Teleaparıcıya gündəm gərək deyil - Züleyxa Nadir yazır
10 İyul 2018 13:22 SosialZüleyxa NADİR
Deyirlər ki, qulaq gündə bir söz eşitməsə kar olar. Vallahi-billahi, bu deyimin içində çox böyük hikmət var, elə-belə havadan gəlmə söz deyil. Ataların həmin hikməti min illəri aşıb gəlib - özünün sübutu, faktı, dəlilləri ilə birlikdə. Bu gün eşitdiklərimizlə bərabər gördüklərimizdən də nəinki qulağımız kar, gözümüz də kor olub. Bu baxımdan hər dövrün xarakterinə, tələbinə uyğun "eşitmə, görmə" prizması var. Qulaqların eşitdiyi, gözlərin gördüyü hadisələrə həmin prizmadan baxılır, dövrün mizan-tərəzisində çəkilir, əyri-düz olduğu müəyyənləşdirilir.
Bu, dünyanın hər yerində hər zaman belə olub, indi də belədir. Azərbaycanda da mizan-tərəzinin düzgün çəkən vaxtlarını görmüşük. Amma indi çox şey tərsinə çevrilib, tərəzinin qolu xeyli əyilib. Dəyərlər 180 dərəcə yönünü dəyişib. Mənəvi aşınmanın sürətli gedişinin qarşısında dayanmaq olmur. Ölkənin mənəvi yükünə çiyin verə bilməyənlər ucuz və şit gündəm dalınca qaçırlar. Nə yazıqlar ki, bir çox hallarda buna nail olurlar da.
Əslində gündəm yaratmaq unudulmuş məşhurlara xas olan bir xüsusiyyətdir ki, bu da Avropadan, Qərbdən, okeanın o tayından adlayıb bizim ölkəyə daxil olub. Amma çox gec çatıb, oralarda vaxtı-vədəsi tamam olandan sonra gəlib. Həmin ölkələrdəki şou-biznes nümayəndələri bir müddət yaddan çıxanda özlərinin haqqında olar-olmaz informasiyalar, dedi-qodular, hətta aşırı yataq söhbətləri uydurub dövriyyəyə buraxırlar ki, gündəmdə olsunlar. 15-20 il əvvələ kimi belə idi. Amma indi kompüter texnologoyalarının sürətli inkişafı belə primitiv üsulu qabaqlayıb. Hər kəs sosial mediadan fəal istifadə edir, gündəmdən düşmür.
İki on illikdi bizim şou-biznes əhli bu primitiv üsulun yaxasını buraxmır. Bəzən onları başa düşmək olur. Azərbaycan on milyon əhalisi olan ölkədi, bu başı ilə o başının arasında 5-6 saatlıq yol var, müstəqilliyə cəmi 27 ildi qovuşub. Ölkə çətinliklərdən də xali deyil, insanların çoxunun şəxsi problemləri, məişət qayğıları şou əhlinə diqqət kəsilməyə imkan vermir. Odur ki, onlar həmin metoda əl atmalı olurlar. Öz aralarında bir-biri haqqında əvvəlcədən razılaşdırılmış bayağı və kobud ismarışlarla, mənasız söhbətlərlə qalmaqal yaratmağa çalışırlar. Ən acınacaqlısı odur ki, əməkdar və xalq artistləri bu dəstənin önündə gedirlər. Dövlətin onları hörmətə mindirib, şöhrətə çatdıqdıqları məqamı heçə sayıb, qiymətdən salırlar. Amma başa düşmürlər ki, tamaşaçı bunu ikrahla, ən azı, xoş olmayan gülüşlə qarşılayır, söylədikləri cəfəngiyyat sosial şəbəkələrdə təhqir hədəfinə çevrilir. Bu baxımdan əppəyi, suyu dedi-qodudan, qalmaqaldan çıxanları başa düşmək olar. Amma bu sıraya ədəbiyyat nümayəndələri, jurnalistlər, teleaparıcılar daxil olanda təəccüblənməmək olmur.
Bur-iki gün əvvəl televiziyaların birinin çox da məşhur olmayan, sıradan bir aparıcısının sayta verdiyi müsahibəsini oxudum. (Xanımın adını çəkməyl lüzum bilmirəm, reklam olar). Həmin xanımın söylədiklərindən anlaşılır ki, gündəmə gəlmək istəyir. Özünü dünya ulduzlarına bənzədib, onların paltarlarından geyinib fotosessiya edəcəyini söyləyib. Bir istəkdi ürəyindən keçir, heç kimin əlavə söz demək haqqı yoxdu. Ona görə də dediyinə əhəmiyyət verməmək olar, adi sözlərdi, oxucuda heç bir əks reaksiya oyatmır. Amma sonrakı fikirləri heç də xoş deyil: "İndiyədək açıq-saçıq libaslar geyinməmişəm. Ancaq məni cəsur geyimlərdə görəcəklər. Dünya ulduzları da hər zaman cəsur fotosessiyaları ilə gündəmə damğa vurublar. Amma özlərinə qarşı qıcıq oyatmayıblar. Bəzi sənətçılər var ki, abırsızlıqla cəsarəti qarışdırırlar. Onlara elə gəlir ki, abırsız, vulqar geyimlərdə fotosessiyalar etdirmək cəsarətli addımdır. Mən belə düşünmürəm. Əsas odur ki, açıq-saçıq geyimlər səni insanların gözündən salmasın. Bəzən bədən quruluşu imkan vermədiyi halda vulqar geyinirlər. Amma mən idmanla məşğul oluram və gözəl bədənim var. Niyə də gizlədim? Söz yox ki, ağzıgöycəklər həmişə danışmağa söz tapır, amma məni onların reaksiyası maraqlandırmır".
