Millətin tərəqqi və süqutunda əxlaqın yeri

Əxlaqsız din, dinsiz əxlaq olmur

Əxlaqsız din, dinsiz əxlaq olmur

Hər bir millətin ictimai həyatı üçün lazım olan məsələlərdən biri də əxlaqdır. Əxlaq kəlməsi "xülq" sözünün cəmi və "xülq"də insanın daxili şəkli mənasındadır. Bunun müqabilində olan "xülq" sözü isə əşyanın zahiri mənasında işlədilmişdir. İnsanda olan daxili keyfiyyətlər əxlaqdır. İnsanlarda diqqət olunan hər bir əməl və rəftar da əxlaq və əxlaqi rəftar adlanır. Əxlaq, bəşərin ömrü ilə bərabər və onunla yaradılmışdır. Əxlaqın dəyər və əhəmiyyəti barədə yalnız bunu demək kifayətdir ki, istər inkişaf etmiş olsun, istərsə geridə qalmış hər bir millət dəyərlərə böyük hörmətlə yanaşır. İnsan yaşadığı həyatda bir sıra qanun-qaydalara tabe olub onlara riayət etməyi özü üçün lazım hesab edir. Məşhur ingilis alimi Samuil Smaylz deyir: "Əxlaq dünyanı hərəkət gətirən ən böyük qüvvədir. Əxlaq, insaniyyətin həqiqi tərifi olduğu üçün ən gözəl surətdə özünü büruzə verdikdə insanın təbiətini ən yüksək formada təcəssüm etdirir". İnsan cəmiyyətdə özünə hörmət qazanmaq üçün gərək icmada gözəl xüsusiyyətə və gözəl əxlaqi rəftara malik olsun. Onda həmin şəxs cəmiyyətdə və ictimada hörmət sahibi olar. İnsan həyatın bütün sahələrində uğur və müvəffəqiyyətə nail olmaq üçün gərək öz iradə qüvvəsini gücləndirsin, əxlaqın dəyər və əhəmiyyətinə nail olsun. Bunun üçün də insan heç nədə ifrata varmamalı və sərt davranışını gözəl ürəyəyatan əxlaqi dəyərlərlə əvəz etməlidir. Bu bir həqiqətdir ki, yüksək əxlaqi xüsusiyyətlərə malik olan insan gözəl davranışının tez bir vaxtda müsbət nəticəsini görəcək. Ancaq onun həqiqi müsbət nəticələrini Allahın müqabilində təslim və Onun əmrlərinə tabe olduqda görür. Hal-hazırda indiki zamanda insanların bir çoxu əxlaqi dəyərləri nəfsani istəklərə qurban verərək daim aldadıcı naz-nemətlər fikrində olurlar. Belə şəxslər nəfsani istəklərə tabe olduqları üçün əxlaqın keyfiyyətini və dəyərini unudurlar. Bunun üçün gərək insan nəfsani istəklərə tabe olmasın.

Həzrət Əli (ə)-da nəslin təlim və tərbiyəsində qətiyyətli olmağı xoşbəxtliyin açarı hesab edərək buyurur: "Fərz edək ki, əgər bizim behiştə getmək ümidimiz və cəhənnəm əzabından qorxumuz olmasaydı belə, yenə də əxlaqı saflaşdırma yolunu tutub, nəfsimizi çirkinliklərdən paklaşdırmağın yeri vardır. Çünki səadəti yalnız və yalnız bu yolla əldə etmək olar". Psixoloqlardan biri isə deyir: "İnsanın hissiyyatları iki hissədən ibarətdir. Onun bir hissəsində təzyiqedici qüvvə, digər hissəsində isə müqavimət duyğuları özünə yer etmişdir. Müqavimət duyqularına güc gələ bilən hər bir qüvvə dərhal vücudumuza öz təsirini qoyur və bizi özünə tabe edir".

Əgər dinlə əxlaq elminin rabitəsinə diqqət etsək görərik ki, bu rabitə ümum ilə xüsusun rabitəsidir. Yəni din ibarətdir: əqaid, əxlaq, əməli əhkamlar. Ancaq insanda olan dinlə əxlaqın rabitəsini gözdən keçirtsək görərik ki, dinlə əxlaqın rabitəsi mükəmməl bir rabitədir. Din gəlib ki, əxlaqı təkmilləşdirsin. Həzrət Peyğəmbər (s) buyurur: "Mən əxlaqın yaxşılıqlarını təkmilləşdirmək üçün məbus olmuşam". Ona görə də hər iki halda din və dindarlıq əxlaqsız olmaz. Əxlaq da din olmadan naqis qalar. İslam əxlaqının tövhid kimi kökləri vardır. Din həqiqətdə əxlaq sütununun üzərində qurulmuşdur. Allaha etiqad bəsləmək bütün əxlaq fəaliyyətlərinin mehvəridir. İnsanda Allaha yaxınlaşmaq stimulu yardır. Şəhid Mütəhhəri buyurur: "Allahı tanımaq - əxlaqın sütunudur. Insaniyyət əxlaq olmadan məna kəsb etməz. Həm də mənəvi məsələ əxlaq olmadan məna qazanmaz. O zaman ki, bəşər ruhunda sütun olmaz, insanlıq nə üçün olar? (Bu əxlaqın) sütunu yoxdur". Belə bir sual yaranır ki, əgər iman olmadan əxlaqlı olmaq mümkün deyilsə, bəs niyə Avropa ölkələrinin bir çoxunda yalandan, töhmətdən, oğurluqdan çəkinirlər?

