Ən çox nöqsan hansı qurumda aşkar edilib?
Çatışmazlıqlar hansı sahələri əhatə edir?
15 Avqust 2018 13:18 SosialÇatışmazlıqlar hansı sahələri əhatə edir?
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Maliyyə Nazirliyindən bildirilib ki, aşkar edilən nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib. Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 5 təşkilat üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Baytarlıq İdarəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu) 1443,1 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilib. Aşkar edilən əsassız ödənişlərin 12 təşkilat (Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Sabirabad Rayon İcra Hakimiyyətinin Sabirabad Rayon Yaşıllaşdırma Sahəsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı, Şəmkir Rayon İcra Hakimiyyətinin Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xızı Rayon İcra Hakimiyyətinin Xızı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası, Göyçay Mərkəzi Rayon Xəstəxanası, Qobustan Mərkəzi Rayon Xəstəxanası və Masallı Mərkəzi Rayon Xəstəxanası) üzrə 276,9 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə sənədlər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən cari ilin birinci yarısında aparılan nəzarət tədbirləri ilə nəzarət obyektlərinin fəaliyyətlərində aşağıdakı xarakterik nöqsanlar aşkar edilib. Yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, rayon (şəhər) ərazisindəki inzibati binaların (xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının və digər sosial obyektlərin), habelə yolların təmiri və tikintisi üçün ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında əsassız olaraq artıq qrupların yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub. Aparılan yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır. Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində isə aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib, eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib, kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələri yüksək müəyyənləşdirilib və müxtəlif vəzifələr üzrə artıq ştat vahidləri saxlanılıb, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin alınmasına vəsait xərclənib, işçiyə verilməsi sənədləşdirilmiş xeyli məbləğdə ezamiyyə haqqı faktiki olaraq işçiyə verilməyib, yeni alınmış və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlıqlar əsassız olaraq uçotdan silinib, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsi həvalə edilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Protez-Ortopedik Bərpa Mərkəzində və məşğulluq idarələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Bərpa Mərkəzində əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün protez-ortopediya məmulatlarının, kreslo-velo arabalarının və eşitmə aparatlarının satın alınması və istehsalı üzrə sifarişçi olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə Bərpa Mərkəzi arasında bağlanmış müqavilələrdə yalnız məbləğ göstərilib, yəni alınması nəzərdə tutulan məmulatların vahidinin qiyməti, onların çeşidləri, texniki xüsusiyyətləri və miqdarları göstərilməyib, Bərpa Mərkəzi tərəfindən satıcı təşkilatlarla müqavilələr bağlanarkən alınacaq məmulatların vahidinin mövcud bazar qiymətləri öyrənilməyib və nəticədə həmin məmulatlar yüksək qiymətə alınıb, bəzi hallarda tibbi sosial ekspertiza kommisiyalarının qərarlarında əlillərin eşitmə aparatlarına ehtiyaclarının olmadığının göstərilməsinə baxmayaraq onlara eşitmə aparatları verilib, əlil arabasına, eşitmə aparatına və digər protez və ortopedik ayaqqabılara ehtiyacı olan əlillərin uçotu aparılmayıb və bu məmulatların paylanması üzrə növbəlilik təmin edilməyib. Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində olan rayon (şəhər) məşğulluq mərkəzlərində maddi-məsul şəxslərin hesabından müvafiq təsdiqedici sənədlər olmadan material qiymətlilərinin əsassız olaraq silindiyi, ezamiyyət günlərinin əsassız olaraq artırılması hesabına büdcə vəsaitinin artıq xərcləndiyi, satın alınması barədə tərtib edilmiş müvafiq sənədlərdə göstərilən material qiymətlilərinin faktiki olaraq alınmadığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə çatışmazlığa yol verildyi, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsinin həvalə edildiyi, işçilərin aylıq əməkhaqları üzrə ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq vəsait xərcləndiyi aşkar edilib.
Zəka