Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar

Mayın 10-da Azərbaycan Dillər Universitetinin  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Böyük İpək Yolu: dünən, bu gün, sabah. Heydər Əliyevin siyasi irsindən" mövzusunda elmi seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin Çinə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında ətraflı məlumat verib.

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva, ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva qeyd ediblər ki, ulu öndər Heydər Əliyev dövlətimizin milli mənafelərinin təmin olunmasına xidmət edən irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanmasına, elm və təhsil sahəsində köklü islahatların həyata keçirilməsinə hər zaman xüsusi qayğı göstərib. Daha sonra Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, Beynəlxalq münasibətlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Aida Yusifzadə, Xarici dillər kafedrasının müdiri dosent Kifayət Hacıyeva əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.

Seminar çərçivəsində "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsindəki İpək yolu" mövzusunda ən yaxşı esse müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31