Otuz il əvvəl borclu qaldığım yazı

Elçin Hüseynbəyli

Mən Tərxana bir yazı borcluyam və yazılmayan həmin məqalənin tarixçəsi, yalançılar sözü olmasın, təxminən 30 il bundan əvvələ düşür. Tərxan Abbasov kimdir, nəçidir onu sonra yazacam. İndi isə bu məqaləni yazmağımın səbəbini danışmaq istəyirəm.

Materialist fəlsəfədən çıxış eləsək həyatda hər şey təsadüfdən doğur. Yəni zərurətə təkan verən nəsə bir hadisə olmalıdır. Mən isə hadisədən yox, səfərdən danışacam...

İş elə gətirdi ki, Gədəbəydə yaşayan qədim dostum, dəyərli və istedadlı şairimiz Sahib Camal bizi Gədəbəyə dəvət elədi. Biz də, yəni şair dostum İlqar Türkoğlu, yazıçı, bəstəkar və müğənni Zəka Vilayətoğlu maşına "süvar" olub düşdük yola. Və bu səfər boyu əziyyətimizi İlqar Türkoğlu çəkdi, çünki maşını o sürürdü. Zəka Vilayətoğlu demişkən adamın dostlarının çox olmasının ancaq xeyri var və biz yolboyu gedəndə də, gələndə də dostlara qonaq olduq.

Birinci dayanacağımız Mingəçevir şəhəriydi. İlqar Türkoğlu dedi ki, yolüstü dayımoğluna baş çəkək. Bizi gözləyirlər, ötən dəfə də Gəncəyə gəlib qayıtdım, onlara dəymədim, bibim məndən incidi.

İlqarın dayısı oğlu, o tərəflərin məşhur aşığı Eldar Əzaflı nə illah elədiksə, bizi buraxmadı. Düzü, özümüzün də həmin axşamüstü getmək fikrimiz yox idi. Ona görə  naz eləməyə də yer qoymadılar.

Əvvəlcə Mingəçevir şəhərindən danışım.

Dostlar, mən illər öncə bu şəhərdə olmuşam. O zamanlar ölkənin pis vaxtlarıydı, Mingəçevir də elə məmləkətimizin günündəydi. Amma indi bu şəhəri tanımaq olmur: gözəldən də gözəldir. Şəhər yaşıllığın içində itib-batır. Enli küçələri, şümal və hamar yolları var. Hələ bulvarı demirəm. Qaranlıq düşəndən sonra Kür nəhri başqa bir aləmdir. Yakamozlar sayrışır, Kür ləpələnir. Və həmin bulvarda oturub yaxşı bir çay da içdik. Təbii Eldar Əzaflının evdəki şam və musuqi qonaqlığından sonra. Eldar müəllimin tut arağı Zəka Vilayətoğlunun səsini necə açmışdısa, şaqraq səsi "Bağlar" deyilən ərazinin üstünə yayılırdı. ..

Səhər açılan kimi Sahib bəydən zəng gəldi. "Qardaş, mən məktəbə gedirəm və sizi orda gözləyirəm. Şagirdlərlə görüşünüz olacaq"- dedi.

Şagirdlərlə görüş öz yerində, amma Gədəbəyin füsunkarlığı bir başqa aləmdir. Onu təsvir eləməkdə qələm acizdir, gərək saz götürüb söz deyəsən, gözəlləmə oxuyasan. Mən bu gözəl diyar haqqında indiyə qədər üç məqalə yazmışam və bu məqamda istedadlı şairimiz, qonaqpərvər insan İlyas Tapdığı xatırlamaya bilmərəm...

Görüşümüz "Zəka" liseyində oldu. Müəllim və şagirdlərlə dünyanı saf-çürük elədik. Bir az ədəbiyyatdan, bir az mənəviyyatdan, bir az da təhsildən danışdıq. Məlum oldu ki, bu liseyi bitirənlərin əksəriyyəti, bəlkə də elə hamısı tələbə adını qazanır. Bu il ilk imtahanda ən yüksək bal 665 olub, amma növbəti dəfə bundan da yaxşı göstəricilərə inanırlar...

Gədəbyin dağ-bağını gəzəndən, Sahib bəyə qonaq olandan sonra burada yeni açılan "Meh" restoranına gəldik. Avropa üslublu gözəl bir yerdir. Onların da çayından dadıb, dağları seyr edəndən sonra  Zəka bəyin şəmkirli dostu Bəhramgilə gəldik...

