Dini maarifləndirmə ilə bağlı tədbirlər
30 Avqust 2018 13:25 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində "Ənənəvi İslam dəyərlərinin təbliği və radikal dini cərəyanlarla mübarizə" mövzusunda konfrans keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dilarə Əliyeva konfransı açaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı Bilik Fondu və Dövlət Komitəsinin gerçəkləşdirdiyi maarifləndirici layihələri xatırladıb, xüsusən müxtəlif mövzularda mühazirələrin mütəmadi təşkil olunduğuna diqqət çəkib, belə tədbirlərin sistemli şəkildə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Konfransda "Radikal dini cərəyanlarla mübarizə hüquqi müstəvidə" mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli-mənəvi dəyərlərin hər bir xalqın milli kimliyinin müəyyən edilməsində əsas meyarlardan biri olduğunu qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Cahandar Əlifzadənin çıxışı "Dini radikalizm və islami dəyərlər" mövzusunda olub.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, Ağsaqqallar Şurasının üzvü Hacıağa Heydərov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkklinin (Ombudsmanın) regional mərkəzinin şöbə müdiri Ziya İsmayılov və digərləri maraqlı təkliflərlə çıxış edərək, yerli əhalini aktual mövzuda maarifləndirən təşkilatçı qurumlara təşəkkürlərini bildiriblər.