Uşaq oyuncaqları, yoxsa xəstəlik mənbəyi?
Azərbaycan dünya bazarına inteqrasiya etdikdən bəri uşaq oyuncağı biznesi asan yolla “qaz vurub, qazan doldurmaq” istəyən işbazların əsl qazanc yerinə çevrilib. Baxmayaraq insanlar arasında xaricdən gətirilən uşaq oyuncaqlarının zərəri haqda dəfələrlə yazılıb, həyəcan təbili calınıb, müvafiq dövlət orqanlarına müraciət və xəbərdarlıqlar olunub.
9 Aprel 2018 14:43 SosialSatışda olan uşaq oyuncaqlarının gigiyenik sertifikatı yoxdur
Azərbaycan dünya bazarına inteqrasiya etdikdən bəri uşaq oyuncağı biznesi asan yolla "qaz vurub, qazan doldurmaq" istəyən işbazların əsl qazanc yerinə çevrilib. Baxmayaraq insanlar arasında xaricdən gətirilən uşaq oyuncaqlarının zərəri haqda dəfələrlə yazılıb, həyəcan təbili calınıb, müvafiq dövlət orqanlarına müraciət və xəbərdarlıqlar olunub. Amma yenə də valideyinlər övladlarını risk altına qoyaraq belə məhsul almaqdan çıkinmirlər. Üstəlik son vaxtlar bazarlara antisanitar şəraitdə kustar üsulla hazırlanan yerli məhsullar da çıxarılır ki, oların təhlükəzisliyinə heç bir rəsmi qurum cavabdehlik daşımır. Ancaq bir həqiqət var ki, amalı yalnız qazanc əldə etmək olan "işbazların" fəliyyətinin qurbanı körpə fidanlar olur. Məlum olduğu kimi oyuncaqlar uşaqların zehni, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Psixoloqların qənaətinə görə, oyuncaqlar uşağa ətraf mühiti dərk etməyə, düşüncə, yaddaş, nitq və emosiyalarının inkişafına kömək edir. Plastmas, metal, ağac, rezin, parça, karton və sair materiallardan hazırlanan oyuncaqların keyfiyyətli olması çox vacibdir. Bəs reallıqda necə, ticarət mərkəzlərində və mağazalarda satılan uşaq oyuncaqları ilə bağlı hansı problemlər var və oyuncaq alarkən nələri bilmək lazımdır?
Sirr deyil ki, ötən illər ərzində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycanda uşaq oyuncaqları ilə bağlı aparılan yoxlamalar zamanı problemlər ortaya çıxıb. Aparılan yoxlamalar zamanı məlum olub ki, satışda olan uşaq oyuncaqlarının gigiyenik sertifikatı yoxdur. Bunlar hansısa yollarla ölkəyə gətirilir və ticarət şəbəkələrinə çatdırılır. Uşaq oyuncaqları ilə bağlı yerli istehsal olmadığından bütün oyuncaqlar xarici ölkələrdən gətirilir. Odur ki, oyuncaqlarda normalardan kənara çıxma halları olarsa, uşaqlar arasında bir sıra xəstəliklərin yayılması ehtimal edilə bilər. Belə oyuncaqla təmasdan körpədə allergik xəstəliklərə meyllənməyə səbəb olar. Yəni oyuncaqdakı xoşagəlməz qoxunun, dadın olması uşaqda allergik xəstəlik yarada bilər. Eyni zamanda, oyuncaqlarda müəyyən göstəricilər normadan artıq olarsa, uşaqlarda əsəb-sinir sistemi xəstəliklərinin də yaranması mümkündür. Ancaq araşdırma zamanı bəlli oldu ki, ticarət mərkəzlərinə çıxarılan bir sıra uşaq oyuncaqları ölkədə, özü də gizli sexlərdə istehsal edilir. Azad İshehlakçılar Birliyindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, uşaq oyuncaqları Azərbaycan bazarına daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır. Bununla da oyuncaqların təhlükəsizliyi təmin edilməlidir. Çünki, kiçik yaşlı istehlakçıların ağzına, əllərinə, dərisinə toxunduğu üçün onların keyfiyyətli olması vacibdir. AİB-də hesab edirlər ki, uşaq oyuncaqları ilə bağlı Azərbaycan bazarında vəziyyət qaneedici deyil. Belə ki, Bakıda, Bakıətrafı ərazilərdəki ticarət mərkəzlərində, mağaza və metro keçidlərində, eləcə