Tərs və inadkar
İnsan həyatını seçimlər üzərində qurur. Nəyi seçiriksə, onu da yaşayırıq. Seçim etmək üçün isə müəyyən qədər tərs və inadkar olmağa ehtiyacımız var. Buna görə də tərslik və inadkarlıq insan xarakterinin ayrılmaz bir parçasıdır. Bəzi insanlar bu iki xarakteri biri-birindən ayırd edə bilmir.
10 Aprel 2018 14:56 Sosialİnsan həyatını seçimlər üzərində qurur. Nəyi seçiriksə, onu da yaşayırıq. Seçim etmək üçün isə müəyyən qədər tərs və inadkar olmağa ehtiyacımız var. Buna görə də tərslik və inadkarlıq insan xarakterinin ayrılmaz bir parçasıdır. Bəzi insanlar bu iki xarakteri biri-birindən ayırd edə bilmir. Lakin tərslik və inadkarlıq arasında incə bir xətt var. İnadkarlığın və tərsliyin mənfi, yoxsa müsbət xarakter olduğunu söyləmək çətindir. Çünki inadkarlıq və tərslik edərək hər zaman qazana bilməyəcəyiniz kimi hər zaman da məğlub olmayacaqsınız. İnad və tərslik sizi güclü bir insan edə biləcəyi kimi, gözünün qabağındakını görməyən bir şəxsə də çevirə bilər. Amma bunlar sizin öz əlinizdədir. Tərsliyi və inadkarlığı yalnız lazım olan anda işə salmaq lazımdır. Əgər tərslik etməli olduğunuz zaman inadkarlıq etsəniz, yaxud inadkarca davranmalı olduğunuz zaman tərslik etsəniz, bu, sizə məğlubiyyətdən başqa bir şey gətirməz. Bəzi insanları, "O çox inadkardır", yaxud da "O çox tərs adamdır" deyə adlandırırıq. Lakin bir şey açıq-aydın ortadadır ki bir insanı inadkarlıqda günahlandırırıqsa deməli o insanla inadlaşan başqa insan da var. Çünki inadkarlıq tək-başına yaranan bir vəziyyət deyil və bunun üçün iki insana ehtiyac var. Bir insan yalnız, qarşısındakı insan inad etdiyi zaman inadkarlıq edər. Tərslik etməyimiz üçün də, qarşımızda tərs bir insana ehtiyacımız var. Deməli ikili münasibətlər zamanı qarşımızdakı insanı tərs və inadkar adlandırırıqsa bu özümüzünə nə qədər tərs və inadkar olduğumuzu göstərir.
Bəs tərslik və inadkarlıq arasında incə xətt nədir?
Tərslik "yox" deməkdir, inadkarlıq isə "hə".
Tərslik "istəmirəm", inadkarlıq isə istəyirəmdir.
Tərslik "inanmaq", inadkarlıq isə "inandırmaq"-dır.
Seçimlərimiz üzərində qurduğumuz həyatımızı isə bu sözlərsiz təsəvvür etmək olmur.
Hansı bizə daha çox vacibdir? İstəklərimizin arxasından getmək? Yoxsa istəklərimiz olmasa da olar, əsas odu istəmədiklərimiz olmasın demək və bununla yaşamaq? Lakin nəticə etibarilə hər iki halda da istədiyimiz olmurmu?
Bəşəriyyət boyu uğurlar qazanaraq zirvəyə çıxan insanların çoxu xarakter etibarilə inadkar insanlardır. Çünki onlar tərsliklərə qarşı mübarizə apararaq, zirvəyə qalxıblar. Onlar istəyənlər və əldə edənlərdir. Tərslik və inadkarlıq işıq və qaranlıq, xeyir və şər kimi hər zaman mübarizə içərisindədirlər. Lakin hansının xeyir, hansının şər, hansının işıq, yoxsa hansının qaranlıq olduğunu təyin etmək çətindir. Tərslik üsyankarlıqdır, dirənişdir. İnadkarlıq istəmək və əldə etməkdir.
Tarixən baş vermiş üsyanları nəzərimizdən keçirsək, əksəriyyətinin sonda məğlubiyyətə uğradığını xatırlayarıq. Bu yenə də inadkarlığın hər zaman zəfər, tərsliyin isə məğlubiyyət gətirəcəyinə dəlalət etmir. Son olaraq bildirim ki, bu iki xarakter nə qədər təhlil edilərsə ziddiyyətlər bir o qədər də artacaq və bir növ paradoks olaraq qalacaq.
Nigar Orucova