Şəhid Mütəhərri bu haqda buyurur: "Bu sözləri çox eşitmişəm. İnsanın üç növ mənliyi vardır.

Şəxsi mənliyi. Bəzi vaxtlar insan ancaq özünü görür və ətrafında elə bir dairə çəkib ki, özündən başqasını görməsin. Özündən başqa hamısı bu dairədən xaricdə qalırlar. Bu, özünə pərəstişin zəif formasıdır. 2. Ailə mənliyi. Bəzi vaxtlar insan ancaq öz ailəsini görür. Onunla çox gözəl və mehriban rəftar edir. Ancaq evdən bayırda bütün rəzil sifətlərini nümayiş etdirir. 3. Milli mənlik. Bəzən görürük ki, insan öz millətindən başqasını görmür və bu ailə mənliyinə bənzəyir. Yəni ailə üzvlərinə qarşı düz danışar və mehribandır, öz millətinə qarşı mehribandır, ancaq başqa millətlərə qarşı belə deyildir. Avropa ölkələri də bu cürdür. Öz millətinin etdiklərini dəyərli hesab edir, ancaq başqa millətləri saymamazlığa vurur". Nəticədə demək olar ki, din və əxlaq bir-birindən ayrılmaz bir varlıqdır. Dinsiz əxlaqın mənası olmadığı kimi, əxlaqsız dinin də dəyəri olmaz. Hər ikisi bir-biri ilə rabitədə həqiqi din və dindarı yaradarlar.

İmam Sadiq (ə) buyurur: "Əgər sənin ömründən iki gün qalsa, bir günü əxlaq və ədəbin üçün qərar ver ki, ondan ölüm günündə yardım alasan". İmam Musa Kazım (ə) buyurur: "Ən lazımlı elm - qəlbin xeyrinə və ziyanına olana agahlığın olmasıdır". Bir millətin tərəqqi və ya süqut etməsi onun əxlaqi dəyərləri ilə sıx bağlıdır. Çünki kamal yoluna əxlaqi dəyərlər olmadan qədəm basmaq olmaz. Əxlaq çırağı olmadan bir millət rifaha çıxa bilməz. Kamala çata bilməz. Əgər bir millət qələbə çalıb və kamal qalasını fəth edibsə, bütün bu nailiyyətlərinə görə əxlaqi dəyərlərə borcludur. Düz danışaraq, fədakarlıq göstərərək, qarşı tərəfə hörmət edərək, cihad və sədəqə ilə həm ictimai nəzmi və həm də siyasi nəzmi qoruya bilmişdir.

İmam Əli (ə) buyurur: "Ey Allah bəndələri! Agah olun ki, əməli salehlər tez keçən bu dünyadan sağlam çıxdılar və cavidan axirətə çatdılar. Dünya insanları ilə dünyalarında şərik olarlar. Ancaq dünya insanları onları axirətdə şərik etməzlər. Əməli salehlər ən yaxşı dünya evlərində sakin olarlar. Ən yaxşı dünya yeməklərini yedilər. Dünya əhlinin hiss etdiyi ləzzətləri hiss edərlər. Dünyadan bəhrələnərlər. Necə ki, təkəbbür əhli dünyadan bəhrələnmişdilər. Sonra da bu dünyadan çox sayda aquzə yığaraq axirətə tələsərlər. Əməli salehlər dünya haramlarını tərk etmişdilər. Qiyamət günü isə Allahın qonşusu olarlar. Elə yerdə olarlar ki, hər nə istəsələr onlara verilər".

Nə zaman bir millət yolunu azar və düz yoldan aralanar, bir çox əxlaq xəstəlikləri büruzə çıxar. Cəmiyyətdə əxlaqın əksinə olan dəyərlər hakim olar. İmam Əli (ə) buyurur: "İsmayil (ə) peyğəmbərin, İshaq (ə) peyğəmbərin, Yəqub (ə) peyğəmbərin övladlarının həyatından ibrət alın. Həqiqətən millətlərin halı necə də eynidir. Sifət və rəftarlarında bir-biri ilə eynidirlər. O günlərdə ki, bir-birindən ayrı halda idilər, onun haqqında düşünün. O zamanı ki, Kəsra və Qeysər padşahları hökumət edirdilər. Onları abad diyardan, Dəclə və Fərat sahilindən uzaqlaşdırdılar. Az bitkili, susuz, ələfsiz və küləklərin əsdiyi səhraya sürgün etdilər. Orada yaşamaq çətin idi. Onları münasib olmayan yerlərdə, yoxsullarla, dəvələrlə bir yerdə sakin etdilər. Evləri ən alçaq evlər, yaşadıqları yer ən quru diyar idi.

