Abituriyentləri intihara vadar edən başlıca səbəb nədir? – Psixoloqlar DANIŞDI
Ötən həftə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra iki abituriyent intihar etdi. Abituryentlərin intiharında hər kəs valideynləri günahlandırır. Onları övladlarına sona qədər dəstək olmamaqda, universitetlərə hazırlıq dövründə daim övladlarını psixoloji baqsı etməkdə ittiham edirlər. Etiraf edək ki, bu gün demək olar ki, bütün valideynlər övladlarının qəbul imtahanlarından yüksək nəticə göstərmələrini, bununla da hər kəsin qarşısında sanki uğurlu valideyn obrazında görünmələrini istəyirlər. Problemin həssaslığını nəzərə alaraq Olaylar.az peşəkar psixoloqlara müraciət etdi. Son zamanlar abituriyentlərin intiharına səbəb nədir? Günah kimdədi: valideyində, yoxsa... İmtahanqabağı psixoloqa daha çox kim ünsiyyətdə olmalıdır?
18 May 2018 16:57 SosialÖtən həftə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra iki abituriyent intihar etdi. Abituryentlərin intiharında hər kəs valideynləri günahlandırır. Onları övladlarına sona qədər dəstək olmamaqda, universitetlərə hazırlıq dövründə daim övladlarını psixoloji baqsı etməkdə ittiham edirlər.
Etiraf edək ki, bu gün demək olar ki, bütün valideynlər övladlarının qəbul imtahanlarından yüksək nəticə göstərmələrini, bununla da hər kəsin qarşısında sanki uğurlu valideyn obrazında görünmələrini istəyirlər.
Problemin həssaslığını nəzərə alaraq Olaylar.az peşəkar psixoloqlara müraciət etdi. Son zamanlar abituriyentlərin intiharına səbəb nədir? Günah kimdədi: valideyində, yoxsa... İmtahanqabağı psixoloqa daha çox kim ünsiyyətdə olmalıdır?

Vəfa Əkbər - Valideynlər çox vaxt abituriyentləri aşırı dərəcədə yükləyirlər. Abituriyentlər özləri o sınaq, həyəcan və digər müəllimlərin yanına getməklə onsuz abituriyenti sıxır və gərginləşdirir. Üstəlik də il boyu valideynlər onları gərginləşdirir. Məsələn, filankəsin uşağı belə qəbul oldu, bu qədər bal yığdı. Sən nə edəcəksən? Dilimizi gödək eləmə, filankəsin yanında bzi başıaşağı eləmə kimi sözlərlə uşağı daha da yükləmiş olurlar. Və ona dəstək olmaqdan çox sanki köstək olmağı missiya seçir.
Və imtahana bir həftə qalmış isə "narahat olma, bizə necə olsa qəbuldu, görək də necə olacaq" kimi imalı sözlərlə abituriyentin psixoloji halını daha gərginləşdirirlər. Abituriyent gedib doğru -düzgün, istənilən nəticə yığmadıqda artıq affekt vəziyyətinə düşür. Çünki, onun o ankı psixoloji durumuna görə o ailənin üz qarasıdır, ailə buna görə başıaşağı gəzəcək düşüncələrinə qapılır. Özünü yararsız, bacarıqsız, lazımsız hesab edir. Və bu düşüncə ilə ən yaxşısı olmayım kimi düşüncəsi formalaşır.
Bizim gördüklərimiz intihar edənlərdir. İntihara təşəbbüs edənlər abituriyentlərlə də az deyil. Valideynlər daha diqqətli olmalıdırlar. Valideynlərlə müəllimlər paralel işləməlidirlər. Əgər müəllim abituryendə problem görürsə, mütləq valideyni xəbərdar etməli və psixoloqa müraciət etməlidirlər. Abituriyent peşəkar psixoloq dəstəyini almalıdır.

Elnur Rüstəmov - Fənn hazırlığı kimi abituriyent psixoloji baxımdan da hazırlıqlı olmalı, ehtiyac gələrsə, psixoloqla bu mərhələni tamalamalıdır. Burada valideyn diqqətli olmalıdır. Özü öz övladını müşahidə etməli və nəzərinə çarpan qeyri-adi hallar olarsa, psixoloqa müraciət etməlidir. Bəzən abituriyentdəki həyəcan, qorxu, yaxud stress valideyn tərəfindən normal qarşılanır. Düşünürlər ki, övladı kimi çoxu həyəcanlıdır və bunun üçün heç bir tədbir görmürlər. Ancaq sınaq, yaxud qəbul nəticələri zamanı abituriyentin bildiyi halda sualları doğru cavablamaması, imtahandan çıxdıqdan sonra etdiyi səhvləri görməsi bir daha ondakı həyəcan səviyyəsinin artıq olduğunu sübut edir.
