Cümhuriyyət qurucularının mühacirət dövrü həyat və fəaliyyətləri daha geniş araşdırılmalıdı
Novruz Nuriyev: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi beynəlxalq siyasi arenada Azərbaycanı tanıtmaq baxımından da əhəmiyyətlidir” Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Elm Tarixi İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Nuriyevlə geniş söhbət etdi. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.
22 May 2018 13:12 SosialNovruz Nuriyev: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi beynəlxalq siyasi arenada Azərbaycanı tanıtmaq baxımından da əhəmiyyətlidir"
Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Elm Tarixi İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Nuriyevlə geniş söhbət etdi. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.
Novruz Nuriyev ilk olaraq Cümhuriyyətin 100 illiyinin qeyd olunmasına nəzər salaraq bildirdi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir. Bu həqiqət həm dövlət səviyyəsində, həm də ictimai, elmi və mədəni müstəvidə öz təsdiqini tapıb. Bu gün biz müstəqil Azərbaycan vətəndaşı kimi 100 il əvvəl tarix yazmış ziyalılarımızla qürur duyuruq, onları özümüzə və gələcək nəsillərə örnək bilirik. "Düşünürəm ki, qan yaddaşımız olaraq, tariximizin qızıl səhifəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilk növbədə tarixi baxımdan əhəmiyyətlidir. Müstəqil Azərbaycanın dövlətçilik ənənələri tarixində Xalq Cümhuriyyətinin həyata keçirdiyi ilkləri saymaqla bitməz. Şərqdə ilk müsəlman demokratik parlament Respublikasının qurulması, ilk ali təhsil ocağı - Bakı Dövlət Universitetinin yaranması, ilk müstəqil ordu quruculuğu, dünyanın bir sıra qabaqcıl dövlətlərindən daha öncə ilk dəfə Şərqdə qadına səsvermə hüququnun tanınması və s. bu kimi faktlar bir daha sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi tarixi nailiyyətlər müasir dövr müstəqillik tariximizlə bilavasitə bağlıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, eyni zamanda, beynəlxalq siyasi arenada Azərbaycanı tanıtmaq baxımından da əhəmiyyətlidir. Belə ki, Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirət həyatı yaşayan ziyalılarımız bu gün mövcud olan Azərbaycan diaspor fəaliyyətinin təməlini qoymuş şəxslərdir. Bu şəxsiyyətlərin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda apardıqları mübarizə öz töhfəsini bu gün də verməkdədir. 100 il əvvəl müstəqil dövlət qurmuş bu ziyalılarımız Xalq Cümhuriyyətinin süqutundan sonra öz istiqlal mübarizələrini Vətəndən uzaqda olsa da davam etdiriblər".
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin müstəqil Azərbaycan Respublikası tərəfindən qeyd edilməsi siyasi-ictimai baxımdan da əhəmiyyətlidir. Yetişən gənc nəslin öz tarixi keçmişini dəqiq və dolğun faktlar əsasında öyrənməsi və gələcək nəsillərə layiqincə ötürmək missiyasını öz çiyinlərində daşıya bilməsi üçün təkcə bu il deyil, hər il Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı araşdırmalar və təbliğat prosesləri davam etməlidir. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əldə etdikləri uğurlar və düçar olduqları uğursuzluqların tarixi səbəbləri bizim hər birimiz üçün bir örnəkdir - deyə, Novruz Nuriyev vurğuladı.
