Həmrəylik Azərbaycan cəmiyyətinə xas olan səciyyəvi xüsusiyyətdir

Ekstremal şəraitdə vətəndaşların bir-birinə kömək göstərməsi bunun aşkar təcəssümü idi İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanın nəticələri aradan qaldırılmaqdadır.

Ekstremal şəraitdə vətəndaşların bir-birinə kömək göstərməsi bunun aşkar təcəssümü idi

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanın nəticələri aradan qaldırılmaqdadır. Məlumata görə, qəza nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır. Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradıb. Ardınca prezident İlham Əliyevin yanında  ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. Dövlət komissiyasının ilkin məlumatına görə, "Azərbaycan" İES-in 330 kilovotluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən 1000 kiloqrama qədər yağ ətrafa səpələnib. Yaxınlıqdakı elektrotexnik avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub. Həmin kabellərin uzun illərdir ki, istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. Eyni zamanda qəza baş verən zaman bu yarımstansiyaya xidmət edən stansiyanın altıncı blokunun yüklənməsi dayanıb. Lakin bu bloka verilən qaz dayandırılmadığından burada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdə olan enerji blokları və hava xətlərində qəza açılışları olub, stansiyada gərginlik tam itib, respublikanın əsas enerji ötürücülərindən olan Birinci Abşeron Hava Xətti ilə elektrik cərəyanı verilişi tam dayanıb. Stansiyanın avtomatika və idarəetmə sistemi pozulub. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın rayonlarında elektrik enerjisi təminatına fasilə verilib. İndi ölkə ictimaiyyətinin düşündürən əsas suallardan biri bundan ibarətdir ki, baş verən qəzanın qarşısını əvəəlcədən almaq mümkün idimi? Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, elektrik enerjisi sistemində problemlər, qəzalar dünyanın bir çox dövlətlərində, o cümlədən inkişaf etmiş ölkələrdə baş verib. Yəni heç bir ölkə bu cür qəzalardan sığortalanmayıb. Təbii ki, Azərbaycan da belə hadisələrdən sığortalanmayıb və Mingəçevirdəki İES-də baş vermiş qəza bu cür neqativ hallar sırasında yer alır. Şübhəsiz ki, ölkə başçısının qərarı ilə yaradılmış Dövlət Komissiyanın təhqiqatlarından sonra ortaya çıxmış araşdırma materialları əsasında müvafiq tədbirlər görüləcək. M.Quliyev bildirib ki, Prezident İlham Əliyev baş vermiş qəza ilə bağlı keçirilən müşavirədə problemin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün ciddi tapşırıqlar verdi. Onun sözlərinə görə, müvafiq qurumlar dövlət başçısının iradlarından nəticə çıxaracaq və işlərinə məsuliyyətlə yanaşacaqlar. "Bundan sonra isə hazırlanacaq tədbirlər planı ölkəmizi gələcəkdə bu cür qəzalardan və müxtəlif fəsadlara səbəb olan belə hallardan qoruyacaq. Tədbirlər planında bəhs olunan müşavirədə səsləndirilən təkliflərin salınması da xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, görüləcək tədbirlər sırasında strateji obyektlərdə generatorların quraşdırılması məsələsi də xüsusi əhəmiyyətə malikdir. Çünki bu, belə hallarda - ekstremal şəraitdə enerji təminatı üçün zəruridir. İlk növbədə, səhiyyə müəssisələrində, metroda bu zəruri tələb yerinə yetirilməlidir. Mühüm məqamlardan biri budur ki, belə bir çətin şəraitdə Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirdi və mürəkkəb situasiyadan şərəflə çıxmağı bacardı. Bu, Azərbaycan cəmiyyətinə xas olan səciyyəvi xüsusiyyətdir. Ekstremal şəraitdə vətəndaşların bir-birinə köməklik göstərməsi cəmiyyətdəki birliyin aşkar təcəssümü idi. Bu, həm də Azərbaycan cəmiyyətinin olduqca yetkin toplum olduğunu təzahür etdirmiş oldu. Prezident İlham Əliyev də insanların bu davranışı yüksək qiymətləndirərək Azərbaycanda sözün həqiqi mənasında vətəndaş həmrəyliyinin mövcud olduğunu vurğulayıb. Bütövlükdə, inanırıq ki, görülən işlər nəticəsində gələcəkdə belə problemlər yaşanmayacaq". Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev qeyd edib ki, heç bir ölkə texnogen hadisələrdən, təbii fəlakətlərdən, istehsal təyinatlı obyektlərdə baş verə biləcək qəzalardan sığortalanmayıb. Bir neçə gün bundan əvvəl Azərbaycanda da Mingəçevir İstilik Elektrik Stansiyasında qəza baş verdi və respublikanın elektrik enerjisi ilə təchizatında problemlər yaşandı. Ölkə üçün strateji önəm daşıyan elektroenergetika sektorunda belə bir qəzanın baş verməsi, əlbəttə ki, dərin təəssüf doğurur. A.Vəliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin generasiya güclərinin artırılmasına böyük diqqət göstərilir. Onun sözlərinə görə, son 15 ildə respublikamızda 2500 meqavat gücündə yeni elektrik stansiyalarının tikilməsi bunu bir daha təsdiqləyir. Hazırda Azərbaycan elektrik stansiyalarının gücü 6400 meqavata bərabərdir ki, bu da ölkədaxili istehlakı qarşılamağa, eyni zamanda, müəyyən həcmlərdə elektrik enerjisi ixrac etməyə imkan verir. Bununla belə, respublikanın elektroenergetika təsərrüfatının möhkəmləndirilməsinə güclü siyasi və maddi dəstək verilməsinə baxmayaraq, bu sahədə qəzadan qaçmaq mümkün olmadı: "Dövlət başçısı məsələ ilə bağlı keçirilən müşavirədə son illərdə böyük həcmlərdə investisiyalar yönəldilən elektroenergetika təsərrüfatında belə bir hadisənin baş verməsini və lokal xarakterli qəza nəticəsində ölkənin qaranlığa qərq olmasını kəskin şəkildə pisləyib, aidiyyəti məmurların ünvanına iradlarını bildirib. Prezident İlham Əliyev müşavirədə bir sıra ciddi mesajlar verərək bildirib ki, Mingəçevirdəki İES-də baş verən qəza belə genişmiqyaslı fəsadlarla nəticələnməməli idi". Millət vəkili əlavə edib ki, müşavirədə də qeyd edildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin, daxili işlər orqanlarının, Bakı Nəqliyyat Agentliyinin və digər dövlət qurumlarının əlaqəli fəaliyyəti nəticəsində kritik vəziyyəti qısa müddətdə aradan qaldırmaq mümkün olub. Hazırda ölkə üzrə istehlakçılara tələb olunan həcmlərdə elektrik enerjisi verilir: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında qəzanın başvermə səbəblərini araşdırmaq məqsədilə yaradılan komissiya da operativ qaydada fəaliyyət göstərir. Komissiyanın gəldiyi nəticələr ictimaiyyətə açıqlanacaq. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması, ölkədə həyatın normal axara istiqamətləndirilməsi, ilk növbədə, respublika rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin baş verənlərə operativ müdaxiləsi, proseslərin gedişini Öz nəzarətinə götürməsi ilə bağlıdır. Burada Azərbaycanın dövlət qurumlarının çevik və əlaqəli fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Əsas məqamlardan biri isə odur ki, çətinliklər yarananda cəmiyyət dövlətlə həmrəyliyini qoruyub saxladı. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətinin yetkinliyini, öz dövlətinə bağlılığını və inamını ifadə edən çox müsbət bir məqamdır. Dövlət xalqla, xalq da öz dövləti ilə güclü və yenilməzdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31