Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib
16 Avqust 2018 13:25 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Xaçmaz rayonunda "Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili" mövzusunda növbəti tədbirini keçirib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, Xaçmaz rayon 2 saylı məktəbəqədər təhsil müəssisəsində uşaqlar, tərbiyəçi müəllimələr, valideynlərin iştirakı ilı keçirilən tədbirdə Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlardan, uşaqlara göstərilən qayğı və diqqətdən, həmçinin problemlərdən söhbət açılıb.
Layihənin rəhbəri Cavid Şahverdiyev bildirib ki, son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. BMT-nin Baş Məclisi 1989-cu il noyabrın 20-də "Uşaq hüquqları haqqında Konvensiya" qəbul edib. Dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan bu konvensiyaya qoşulub. Burada uşaqların bir çox hüquqları müəyyən edilib.
O da vurğulanıb ki, tərbiyə prosesinin təşkili zamanı sosial mühitdən və maddi vəziyyətindən asılı olmayaraq uşaq və gənclər üçün bərabər imkanların yaradılması, onların ictimailəşdirilməsi şəraiti, demoqrafik qrup kimi qəbul edilməsi daim ön planda olmalı, həyatın çətin anlarında uşaqlara dövlət və cəmiyyət tərəfindən qayğıkeş münasibət göstərilməlidir.