Cümhuriyyət qurucularının həyat və fəaliyyətinin yetərincə araşdırılması məsələsi haqqında fikirlərini bölüşən Novruz Nuriyev qeyd etdi ki, Cümhuriyyətlə bağlı araşdırmalar alimlərimiz tərəfindən çox böyük həcmdə və operativ şəkildə davam etməkdədi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Cümhuriyyətin yaranmasına zəmin hazırlayan siyasi-ictimai vəziyyətdən Cümhuriyyətin süqutundan sonra baş verən tarixi hadisələrədək davam edən tarixi dövr ayrı-ayrılıqda, xüsusi incəliklə tədqiq edilir. Bu araşdırmalarda Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri də yetərincə tədqiq olunmaqdadır. Zənnimcə, Cümhuriyyət qurucularının mühacirət dövrü həyat və fəaliyyətləri ilə bağlı araşdırmalar daha geniş müstəvidə aparılmalıdır. Cümhuriyyət ziyalılarımızın Cümhuriyyətin süqutundan sonra və mühacirət həyatında işıqlandırılacaq qaranlıq məqamlar çoxdur. "Misal olaraq, Cümhuriyyət qurucularımızdan biri, hökumət rəhbəri olmuş Nəsib bəy Yusifbəylinin ölümü ilə bağlı hələ də müəmmalı olaraq qalan bir sıra məqamlar vardır. Məhəmməd Əmin Rəsulzadənin, Nağı bəy Şeyxzamanlının və digər
Cümhuriyyət qurucularının mühacirət fəaliyyətləri ötən əsrin ikinci yarısına qədər davam etmişdir. Bu dövrdə Azərbaycanın istiqlal mücadiləsini davam etdirən mühacir ziyalılarımızın fəaliyyəti hələ də tarixi faktlar əsasında bütövlükdə incələnməmişdir. Nağı bəy Şeyxzamanlı Azərbaycanın istiqlal mübarizəsində öz sözünü demiş şəxsiyyətlərdən biri olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əksinqilabi mübarizə təşkilatına rəhbərlik etmiş, Cümhuriyyətin süqutundan sonra yaşadığı mühacirət həyatı dövründə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış, Azərbaycan adının dünyada tanınmasında əvəzedilməz rol oynamışdır. Nağı bəyin həyat və fəaliyyəti ilə bağlı materialların daha dərindən araşdırılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycandan mühacirət etməsi, II Dünya Müharibəsi zamanı həyata keçirdiyi fəaliyyət istiqamətləri, Azərbaycan legionunun qurulmasında və bu legionun ləğv edilməsində oynadığı rol, Türkiyədə ziyalı fəaliyyəti - bütün bu tarixi hadisələr ətraflı şəkildə araşdırılmalıdır. Eyni zamanda Əlimərdan bəy Topçubaşovun uğurlu diplomatik fəaliyyəti, Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin müstəqil nizami Azərbaycan ordusunun qurulmasında göstərdikləri müstəsna xidmətlər daha dərindən tədqiq edilməli, adıçəkilən tarixi şəxsiyyətlərin qısa bir müddət ərzində bu qədər nailiyyətlərə imza atmalarında onların Cümhuriyyətə qədər olan təhsil və əmək fəaliyyətlərinin oynadığı rol da ətraflı şəkildə araşdırılmalıdı".
Arxiv sənədlərinin araşdırılmasının önəmini vurğulayan Novruz Nuriyev xüsusi olaraq vurğuladı ki, bu tarixi dövrün dəqiq və düzgün formada araşdırılmasında arxiv materialları əvəzedilməz rol oynayır. Azərbaycan Xalq Cümhuriyyəti elə bir mürəkkəb siyasi şəraitdə qurulmuşdu ki, bu dövrdə 23 ay belə müstəqil fəaliyyət göstərmək, müstəqil dövlət olaraq beynəlxalq arenada tanınmağa nail olmaq sanki bir möcüzədir. "I Dünya Müharibəsindən çıxmış müstəmləkə dövlətləri dağılmış imperiyaların ərazisində yeni əlverişli torpaqlar ələ keçirmək uğrunda mübarizə aparırdılar. Azərbaycanın əlverişli strateji mövqeyi, zəngin təbii ehtiyatları dünya dövlətlərinin bu regiona marağını daha da artırırdı. Heç bir hegemon dövlət bu ərazidə müstəqil dövlət yaranmasını və fəaliyyət göstərməsini istəməzdi. Bütün bu amillər Azərbaycanın bir sıra qonşu olan və olmayan xarici dövlətlərlə münasibətini müəyyənləşdirirdi. Bu amillər bir daha sübut edir ki, Azərbaycan arxivlərində saxlanılan sənədlərlə yanaşı, bu dövrdə Xalq Cümhuriyyəti ilə bilavasitə təmas quran dövlətlərin arxivlərində də xeyli sayda materialların mövcud olması danılmazdır. Türkiyə, Rusiya, İran, Gürcüstan, Qərbi Avropa ölkələrinin arxivlərində Cümhuriyyət tarixi ilə bağlı xeyli sayda materiallar yer alır. Bu arxiv sənədləri dövrümüzdə baş verən siyasi proseslərə belə işıq sala biləcək əhəmiyyətdədir. Tarixi torpaqlarımızın işğal altında olduğu bir zamanda, informasiya mübarizəsində qalib gəlməyimiz üçün lazım olan silahlardan biri də tarixi həqiqətləri özündə əks etdirən arxiv materiallarıdır. Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar aparılan araşdırmalar çərçivəsində xeyli sayda arxiv sənədləri ilə tanışlıq həyata keçirildi. Təbii ki, bu arxiv sənədləri daha öncə dəyərli alimlərimiz tərəfindən ətraflı şəkildə incələnmişdir. Bu sənədlərin hər biri özündə mühüm tarixi faktları əks etdirir və bu gün müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə əvəzedilməz rola malikdir. Misal olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı sənədlərlə tanış olduqda o dövrdə Azərbaycanın xarici təhlükələrlə yanaşı, xeyli sayda daxili təhlükələrlə üz-üzə qaldığının şahidi oluruq. Həmin dövrdə həyata keçirilən daxili separatizm meylləri ötən əsrin sonlarında torpaqlarımızın iyirmi faizinin işğalına aparan yolu əhəmiyyətli dərəcədə aydınladır. Məhz bununla əlaqədar olaraq, Cümhuriyyət tarixi ilə bağlı arxiv sənədlərinin tədqiqi mütləq davam etməlidi".
