi  xeyli vaxt Bakıda olmamağım, kompüterimdən uzaq düşməyimdi.  Kənarda olsam da  qurbanlıqla bağlı sosial şəbəkələrdə yayımlanan,  saytlarda yer alan bər-bəzəkli qurbanlıq qoyun şəkillərini xoş olmayan hisslərlə izləyirdim. Gec də olsa, qurbanlıq qoyunların  alabəzək parçalarla, rəngarəng qotazlarla bəzədilməsindən, heyvana insani münasibətdən kənar  görməmişlik nümayış etdirilməsinin doğru olmadığından  söhbət  açmaq istəyirəm.

                                                    x x x

Bir-iki il əvvələ kimi Qurban bayramının gəlişini "qoyunsevərlər" qəzəblə qarşılayırdılar. Guya ki, qoyunların kütləvi surətdə kəsilməsi qəddarlıqdı, vəhşilikdi, insanlığa sığmayan hərəkətdi. Sosial şəbəkələrdə hər kəs öz xarakterinə uyğun fikir, rəy və digər rəngarəng yanaşmalar sərgiləyirdi. Hətta eləsi tapılırdı ki, qoyun kəsməyi az qala cinayət hesab edirdi. Və hər dəfə də belələrinə Qurban bayramının tarixini və vacibliyini, onun yalnız xeyirxahlıqdan, mərhəmətdən, mehribanlıq və şəfqətdən irəli gəldiyini yazmaqdan vaz keçərək Allahın dediyini xatırladırdım: "Məlum günlərdə Allahın ruzi olaraq verdiyi qurbanlıqları kəsərkən ansınlar Allahın adını. Bunlardan özünüz də yeyin, zavallı yoxsullara da yedizdirin" (Hacc surəsi, ayə 27-28).

Allah özünün yaratdığı heyvanı qurbanlıq olaraq təqdim edirsə, bəndə nəkarədir ki, bu bayramın əksinə getsin, rişxənd edərək onu lağlağıya çevirsin? Heyvanları sevmək, onlara mərhəmətlə yanaşmaq, qayğısına qalmaq insanlığın yaxşı tərəfidir, hətta deyərdim ki, hər kəsin borcudur. Ancaq bu, o demək deyil ki, yüz illikləri aşıb gəlmiş inamın və etiqadın müqəddəsliyinə dil uzadaraq, insanların dini heysiyyatı ilə oynayasan.

Çox şükür ki, son vaxtlar bu xoşagəlməz hal aradan qaldırılıb, yəni tam olmasa da  xeyli azalıb. Amma əvəzində daha biabırçı mənzərə ortaya çıxıb. Qurbanlıq qoyunu elə bəzəyirlər, sanki, onu gəlin köçürəcəklər. Sadəcə rəzillikdi. Özü də həmin  rəzil mənzərənin  mənbəyi toy-nişan üçün xonça və bəzək əşyaları satılan mağazalardan başlayır. Mağazada qoyun  üçün xüsusi paltar dəsti satılır. Bu dəstə  fata, bijuteriya, papış, zərli jilet, qırmızı lent, zınqrov və sair bu kimi əşyalar daxildi. Hətta bayram günlərində bir qoyuna ağappaq, uzun, yerlə sürünən fata,  ayağına da eyni rəngdə ayaqqabı geyindirərək videosunu facebookda paylaşmışdılar. Fağır qoyunu görən kimi beynimdən sürətlə bu sözlər keçdi: "kimin ağlına nə yerləşirsə onu da həyata keçirir".

Əslində heyvana qarşı belə anormal münasibət sərgiləməyin kökündə o dayanır ki, insanlar Qurandan, İslam bilgisindən çox uzaqdırlar,  dini savadları yoxdu. qurban kəsməyin tarixini bilmirlər, İsmayıl qurbanının nə olduğunu, hardan gəldiyini Qurandan oxumaq əvəzinə, bu gözəl  ayini öz ağılları ilə həyata keçirirlər. Quranda İbrahim peyğəmbərin öz oğlu İsmayılı qurban etmək istəyi belə yazılır: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör, bu barədə nə fikirləşirsən"? O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən"! (Saffət" surəsi, ayə 102).

