Qəfil ölən vəsiyyətsizlər...
30 Avqust 2018 11:41 SosialBu zaman vərəsəlik hüququ necə tənzimlənir?
Ağıllı cəmiyyətlərdə insanlar miras deyəndə, sağlam genləri daşımaqla öyünürlər. Əlbəttə məsələnin maddi tərəfi ilə yanaşı mənəvi tərəfi də vacibdir. Axı vərəsə axtarışında, maddiyat bölündükdə ətrafın mənəviyyatı da sınağa çəkilir. Və əbəs yerə deyil ki, qanunlardan qabaq əsrlərdir bu bölgü adət -ənənəyə uyğun aparılıb. Necə ki, keçən əsrin 30-cu illərinə qədər Azərbaycanda miras bölgüsü elə adət-ənənə (eləcə də, şəriət) çərçivəsində həllini tapıb. Bu gün dəyərlər dəyişdiyindən problemə yanaşma da başqa cürdür. Bəzən ailə içində malın bölünməsi, vərəsənin seçilməsi barədə danışmağı əskiklik bilirlər. Heç vəsiyyət edənə imkan da vermirlər ki, sağlığında mal bölgüsü aparsın. Bu da sonralar çox halda narazılığa gətirib çıxarır. Son zamanlar vərəsəlik, mirasın bölünməsi səbəbindən ailə-məişət didişmələrinin artması bu fikri təsdiqləyir.Vərəsəlik mülki hüququn ən mürəkkəb institutlarından biri olaraq bütün dövrlərdə olduğu kimi, indi də böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, ölkə vətəndaşları müxtəlif dövlət aktları və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Vəfat etmiş şəxsdən miras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.
Vərəsəlik ya qanun, ya da vəsiyyət üzrə olmalıdır
Məlumat üçün qeyd edək ki, vərəsəlik vəsiyyətlə dəyişdirilmədikdə qanun üzrə həyata keçirilir. Vəsiyyət miras qoyanın ona məxsus olan əmlak üzərində sərəncam verməsinin bir növü kimi qəbul edilib. Lakin bu sərəncamvermənin özünəməxsus xüsusiyyətləri də var. Həmin xüsusiyyətlər ondan ibarətdir ki, vəsiyyətnamədə miras qoyan şəxs ona məxsus olan əmlakın özünün iştirakı olmadan bölüşdürülməsini, başqa sözlə desək, öz ölümündən sonrakı dövr üçün həmin əmlakın müqəddəratını həll etmiş olur. Göründüyü kimi, əmlakın idarə olunması və ya bölüşdürülməsi miras qoyanın iradəsinə müvafiq olaraq həyata keçirilir. Lakin belə hal yalnız vəsiyyət üzrə vərəsəlik zamanı mümkündür. Vərəsəlik ya qanun üzrə, ya da vəsiyyət üzrə ola bilər. Eyni zamanda, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil. Məhz buna görə də bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır. Vəsiyyət üzrə vərəsəlikdə isə miras qoyan öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə mümkündür.
Kimlər varis ola bilər?
Qanunların hökmran olduğu bir zamanda yaşadığımızdan bu məsələnin tənzimlənməsi də qanunvericiliyin üzərinə düşür. Amma təəssüf ki, bəzi hallarda, xüsusilə regionlarda insanların bu sahədə savadsız və məlumatsız olması onları qanuni miras payından məhrum edir. Buna görə də öncə Azərbaycan qanunvericiliyinə görə kimlərin vərəsə hüququna sahib ola bilməsinə aydınlıq gətirmək zəruridir. Xatırladaq ki, qanun üzrə vərəsələr 5 növbəlidir: Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Bu zaman qız və ya oğlan övladı arasında fərq qoyulmur. Belə bir fərq ola da bilməz. Çünki Konstitusiyanın 25-ci maddəsinə görə hamı qanun qarşısında bərabərdir. İkinci növbədə ər-arvad, valdeynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər. Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir. Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin, onlar bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, yəni onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar.
Şəhadətnamə olmadan vərəsəlik hüququ necə ələb olunmalıdır?
Əgər vətəndaş vəfat edibsə, mənzil və şəxsi mülkiyyət hüququ həmin şəxsin adına özəlləşibsə, ilk növbədə həmin mənzil orada yaşayanların şəxsi mülkiyyətinə keçə bilər. Mövcud qanunvericiliyə görə, mülki işlərə hər hansı bir iddianı, faktı sübut etmək ücün şikayət vermiş iddiaçi tərəfindən sübutedici sənədlər təqdim olunmalıdır. Bunu həyata keçirməyin isə bir neçə yolu var. Birinci yol ondan ibarətdir ki, vəfat edən şəxsə vərəsəlik haqqında şəhadətnamə açılmalı və 6 ay müddətində həmin mənzilin yerləşdiyi rayon ərazisində notarial orqana ərizə verilməlidir ki, bu ərizə əsasında da 6 ay müddətində notariusda vərəsəlik haqqında, bir də əmlak haqqında iş açılsın. Bu 6 ay müddəti tamam olan vaxt əgər digər vərəsələr müraciət etməzsə, bu halda həmin əmlak (yəni mənzil) həmin vərəsələrin adına birgə mülkiyyət kimi keçir. Əgər vərəsə 1 nəfərdirsə, bu halda da 1 nəfərin adına vərəsəlik haqqında şəhadətnamə verilir. Ancaq vəfat etmiş şəxsin mülkiyyəti uzun müddət onun adında qalarsa, həmin vaxt vərəsələr qanunla nəzərdə tutulan qaydada notariusa müraciət etməyibsə, bu halda bu işə məhkəmə qaydası ilə baxılmalıdır. Qanunla Mülki Məcəllənin nəzərdə tutulan qaydası belədir ki, 6 ay müddətinə notariusa müraciət etməli və vərəsəlik haqqında şəhadətnamə açılmalıdır. Artıq bu müddət keçdiyinə görə, istənilən halda bu cür mübahisəli məsələyə məhkəmədə baxılmalıdır. Belə ki, həmin mənzilə iddia edən vəfat etmiş şəxsin övladı, yaxud övladları hüquqi faktın müəyyənləşdirilməsi barədə məhkəməyə müraciət etməlidir. Şubhəsiz, o (və ya onlar), sübut etməlidir ki, bu mənzili almaq hüququna malikdir. Bu məsələnin başqa formada həlli mümkün deyil. Qeyd edək ki, iddia qaldıran şəxs bu sənədləri müvafiq orqanlardan və vətəndaşlardan əldə etməyə çətinlik çəkərsə, o halda bu sənədlər məhkəmə qaydası ilə alına bilər. Son dövrlərdə ciddi məhkəmə çəkişmələrinə səbəb olan daşınmaz əmlakın bölünməsi də qanunda yer alıb. Belə ki, valideyn vəfat etdikdən sonra ailədəki övladlardan biri kənarda yaşamağına baxmayaraq, həmin mülkdən ona da miras payı düşür. Bunun üçün notariat kontorlarından vərəsəlik şəhadətnaməsi alınır ki, burada bütün övladların adı olur: Şəhadətnamədə bütün övladlar yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı göstərmirsə, bu, qanunsuzluqdur. Digər övlad da sonradan məhkəmə mübahisəsi aça bilər.
Nurlan