Amma yolüstü bir restorana da baş çəkdik. Çay içmək üçün. İlqar Türkoğlu ofisiantdan soruşdu ki, bizi tanıyırmı. O da cavab verdi ki, yox. Onda mən Sumqayıtda olmuş bir hadisəni xatırladım. Deməli belə, dostlar, bir gün sumqayıtlı həmkarlarım "45" deyilən məkandakı xəngəlxanada yaxşıca yeyib-içirlər, hesabı ya verə bilmirlər, ya da pulları çatmır. Onda şair dostlarımızdan biri fəndgir tərpənir və qulluq edən adama deyir ki, müdiri çağırın, deyin ki, Nizami Gəncəvi gəlib. Müdir gözünə döndüyüm də dərhal özünü yetirir, şairin əlini sıxır və deyir: "Ay Nizami Gəncəvi müəllim, xoş gəlmisiniz, adınızı eşitmişdim, nə yaxşı ki,  özünüzü də gördüm". Hə bax bu yerdə mən soruşdum ki, qardaş, biz heç, barı Nizami Gəncəvini tanıyırsanmı, and içdi ki, belə adam tanımır, bəs Məhəmməd Füzulini necə? Dedi ki, vallah bəlkə də gəlib gediblər, amma tanımamışam..."

Nəsə, dostlar Bəhramgilin evindəki qonaqlıqda qəfil Tərxan yada düşdü. Şəmkirlilərin yeznəsi olduğumu biləndə Bəhram soruşdu ki, Tərxanı tanıyırsanmı, o da cəbrayıllıdır? Cavab verdim ki, tanıyıram nədi, 30 ilin dostuyuq, hərdən Rusiya tərəfə gedib gəlirdi, indi burdadırmı? O da cavab vermək əvəzinə telefonu götürüb zəng elədi və dedi ki, dur gəl bizə sənə sürpriz eləmək istəyirəm.

Hə, dostlar, baş ağrısı olmasın, indi qayıdıram bayaq verdiyim sözə. Tərxan kimdir və nəçidir?

Əvvəlcə onu deyim ki, Tərxan bəstəboy, idmançı görkəmli bir kişidir, ortası üzükdən keçər. Vaxtı ilə güləş üzrə Azərbaycan çemponu  olub.  Məlum hadisələr zamanı, yəni nankor qonşularımızın fitnəsi vaxtı Tərxan Abbasov Nüzgar kəndindəki o boyda evindən-eşiyindən, təsərrüfatından məhrum olub, amma Şəmkirin Morulu kəndində də özünə gözəl ev-eşik tikib, bağça saldırıb, üzüm plantasiyası əkib. Sağ olsun şəmkirlilər...

Mətləbə bir az da ytaxınlaşdıq, deyəsən.

İndi keçirəm yazılmayan yazının tarixçəsinə.

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini təzəcə qurtarıb gəlmişdim. Həmin illəri, yəni səksəninci illərin sonlarını yaşıdlarım yaxşı xatırlayarlar, o zaman iş tapmaq çətin məsələydi. Məni işə düzəltmək üçün ən çox çalışan, keçmiş müəllimim, Azərbaycan Jurnalistlər İttifaqının sədri, rəhmətlik Hacı Hacıyev idi.

Bir dəfə mənə dedi ki, ürəyini sıxma, səni işə düzəldəcəyik, amma indi rayonlardan birinə ezamiyyətə get, oradakı maraqlı adamlardan oçerk yaz, ezamiyyə xərclərini biz verəcəyik. Mən də, təbii ki, öz rayonumuzu seçdim, Cəbrayıla gəldim, tanış-bilişdən maraqlı və tanınmış adamlar barədə soruşdum. Mənə Nüzgar kolxozunun sədri Tərxan Abbasovu məsləhət bildilər. Həmin vaxt Tərxan Abbasov rayon partiya komitəsinin təlimatçılığından öz xahişi ilə çıxmış və Nüzgarda kooperasiya tipli kolxoz yaratmışdı. Rayonda danışırdılar ki, həmin kolxozda çalışanların əmək haqqı da yaxşıdır, məhsuldarlıq da yüksəkdir, çünki Tərxan müəllim ixtisasca aqronom idi, tporpağın dilini yaxşı bilirdi.

Nəsə, dostlar.