Qurbanlıqla bağlı  çoxsaylı mənbələrdə  də İbrahim peyğəmbərin övladını qurban etməyə hazırlaşdığı,  kəsəcəyi ərəfədə Həzrəti Cəbrayıl  tərəfindən bir qoçun gətirildiyi və oğlunun yerinə Allahın mərhəməti olaraq göndərilən qoçun qurban kəsildiyi qeyd olunur. Aha! Fars demiş, xub! Deməli,  qurbanlıq heyvan dişi yox, erkək qoyun, yəni  qoç olmalıdır. Amma bizim cahil müsəlmanlar bəzən qarnında balası olan dişi qoyunu kəsməklə yanaşı, üstəlik də erkək cinsinə qadın paltarı geyindirib yazıq heyvanı məsxərə obyektinə çevirirlər.

Azərbaycan xalqının xeyli sayda milli adət-ənənəsi var. Tarixdən gələn, əsrləri adlayıb öz ilkın mənasını bu günə qədər qoruyub saxlayan adətlərdən biri də nişanlı qıza bayramlarda xonça bəzəyib hədiyyə aparmaqdı. Qurbanlıqda kəsilən heyvandan bir pay ayırıb nişanlı qızın ailəsi üçün aparmaq da həmin adətə daxildi. Son illərə qədər bu, belə olub. Bəzən imkanlı, varlı-hallı ailələr gəlin evinə diri qoyun aparıblar. Bu gün isə maddi imkanı çatmayan kasıb ailələr də borc tapıb  bazardan bir qoyun alır, üstəlik də bəzək-düzəyinə  xeyli pul  xərcləyib qurbanlıq aparırlar. Çox pis haldı.

Heyvanı heyvanlıqdan çıxarmaq insanın  xislətindəki görməmişlikdən xəbər verir. Qoyunun öz  yun "paltarı" var, onun üzərinə  tül pərdə çəkib , ipək parça ilə örtmək  bəlkə də Allaha asi çıxmaqdı. Ən acınacaqlısı  odur ki, adına qoç deyirlər, amma başına fata bağlayır, qulaqlarından sırğa asırlar. Barı başına buxara papaq,  əyninə arxalıq, ayağına uzunboğaz çəkmə geyindirsələr, nəsə bir şey anlamaq olardı. Bunun adı nə gəlin üçün bayramlıq, nə də din-imandı. Bu, insanların dini hisslərinə toxunaraq, onlara qarşı xoş olmayan münasibət sərgiləməkdir. Milli adət-ənənə və bayramlardan fərqli olaraq dini bayramların kökü Qurandan gəlir. İslamın müsəlmanlara bəxş etdiyi fərqli günlər, ibadətllər olduğu kimi yerinə yetirilməlidi.  Qurbanlıq heyvan erkək, yəni qoç olmalıdı, özü də bəzəksiz-düzəksiz, özünün təbii halında kəsilməlidi. Bu, Allahın toxunulmaz - tabu elan etdiyi əxlaq normasıdı. Quranda bu normanı aşanlar üçün belə deyilir: "Onların nə ətini, nə də qanını sizdən istəməz Allah. Sizdən istədiyi təkcə təqva duyğusudu" (Həcc surəsi, ayə 37).

Deyir "görməmişin oğlu oldu, vurdu qol-qıçını sındırdı". Bizim azərbaycanlıların çoxu eynən  bu cür görməmişlik edirlər. Heyvanın başına min oyun açaraq sabah başına yüz oyun aça biləcəyi gəlininə (təbii ki, bu sözü hamıya şamil etmirəm) saxta  "sevgi" nümayiş etdirməkdənsə Allahın dediyi təbii  təqva duyğusuna bürünsələr daha yaxşıdı. Təqvanın nə olduğunu bilməyənlər üçün deyim ki, bu söz ərəbcədi, mənası "uzaq durmaq, çəkinmək" deməkdi.

Ey insanlar, ey müsəlmanlar, erkək qoyuna gəlin paltarı geyindirməkdən çəkinin, görməmiş olmayın...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31