Cəzaçəkmə müəssisələrində vərəmdən ölüm 105 dəfə azalıb
9 İyul 2018 16:52 SosialÖlkəmizdə səfərdə olmuş Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus və onu müşayiət edən şəxslər Ədliyyə Nazirliyinin Beynəlxalq Təlim Mərkəzinə səfər ediblər.
Nazirlikdən "Olaylar"a bildirilib ki, qonaqlar mərkəzin fəaliyyəti, müasir şəraiti, tədris otaqları, həmçinin video-konfrans vasitəsilə distant treninqin təşkili ilə tanış olublar.Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov, Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev və nazirliyin digər aidiyyəti məsul şəxsləri iştirak ediblər. Tanışlıq zamanı ölkəmizin penitensiar müəssisələrində tibbi təminatın müasirləşdirilməsi, vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığa dair təqdimat keçirilib. Tibb baş idarəsinin rəisi R.Mehdiyev məlumat verib ki, Azərbaycanda dövlətimizin güclü siyasi iradəsinə uyğun olaraq ümumbəşəri sosial bəla olan vərəmlə mübarizə daim diqqətdə saxlanılır, bu sahədə DST-ın tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq proqramlar və layihələr həyata keçirilib, o cümlədən penitensiar müəssisələrdə bu xəstəliyə qarşı mübarizəyə xüsusi önəm verilib. Bu məqsədlə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində BQXK ilə səmərəli əməkdaşlıqda tibb xidməti, məhkumların dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr müasir tibb avadanlıqları ilə təchiz olunub.Vərəmli məhkumlar üçün innovativ laborator və diaqnostik avadanlıqla təchiz edilmiş ayrıca müalicə müəssisəsinin açılması bu xəstəliklə mübarizədə böyük əhəmiyyət kəsb edib.Bu sahədə DST və BQXK ilə birgə fəaliyyət çox müsbət nəticələr verib, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub.Həyata keçirilən kompleks tədbirlər hesabına, cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi üzrə göstəricilər DST-ın müəyyən etdiyi hədəfləri aşaraq dərmanlara həssas vərəmin müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan dərmana davamlı vərəmin müalicəsi üzrə isə 78 faiz nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. Bunun nəticəsi olaraq, son beş ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə, vərəmdən ölüm isə 1995-ci illə müqayisədə 105 dəfə azalıb.