“Xəzər” avtomobilləri beynəlxalq avtomobil sərgisində

Avqustun 31-dən sentyabrın 9-dək Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə keçiriləcək beynəlxalq sərgidə "Xəzər" avtomobilləri də nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, sərgidə Neftçala Sənaye Məhəlləsinin ən iri müəssisəsi olan "Khazar" Avtomobil Zavodunda istehsal edilmiş "Xəzər LD" və "Xəzər SD" avtomobilləri də təqdim ediləcək. Avtomobil sənayesinin ən son yeniliklərinin nümayiş olunacağı Moskva Beynəlxalq Avtomobil Salonu Sərgisində tanınmış avtomobil istehsalçıları olan "Audi", "BMW," "Cadillac", "Ford", "Honda", "Hyundai", "Infiniti", "Isuzu", "Jaguar", "KIA", "Land Rover", "Lexus", "Mazda", "Mercedes-Benz" və s. öz avtomobillərini nümayiş etdirəcək.

Qeyd edək ki, 2018-ci ilin martında istifadəyə verilmiş "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir və zavodun illik istehsal gücü 10 min avtomobildir. Zavodda müasir texnologiya, avadanlıq və mexanizmlər əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. "Xəzər" avtomobilləri AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və "Made in Azerbaijan" brendi altında satışa çıxarılır. Bu avtomobillərin xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31