Nə Haqqın dəvəti var idi ki, ona üz çevirsinlər, nə də ülfət var idi ki, onun izzətində yaşaya bilsinlər. Qüdrətləri dağılmış və cəmiyyətləri ayrı düşmüş idi. Çətin bəlaya və cəhalətə düçar olmuşdular. Qızları diri-diri torpağa basdırır və bütlərə pərəstiş edirdilər. Qohumları ilə əlaqələrini kəsmişdilər". Ona görə də kamala çatmaq istəyən hər bir cəmiyyət əxlaqi dəyərlərə diqqət etməlidir. Əxlaqa zidd olan dəyərlərin yayılmasından nigaran olmalıdır. Onları aradan aparmaq üçün səy göstərməlidir. İmam Əli (ə) buyurur: "Hidayət edən rəhbərlə yolunu azmış rəhbər bərabər olmaz. Necə ki, Peyğəmbərin (s) dostları ilə düşmənləri bərabər deyildi. Peyğəmbər (s) mənə buyurdu: "İslam ümmətinin nə möminindən, nə də müşrikindən qorxmuram. Çünki mömini imanı saxlayar, müşriki isə Allah şirkinə görə məhv edər. Mən sizlərə görə münafiqdən qorxuram ki, daxilində iki siması vardır, alim kimi danışır. Sözləri ürəyə yatan, rəftarı isə çirkin və eybəcərdir".

Cəmiyətdə əxlaqi dəyərləri hakim edək ki, kamal pilləsinə qalxa bilək. Daxili hisslərinə nəzarət edib istəklərini ağıl və məntiqlə ayaqlaşdırmağa nail olan şəxslər, qəlblə ağıl arasında sülh bərqərar etmiş olurlar. Buna nail olan insanlar təbii ki, xoşbəxtlik və səadət yolunu bir çox çətinliklər arasından süstlük göstərmədən azad iradə ilə qət tmişlər. Bəşər elm və texnikada ağlasızmaz nailiyyətlər əldə edib öz qüdrətini dənizin dərinliklərində də nümayiş etdirsə də amma müasir sivilizasiya çətinliklər müqabilində hələ də acizdir. Bu çətinliklər bəşəriyyəti hərc-mərcliyə, tamahkarlığa və nizamsızlığa sövq etmişdir. Bütün bunların ən başlıca səbəbi isə ruhi düşkünlük və əxlaqi dəyərlərdən uzaq olmaqdır. Jul Roman deyir: "Hal-hazırkı dövrdə elm çox inkişaf etmişdir, lakin daxili istəklərimiz hələ də özünün ibtidai mərhələsində dayanmışdır. Əgər onlar da elm və şüurumuzla çiyin-çiyinə irəliləsəydi, deyə bilərdik ki, fikir və iradədən meydana gələn mədəniyyət də inkişaf etmiş və tərəqqiyə nail olmuşdur.

Bu psixoloqun dediklərindən belə nəticə əldə edirik ki, əxlaqi dəyərlərə üstünlük verməyən mədəniyyət onun görüşlərinə birdəfəlik son qoymuş və nəticədə öz əli ilə özünə quyu qazmış olur. Cəmiyyətdə nöqsan və bədbəxtçiliklərin mövcud olması onun əxlaqi dəyərlərə ehtiyac duyduğundan xəbər verir. Əxlaq isə yorğun və heç bir taqəti olmayan mədəniyyətə yeni bir həyat bəxş edir. Şübhəsiz ki, bütün insanlar xoşbəxtliyi və əmin-amanlığı sevir və daim ona çatmaq arzusu ilə yaşayırlar. Bu böyük səadətə nail olmağın yolu nəfsin saflaşdırılması və tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri .gzündən uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə cəm etməlidir. Allahın göndərdiyi peyğəmbər və övliyalar da bu yolla getmiş, haqsevərləri bu yola dəvət etmişlər. Quran həmin mövzuya açıq işarə edərək təkidlə buyurur: "And olsun Günəşə və onun işığına (Günəşin qalxdığı vaxta) nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır". ("Şəms" surəsi, ayələr 8-9). Bu ayədən məlum olur ki, insan nə qədər ki, nəfsi istəklərə özünü qurban verərsə bir o qədər ziyana uğrayar. Buna görə də insanlar nəfsi istəklərə tabe olmasalar xoşbəxtlik və səadət yolu onların üzlərinə açıq olar.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31