Lakin valideynlər çox zaman bu kimi hallarda vəziyyəti psixoloji dəyərləndirməyib, abituriyenti az oxumaqda, yaxşı məşğul olmamaqda ittiham edir. Valideynləri tərəfindən belə doğru anlaşılmayan abituriyentdə müəyyən aqressiyalar, ruh düşkünlüyü kimi mənfi hallar biruzə verməyə başlayır.
Bəzən valideyn övladındakı məsuliyyət hissini artırmaq üçün ona etdiyi xərclərdən, ailənin çətin vəziyyətindən danışır. Bu isə mənfi halların yaranmasında ən başlıca rol oynayan səbəblərdəndir. Günahkarlıq hissi ilə abituriyent imtahan zamanı suallara deyil, həmin bu məsuliyyət hissinə köklənir. Çətin gördüyü hər sualda özünəinamsızlıq yaşayır. Valideyn bunu bilərək deyil, bilməyərək edir. Bu üsul bəzi abituriyentlərə həqiqətən məsuliyyət hissi versə də, təəssüf ki, bir çoxuna əks təsir verir.
Digər əks təsir bağışlayan hallardan biri də abituriyentin həyatı sadəcə bal toplamaqdan ibarət görməsi, həyatda bundan başqa heç nəyin olmadığına inanması, yaxud inandırılması hallarıdır. Abituriyent potensial balını, psixoloji baxımdan çatışmayanların nə olduğunu bilmədən, oxuduqlarına əsasən bir hədəfə, hər hansı bir bala köklənir. Onu toplayacağına inanır. Ancaq hesaba qatmadığı hallara görə nəticə gözlənilən kimi olmur. Bütün bu mənfi hallar sonda intihara gətirib çıxara bilir.

Ruhəngiz Əhmədova - İnkişaf dövrləri arasında ən krizis yaş dövrü yeniyetməlik yaşı hesab olunur. Peşə seçimi, gələcəkdə "kim olacam?" sualına cavabın axtarılması da bu dövrdə başlayır. Özlüyündə qarışıq, stressli bir dövr olan yeniyetməlik dövründə yeniyetmənin çiyinlərinə əlavə bir stress - gələcək ilə bağlı qayğılar və imtahan stressi də əlavə olunur. Əgər yeniyetməlikdən əvvəl daha erkən yaşlarda uşağa heç bir məsuliyyət verilməmişdirsə, yeniyetməlik dövründə bu əlavə bir yükə və konfliktli bir məsələyə çevrilə bilər. İmtahan da bu dövrün yeniyetməyə gətirdiyi ağır məsuliyyətlərdən biridir. Çarəsizlik, yaxşı nəticə əldə etməməyin verdiyi utanc hissi, gələcəklə bağlı ümidsizlik abituriyenti intihara vadar edən səbəblərdir. Bu hisslərin altında isə valideyndən ala bilmədiyi dəstək, imtahanın onun son şansı və yeganə çıxış yolu kimi göstərilməsi, özgüvənin aşağı olması, emosional zəiflik, psixi dözümlülüyün aşağı olması kimi faktorlar dayana bilər. İmtahan prosesinin özü abituriyent üçün kifayət qədər stressli və həyəcanlı olduğu halda valideyn tələbləri və yüklədiyi məsuliyyət hissi ilə bu prosesi daha da çətinləşdirir. . Bu prosesin abituriyent üçün daha asan və daha həyəcansız keçməsi üçün valideynin üzərinə daha çox iş düşür. İlk növbədə universitet və peşə seçimi ilə bağlı qərarın radikal bir qərar olmadığını, hər an dəyişilə bilən olduğunu və bunun gələcəyi qurmaq üçün atıla bilən yeganə addım olmadığını abituriyentə izah etmək lazımdır. İmtahanqabağı valideynin öz övladı ilə danışması, imtahan nəticəsindən asılı olmayaraq onu sevdiyini və dəstəklədiyini deməsi abituriyent üçün böyük enerji və güc mənbəyi ola bilər. Səhv edərkən belə hər zaman onu düzəltmək üçün şansının olduğunu bilməsi abituriyentə gələcəyə daha ümidli baxmasına və özünə inamını qoruyub saxlamasına kömək edər. Bu addımlarla bərabər valideyn abituriyent övladında xoşagəlməz hallar, yüksək həyəcan və emosionallıq müşahidə edirsə mütəxəssisə müraciət edə bilər. Ümumiyyətlə, yeniyetməlik dövrü başlayarkən valideynlərin psixoloqa müraciət edərək bu yaş dövrünün inkişaf xüsusiyyətləri barədə məlumatlanması, yeniyetmənin inkişaf prosesini izləməsi, imtahanqabağı abitureyntlə necə davranmaq, hansı istiqamətdə söhbətlər aparmaq üçün mütəxəssisdən dəstək alması məqsədəuyğundur. Yeniyetmədə baş verən həm sosial - psixoloji, həm də fizioloji dəyişikliklər onu ətrafa qarşı, xüsusilə, psixoloqla görüşə müqavimətli davranmağa vadar edə bilər. Bunu nəzərə alaraq valideynlər abituriyenti psixoloqla görüşməyə məcbur etmədən, özləri daim psixoloqla ünsiyyətdə olaraq abituriyentə dəstək ola bilərlər.

