Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır
16 Avqust 2018 12:52 SosialXarici mühit obyektlərində patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. "OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısı alınır. Ona görə də epizootiya əleyhinə tədbirlərdə, ən əsas işlərdən biri də profilaktik dezinfeksiyanın aparılmasıdır. Bu məqsədlə Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin təmizliyinə fikir verilib. Mexaniki təmizlikdən sonra dezinfeksiyanın asan və yaxşı getməsi üçün hər kvadrat metr sahəyə 0,5 litr 1 faizli kaustik soda məhlulu ilə çiləmə aparılıb.
Profilaktik dezinfeksiya məqsədilə almerdehyde, ektosan və 5 faizli kaustik soda məhlullarından istifadə edilib. Dezinfeksiya məhlulları obyektlər üzərinə güclü axın halında və ya xırda damlalar şəklində səpilib.
Dezinfeksiyadan sonra təsərrüfatin qapı və pəncərələri açılaraq bina daxilində ikitərəfli hava cərəyanı yaradılaraq qaz halında olan zəhərli birləşmələr təmizlənib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib. Tədbirlərin bundan sonra da ardıcıl şəkildə aparılması nəzərdə tutulub.