Hə, indi mən bir ağzıgöyçək olaraq aparıcı xanımın söylədiklərinə iradımı bildirərək, izah edim ki, açıq-saçıq geyinmək elə məhz abırsızlıqdı. Ekrana çılpaq çıxmaq, alt paltarlarını nümayiş etdirmək, oturuşunda-duruşunda etikaya sığmayan davranış sərgiləmək cəsarət yox, həyasızlıqdı, mənəviyyat boşluğudu. Doğrusu, yazıya başlayandan beynimi döyəcləyən sualdan can qurtara bilmirəm: "cəsarətlə abırsızlığın nə əlaqəsi"? Abırsızlıq əxlaqsızlığın yüngül forması, cəsarət isə qəhrəmanlığın, igidliyin birinci pilləsidi. Sən, aparıcı xanım, ucuz müğənnilərdən fərqli olaraq bunu daha yaxşı bilməlisən. Sən, ekranda görünən xanım, ciddi görünüşünlə nümunə olmalısan, lap elə fotosessiya etsən belə bədənini gizlətməlisən. Nə qədər gözəl bədən quruluşun olsa belə çılpaq görünüşün səni insanların gözündən salacaq, tamaşaçı daha sənə ciddi insan kimi baxmayacaq. Sənə bu lazımdırmı? Sən, axı müğənni deyilsən?!
Onsuz da insanlar şou-biznes əhlinin şit sözlərindən, ucuz hərəkətlərindən, çılpaq bədənlərindən bezib. Bilirsən ki, ciddi tamaşaçı, ciddi ailə onlara baxmır. Şou verilişlərdəki, maqazin proqramlarındakı mənasız dedi-qodular, qalmaqallar artıq insanların əsəbini tərpətmir. Çünki hər kəs bilir ki, bu, onların birbaşa işidi, dolanışıqları bu işdən çıxır. Sənin çörəyin isə ekran işıqlarından, efir cazibəsindən, mikrafondan, SÖZün çatdırılmasından çıxır. Bunların fonundakı ciddi davranış və ciddi geyim isə azərbaycanlı xanım olaraq tamaşaçına verdiyin hədiyyədi. Dediyin kimi açıq paltarda olan fotolarına mənim, onun, bir başqasının reaksiyası səni maraqlandırmalıdı. Əgər bu, sənin vecinə deyilsə, ya sən gerçəkdən də həmin şou əhlinə bərabərsən, ya da gündəm yaratmaq istəyirsən. Bu yerdə bilməni istəyirəm: televiziya aparıcılarına gündəm gərək deyil. Aparıcının cəsarəti onun oturuşunda-duruşunda, tamaşaçıya verə biləcəyi sözündə-söhbətində, eləcə də çatdırdığı informasiyada olmalıdır.
Azərbaycanlı xanımlar tarixən abırlı-həyalı paltar geyiniblər. Amma zaman keçdikcə, tələbat formasını dəyişdikcə təbii ki, geyimlərdə də dəyişiklik olub. Hər kəs öz zövqünə uyğun, amma ətrafdakılarda qıcıq yaratamayacaq dərəcədə geyinib. "Geyim mədəniyyəti" deyilən bir nəsnə var ki, Azərbaycan qadınları heç bir zaman onu yaddan çıxarmayıblar. Bu gün də elədi, əminəm ki, sabah da eynisi olacaq. Amma görünən o ki, geyim mədəniyyəti birbaşa vəzifəsi ekrandan mədəniyyət nümayiş etdirən bəzi insanlarda öz funksiyasını itirib. Könül istərdi ki, aparıcılar bu mədəniyyətin daşıyıcısı olaraq örnək olsunlar. Nə xoş ki, ciddi aparıcılar buna əməl edirlər. Nə yaxşı olardı ki, gündəm yaratmaq istəyən həmin aparıcı xanım da ciddiliyin əlindən tutaydı.
Bura Azərbaycandı, nə Avropa, nə də Amerika qitəsi deyil. Oralarda yaşam tərzi, dünyaya baxış, davranış etiketi bizdən fərqlidi. Ona görə də şou-biznes nümayəndələrinin və onlara xidmət edən aparıcıların gündəm xatirinə yaratdıqları şou adi qarşılanır. Amma Azərbaycanda az qala hamı bir-birini tanıyır, kimin kim olduğu hər kəsə bəllidi. Nəyin doğru, nəyin qondarma olduğunu anlamaq elə də çətin deyil. Bu məmləkətdə şit, bayağı, mədəniyyətdən kənar, mentalitetə sığmayan davranış qaydaları yaratmağa gərək yoxdu. Millətin yüz illərlə yol gələn mənəviyyat etiketini dəyişməyə heç bir televiziya aparıcısının mənəvi haqqı yoxdu.
Onun gündəmi onun ciddiliyidi...