Cümhuriyyət tarixinin gənc nəsillərə təbliğinin toxunan Novruz Nuriyev bildirdi ki, bu gün müstəqil Azərbaycan dövlətinin dövlət rəmzləri Azərbaycan Xalq Cümhuriyyətindən bizə əmanətdir. Azərbaycanın dövlət rəmzləri - himni, bayrağı, gerbi ilə tanış olan hər bir gənc bilavasitə Cümhuriyyətimizin tarixi ilə tanış olur. Elmi müstəvidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təkcə gənclərimiz arasında deyil, bütün sosial təbəqə nümayəndələri arasında geniş şəkildə təbliğ olunur. "Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi və Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə
bağlı tədbirlər planı əsasında ölkəmizdə dövlət səviyyəsində geniş təbliğat aparılır. Təkcə Azərbaycanda deyil, dünyada yaşayan gənclərimiz arasında da bu təbliğat işi aparılmaqdadır. Bu təbliğatın genişlənməsində, gələcək nəsillərə ötürülməsində gənclərimizin üzərinə də böyük məsuliyyət düşür. Unutmaq lazım deyil ki, 100 il əvvəl Cümhuriyyət quran, Azərbaycanın istiqlalını elan edən ziyalılarımızın əksəriyyəti də gənc və nisbətən orta yaşlı nəslin nümayəndələri olmuşlar. Misal olaraq, qısa dövr ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin altı daxili işlər naziri olmuşdur ki, bu nazirlərdən sonuncusu Mustafa ağa Vəkilovun cəmi 23 yaşı olmuşdur. Cümhuriyyət qurularkən Məhəmməd Əmin Rəsulzadənin 34, Nəsib bəy Yusifbəylinin 36, Məmməd Yusif Cəfərovun 33, Xosrov bəy Sultanovun 39 yaşı olmuşdur. Onların uğrunda mübarizə apardıqları yüksək ideallar tarixə qızıl hərflərlə yazılmışdır. Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etməsi tarixi gerçəklərin təkcə Azərbaycan gənclərinə deyil, dünya ictimaiyyətinə də çatdırılmasına münbit şərait yaradır. Sosial şəbəkələr, elektron ensiklopediyalar sayəsində bu gün dünyanın istənilən nöqtəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi həqiqətləri ilə yaxından tanış olmaq mümkündür. Məhz elektron resurslar Cümhuriyyət tarixinin bu gün daha tez və sürətli bir şəkildə öyrənilməsi və yayılması üçün sadə oxucuların və tədqiqatçıların qarşısında geniş imkanlar açır. Bu tarixi həqiqətlərin təhrif olunmuş şəkildə deyil, olduğu kimi Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması tarixi bağlar baxımından mühüm əhəmiyyət kəsb edir. Burada həmin tarixi dövrü araşdıran ziyalı alimlərimizlə yanaşı, gənc alimlərimizin də üzərinə düşən əsas vəzifə Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü tarixi retrospektivdən araşdırmaq və öz həmyaşıdları arasında bu istiqamətdə təbliğat aparmaqdır. Bugünkü gənc nəsil tarixi şəxsiyyət olmuş Cümhuriyyət qurucusu gənclərin nailiyyətlərini davam etdirməli, Vətənə layiqli vətəndaş olmalıdırlar".
Ay An