Liftdə qalan şəxsə necə kömək göstərmək olar?
14 Avqust 2018 12:39 SosialUzun illərdir ki, paytaxt Bakıda lift problemi yaşanmaqdadır. Xüsusən sovetlər dönəmində inşa olunan bir sıra çoxmərtəbəli binalarda liftlərin işləməməsi hələ də problem olaraq qalır. 30 ildən artıq müddətdə quraşdırılan liftlər artıq istismar müddətini başa vurub. Rəsmi məlumata görə, hazırda istifadə olunan bu tipli liftlərin 80 faizinin yenilənməsinə ehtiyac var. Məsələnin uzadılmasının səbəbi kimi isə maliyyə problemi göstərilir. Belə ki, hələlik yaxın zamanlarda istifadəyə yarasız liftlərin dəyişdirilməsi gözlənilmir. Məlumata görə, prosesə yalnız maliyyə vəsaiti ayrıldıqdan sonra başlanılması nəzərdə tutulur. Odur ki, çoxmərtəbəli binalarda yaşayan insanlar hər gün eyni problemlə üzləşməli olur. Demək olar ki, hər gün, müxtəlif yaş qrupuna aid vətəndaşların liftdə qalması xəbəri yayılır. Danılmaz həqiqətdir ki, sözügedən binalarda lift məsələsi az qala ənənə halını alan bir məsələyə çevrilib. Hətta elə binalar var ki, burada liftin axırıncı dəfə nə vaxt işləməsini belə unudublar. Əldə etdiyimiz məlumata görə, adətən, belə bina sakinləri özləri pul yığıb lifti düzəltdirirlər. Lakin belə təmirlərin ömrü uzun olmur. Liftlərin istismar müddəti bitdiyindən onların ya əsaslı təmir olunması, ya da dəyişdirilməsi tələb olunur ki, buna da böyük miqdarda vəsait lazımdır. Problem özünü əsasən, sovetlər dönəmində inşa edilən korporativ mənzillərdə göstərir. Rəsmi dövlət qurumlarının məlumatına görə, hələlik dövlət balansında olan binaların liftləri dəyişdirilir. Sovet dönəmində kooperativlər tərəfindən inşa edilmiş binalarda liftlərin təzələnməsi isə maliyyə vəsaiti ayrıdıqdan sonra həyata keçiriləcək. İstismar müddətini başa vurmuş liftlərin hansısa fəsadlar törədəcəyindən heç kim sığortalanmayıb. Onu da qeyd edək ki, respublikada tikinti bumu yaşanır və çoxmərtəbəli binaların sayı artmaqda davam edir. Məlumdur ki, yeni inşa edilən binaların sırasında müvafiq dövlət komissiyası tərəfindən istismara qəbul olunan və qəbul olunmayan bnalar mövciuddur. Məsələ orasındadır ki, həmin bunaların böyük əksəriyyətində lift problemi yaşanmaqdadır. Sakinlər isə hər ay lift pulu ödəmək məcburiyyətindədir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə bir liftin istismar müddəti normaya görə 25 il təyin edilib.
Digər maraqlı məsələlərdən biri xarab olan liftlərin bərpası və insanların xilas olunması ilə bağlıdır. Bu missiyanı kim və hansı səviyyədə həyata keçirməkdədir? Bakı Lift İdarəsindən bildiriblər ki, əksər hallarda lift xarab olanda, bina sakinləri özləri müdaxilə edirlər, ya da kənardan usta çağırırlar. Bu isə sonradan həmin liftlərin bərpasını mümkünsüz edir. Əksər hallarda isə sakinlərin liftdən çıxarılmasını Fövqəladə Hallar Nazirliyi təmin edir. Araşdırmalara görə isə hal-hazırda Bakı şəhəri üzrə 25 ildən artıq istismarda olan liftlər mövcuddur. "Bakı Lift-Təmir" İstehsalat Birliyi bəyan edir ki, 25 ildən artıq istismarda olan liftlər hər il yoxlanılır. Burada o da bildirilir ki, aparılan testlərdən sonra onların insan həyatına təhlükəsi yoxdursa, o, yenidən istismara verilə bilər. Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu var ki, onlar istismara yararsız liftlərin istismarını qadağan edir. Ümumiyyətlə, Bakı şəhərində mövcud olan 5000-dən artıq liftin hamısı Fövqəladə Hallar Nazirliyinin müfəttişləri tərəfindən yoxlanılır və müsbət rəy olduqda növbəti 1 ilüçün istismara icazə verilir. FHN-dən verilən məlumata görə, liftdə təhlükəsizlik qaydalarına hər kəs riayət etməlidir. Çünki liftdə problemlər ən müxtəlif səbələrdən yarana bilər. Bu səbələr elektrik təchizatı sistemində nasazlıq; liftin istismar müddətinin bitməsi; liftdə yersiz və sərt hərəkətlər; liftın qapılarının ətrafında toz və bu kimi maneələrin yığılmasından ibarətdir. Odur ki, liftdən istifadə zamanı onun normadan artıq yuklənməsi; uşaqların liftdən böyüklərsiz istifadə etmələri; liftin qapılarının arasında dayanmaq; liftin qapılarına və üzərindən cərəyan keçdiyindən tavanına toxunmaq; lifti silkələmək; liftin düymələrini qurdalamaq və zədələmək; liftdə siqaret çəkmək və alışqandan istifadə etmək; içərisində işıqları yanmayan liftə daxil olmaq; zəlzələ və yanğın zamanı liftdən istifadə etmək qəti qadağandır. Liftdə köməksiz vəziyyətdə qalan şəxslər isə aşağıdakı qaydalara riayət etməlidirlər: qorxmamaq və təşvişə düşməmək; liftin zəng siqnalını fasilələrlə basaraq kömək çağırmaq; qapını zədələmədən döyərək kömək çağırmaq; yanınızda mobil telefon varsa, lift bələdçisinə və ya lift təsərrüfatına cavabdeh qurumlara məlumat vermək; əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda "112" qaynar xəttinə məlumat vermək; köməyə çağırdığınız insanlardan əlaqədar qurumlara məlumat vermələrini xahiş etmək.
Bəs liftdə qalan şəxsə isə aşağıdakı üullarla kömək etmək lazımdır: liftdə qalanı sakitləşdirmək və həmin şəxsi müvafiq köməklik göstəriləcəyinə inandırmaq; lift təsərrüfatına cavabdeh olan şəxləri məlumatlandırmaq; əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda "112" qaynar xəttinə məlumat vermək. Bundan başqa, xilasetmə işləri zamanı binanın damına çıxış qapısının açarı təcili olaraq lift mütəxəssisinə və ya xilasedicilərə təqdim olunmalıdır; kömək məqsədilə kənar şəxslərin liftin qapılarına və digər hissələrinə müdaxiləsi yolverilməzdir; lift mexanizmləri yalnız lift mütəxəssisləri tərəfindən təmir oluna bilər; lift nasazlıq səbəbindən nadir hallarda sürətlə aşağıya doğru hərəkət edərsə, bu halda liftdə olan şəxs üzü üstə döşəməyə uzanaraq və ya çömələrək əllərini liftin sağ və sol divarlarına sıxmalıdır.
Nurlan