Ələkbər Talıbov - Azadlıq uğrunda mübarizə aparan şəxs
Avqustun 7-də “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı Ələkbər Talıbovun 65 illiyi qeyd olunur.
7 Avqust 2018 12:33 SosialAvqustun 7-də "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı Ələkbər Talıbovun 65 illiyi qeyd olunur.
Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb. Ümumiyyətlə ailə mənsubları əsla Kommunist Partiyası sıralarına qoşulmayıb. Ələkbər Talıbov demokratik ruhda böyüyərək bu Azərbaycanın bütövlüyü uğrunda çalışıb. 1990-cı ildə 20 yanvar hadisələri zamanı təcavüzkar sovet ordusunun hərbçiləri tərəfindən yaralanıb.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyəti illərini belə xatırlayır:
"Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 yanvar hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük ki, təki bizimlə görüşsünlər əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya ki əhali təxribat törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin Alfa Xüsusi təyinatlıları Neftçalaya gəlib kəşfiyyat aparır. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada 2 nəfər şəhid oldu.. Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi blokada da iştirak etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq. Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə yüksəltmişdik... dəfələrlə sərhədçilər tərəfindən təqiblərə məruz qalmışam. O vaxt iki SSRİ DTK-çısı tərəfindən təqib edilmişəm... Lakin haqq yolunda, xalq yolunda namərdlik ola bilməz deyib əqidəmdən dönməmişəm və dönmərəm... Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni öldü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər. Xəzər dənizi üzərindən keçərkən dənizə atmaq fikrinə düşsələr də sonradan bu fikirlərindən də əl çəkmişdilər. Həmin vaxtı bizi - fəalları qalaq kimi üst-üstə vertolyota yükləmişdilər. Bizi dənizə atmayıb Binə Hava limanına gətirdilər. Yenidən bizi sırayla düzüb güllələmək istədilər. Bu anda Azərbaycan Deputat İstintaq Qrupu hadisə yerinə gəlib bizi sovet hərbçilərindən alıb Şüvəlanda yerləşən Tağıyev təcridxanasına apardılar. Vəziyyətimiz ağır olduğuna görə bizi ordan 26 nömərli Mərdəkan şəhər xəstəxanasına gətirdilər. Xəstəxanada da kəndinə əhalisi bizə kifayət qədər diqqət və qayğı göstərdi. Dərmanla, pal-paltarla təmin etdi... Həmin ərəfədə həqiqətən də millət birlik nümayiş etdirirdi. 26 nömərli Mərdəkan şəhər xəstəxanasının həkimlərinə, tibb bacılarına, oranın sakinlərinə təşəkkürümü bildirirəm. Bizə çox yardım etdilər. Sağalandan sonra yenidən mübarizəyə qoşulduq".
1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı verilmişdi. Ələkbər Talıbov da həmin şəxslər sırasında olub
Qeyd edək ki, Ələkbər Talıbov 2000 -ci ildə qanlı "20 yanvar" hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən, 2011- ci ildə isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb.