Rəhmətlik əmoğlum,  Rayon Hava Rabitəsinin sədri Arif Əsədov mənə Oruc adlı bir sürücü təhkim elədi və onun "benzovoz"unda dağlara tərəf götürüldük, sürüşə-sürüşə, dirəşə-dirəşə gəlib Nüzgara çatdıq. Kəndə jurnalist gəldiyini eşidən Tərxan Abbasov və dostları bizim pişvazımıza çıxdılar, evə dəvət elədilər.

Mənim bir qovluğum, on iki vərəqlik bir dəftərim və 40 qəpiklik bir qələmim vardı. Tərxan müəllimlə söhbətimizi həmin qələmlə həmin dəftərə yazdım. Mənə elə gəlir ki, maraqlı söhbət alınmışdı. Söhbətimizin əsasında Tərxan müəllimin belə  bir işə niyə razılaşması və hanzı hədəfləri güdməsi dayanırdı. Yazının maraqlı olması üçün Tərxan müəllimin xobbisindən tutmuş cavanlıq xatirlərinə qədər həmin dəftərə qeyd eləmişdim. Söhbətimiz bitəndən sonra qonşu otağa keçdik. Süfrə salınmış, məclis qurulmuşdu.  Nağıllarımızda deyildiyi kimi, stolun üstü naz-nemətlərlə doluydu. Yeki yeyəsən, vur ki, vurasan. Tut arağı öz işini necə görmüşdüsə, bir də gördüm ki, evdəyəm, dəftər-qələm hara yoxa çıxıb bilmirəm. İstədim Nüzgara gedib dəftərdən xəbər tutam , ancaq utandım və fikirləşdim ki, yadımda qalanları yazaram. Amma sən saydığını say, gör fələk nə sayır. Başım iş axtarmağa necə qarışdısa, dəftər-qələm də, Tərxan Abbasov da yaddan çıxdı. Sonrasını isə hamı yaxşı bilir. 20 yanvar qanlı hadisələri başladı, Qarabağ davası düşdü, məssəb itdi, aləm qarışdı...

İndi bu sətirləri yazarkən fikirləşirəm ki, üstündən təxminən 30 il keçsə də, Tərxan elə həmin Tərxandır. Nə özü dəyişib, nə insanlığı, nə də qonaqpərvərliyi. Eşidən də ki, sabah tezdən yola çıxırıq, qəti etiraz elədi. "Sabah saat 12-də sizi "Qala" restoranında öz əlimlə çəkdiyim şəraba qonaq edəcəm" dedi. Şair-yazıçı tayfası da bir az sürüşkən olar. Ona görə də müəyyən tərəddüddən sonra razılaşdıq.

"Qala" restoranı haqda qısaca deyim ki, Şəmkir-Gəncə yolunun üstündədir və bir qala kompleksidir, qədimliyi rəmzləşdirən maraqlı tikililərdən ibarətdir, kabinetlərin hərəsi bir hücrəni simvolizə edir. Həyətində flaminqolardan tutmuş, akvariuma qədər var. Arxlarında cürbəcür balıqlar üzür. Düzdü, qalanı Cavad xanın şərəfinə tikiblər, amma daha çox Qərb üslubundadır. Bu da təbii ki, öz tariximizi yaxşı araşdırmamaqdan irəli gəlir, amma əcnəbilərin yanında üzümüzü ağardan bir yerdir...

Bakıya hazırlaşanda Tərxan bəy dedi ki, əgər gedib mənim plantasiyama baxmasanız, həyətdə bir stəkan çay içməsəniz, sizi buraxan deyiləm. Razılaşsanız, bu gözəl şərabdan sizə pay da qoyacam. Bayaq dedim axı, şair-yazıçı tayfasının zəif tərəflərini. Getdik və söyüdün sərin kölgəsində işləməkdən yorulmayan, sahibkarlıqla məşğul olan təsərrüfatçı dostlarına daim məsləhət verən bu qaryanız, bəstəboy kişinin həyətində çay içib, şad-xürrəm yola düşdük.

İndi bilmirəm bu yığcam yazıyla 30 il əvvəlki borcumu qaytardım, ya yox. Məncə yox. Ona görə də ardını sonra yazmağa məcburam. Allah amanında, dostlar. Bu səfərdə əziyətimizi çəkən, bizi ağırlayan dostlarımızın hamısına minntədarlığımızı bildirir və nöqtəni qoyuram....

May, 2018

Bakı-Mingəçevir, Gədəbəy-Şəmkir-Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31