İlkin Kazımlı - İntihar halı bir ailənin qarşılaşa biləcəyi ən pis,ən acı vəziyyətlərdən biridir. Ailə üzvləri yaşadıqları vəziyyətə görə intiharın səbəblərini özlərində axtara bilər və günahkarlıq hissini daha dərin yaşaya bilərlər. Bəzi ailələrdə isə bir -birilərini günahlandırmaq halları da ola bilər. Məsələn: "Sənin üzündən intihar etdi, sən elə davranmasaydın intihar etməyəcəkd" və s. Çox vaxt intiharın səbəbsiz yerə baş verməsi də qeyd olunur. Bəzən intihar edən şəxsin hansısa bir problemi olmadığını və hadisənin tamam səbəbsiz olduğunu qeyd edirlər. Hər nə qədər səbəbsiz kimi bilinsə də intiharın yaranmasında mütləq bir səbəb vardır. İntiharın yaranmasında psixoloji təsirlərdən başqa mənəvi, sosial, dini, ideoloji və iqtisadi təsirlər də öz yerini alır. Depresiyya, alkoqalizm və maddə asıllılığı psixi pozuntular, yaşlılıq, ölümcül xəstəliklər (məs: QİÇS, xərçəng) intihar olma halının artmasını yarada bilər. Ölümlə nəticələnən intihar halının böyük bir qismi depressiya və ya alkol asıllılığından yarana bilər. Ümidsizlik,günahkarlıq-duyğularının daha çox olduğu ağır depressiyalarda və alkok asıllılığı nəticəsində işini və yoldaşını itirənlərdə intihar riski daha çoxdur. İntihar edən və ya intihara meyilli olan şəxslər bənzər davranışlar nümayiş etdirirlər. Hətta günlük yaşayışlarında gözlə görülə bilən dəyişikliklər meydana çıxa bilər. Qızlar oğlanlara nisbətən daha çox intihara meyillidirlər, lakin oğlanlar qızlara nisbətən daha çox intihar halını reallaşdırırlar.
Son zamanlar biz abituriyentlərin intihar halları ilə qarşılaşırıq. Bunun başlıca səbəbi ailənin göstərdiyi mənəvi təzyiqlərdir. Ən acınacaqlı məqam burasındadır ki, ölkəmizdə yaşayan insanların əksəriyyəti övladlarının uğurlarına, nailiyyətlərinə görə yox məhz onların yığdığı bala universitet bitirib diplom aldıqlarına görə səy göstərirlər. Həyatda "Qonşudan qalma geri" düşüncəsi ilə yaşayan əksər insanlarımızın təsiri məhz övladların təhsilində də özünü göstərir. Məsələn "filankəsin oğlu yüksək bal yığdı,səndə yığmalısan" ,"o pulsuz oxuyur ,səndə pulsuza düşməlisən" kimi məcburiyyətlər artıq övladlarda daxili aqressiyaya səbəb olur. Buna görə də abituriyent imtahanda az ballıq nəticə göstərəndə,artıq biabır olduğunu düşünüb özünü günahlandırır və əhval-ruhiyyəsi pozulmağa başlayır. Bu səbəbdən də suisid etməyə cəhd edirlər. Bəzi hallarda suisid halı yüksək dərəcədə olur və abituriyent intihar edir.
Buna səbəb kimi əsas olaraq ilk öncə valideynlərin yanaşma tərzinin düzgün olmadığını qeyd etmək olar. Əgər valideyn övladına uşaqlıq yaş dövründən yanaşma tərzini düzgün qursaydı, ən həssas olan yeniyetməlik yaş dövründə övladının istəklərini və agressiyasını nəzərə alsaydı və az bal yığdığına görə övladının üzərinə getməsəydi bu kimi intihar halları baş verməzdi. Abituriyentlər yeniyetməlik yaş dövrlərində olurlar və bu yaş dövrü insan həyatının ən həssas yaş dövrüdür. Bu zaman yeniyetmələr aqressiv olur, başqalarının fikirlərini inkar edir, öz bildiklərini edir və mənəvi olaraq üstlərinə gəlinməsini istəmirlər. Bu yaş dövründə və abituriyent ərəfələrində valideynlər yaxşı olardı ki, repetitorlarıa yanaşı övladlarını psixoloq seansına da yazdırsınlar. Çünki abituriyent nə qədər savadlı olur olsun, nə qədər informasiyanı bilir bilsin, əgər onda həyəcan halı varsa, stressə davamlılığı zəifdirsə və ailədaxili problemi varsa o zaman qəbul imtahanında zəif nəticə göstərəcək və sonda xoşagəlməz hallar yaşanacaq.
Nigar Adil