Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub
15 Avqust 2018 16:30 Sosialİyul ayında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 122 min 485 müraciət qeydə alınıb.
"OLAYLAR"-a Xidmətdən daxil olan məlumata görə, DMX iyulda ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 2128 qərar qəbul edib.
Qərarlardan 1417-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 1218-i ölkəni tərk etmə, 199-u ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 653 qərardan 405-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 248-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.
41 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 13-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı isə 4 qərar qəbul edilib.