də Azərbaycanın digər rayonlarında ucuz və keyfiyyətsiz uşaq oyuncaqları satılır. Ucuz olduğu üçün bu keyfiyyətsiz oyuncaqların istehlakçısı da çoxdur. AİB sədri Eyub Hüseynov deyib ki, kefiyyətsiz oyuncaqla təmas zamanı uşaqlarda ağır metallarla zəhərlənə və autizm xəstəliyi əmələ gələ bilər. Bu zaman azyaşlının qanında ağır, zəhərli metallar artır və çox ciddi fəsadlara gətirib çıxarır: "Ona görə də hər bir valideyn uşağına oyuncaq alan zaman diqqətli olmalıdır. Plastmas qoxusu gələn mağazadan oyuncaq almaq olmaz. Ağ yaş tənziflə oyuncağın üzərinə sürtdükdə rəng çıxırsa, bu oyuncağı uşağa vermək olmaz. Plastmas, rezin qoxusu gələn, tükləri çıxan oyuncaqlardan da istifadə etmək təhlükəlidir. Ümumiyyətlə, uşaq oyuncağı alan zaman mağazadan onun gigiyenik və məişət sertifikatını tələb etmək lazımdır". Birlik sədri uşaq oyuncaqları ilə bağlı Azərbaycanda aparılan monitorinqləri də qaneedici saymır. O qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır, lakin, bu sahədə də problemlər var. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə vətəndaşlara xəbərdarlıq edir ki, uşaqlara oyuncaq alarkən ehtiyatlı olsunlar. Çünki bəzi oyuncaqlar uşaqların orqanizmi üçün təhlükə törədə bilər. Oyuncaqlar plastmas, metal, ağac, rezin, parça, karton və s. kimi materiallardan hazırlanır. Bunların da hər birinin müəyyən müsbət, yaxud mənfi xüsusiyyətləri var. Məsələn parçadan hazırlanan oyuncaqlar uşaq üçün daha təhlükəsizdir. Uşaq onu özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsa da kimyəvi tərkibi mənfi fəsadlar yarada bilər. Metal və ağac materiallarından oyuncaqlar isə uşağı zədələyə bilər. Uşaq oyuncaqları 3 əsas tipə, qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görəcəkləri işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların hərtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir. Oyuncaqlar xoş, faydalı, uşaqlara sevinc gətirən bir vasitə olmaqla yanaşı uşaqların sağlamlığı üçün təhlükəli də ola bilər. Belə ki, bir sıra oyuncaqların tərkibi, aşağı keyfiyyəti, uşaqların orqanizminə mənfi təsir göstərmək gücündədir. Hazırda istehlak bazarında ən müxtəlif çeşidli oyuncaqların satılması faktdır. Ona görə də lazım olan, keyfiyyətli və təhlükəsiz oyuncağı seçmək çox çətindir. Bir çox istehlakçılar oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə üstünlük verirlər. Lakin oyuncaq alarkən onun qeyd olunan əlamətləri ilə yanaşı, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək lazımdır: "Nəzərə alın ki, əsasən ucuz oyuncaqların istehsalında istifadə edilən xammalın tərkibində qeyd olunan zərərli maddələr ola bilər və bu təkcə uşağınızın sağlamlığı üçün yox, ətraf mühit üçün də təhlükəlidir. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə, uşaqda yarada biləcək psixoloji amillərə diqqət etmək lazımdır. Mürəkkəb texniki oyuncaqlar istisna olmaqla ticarət şəbəkələrinə oyuncaqların daşınması xüsusi nəqliyyat vasitəsi tələb etmir. Ticarət şəbəkəsində isə uşaq oyuncaqlarının saxlanması və satışa çıxarılması zamanı bir sıra tələblərə əməl etmək zəruridir və bu ticarət obyektinin borcudur. Bu sırada oyuncaqların mal qonşuluğu prinsipinə əməl etməklə yığılması, təmiz, rütubətdən uzaq yerdə saxlanması və s. tələblər yer alır. Uşaq oyuncağı alarkən onun üzərində olan etiket kağızına və ya yarlığa diqqət edin. Orda həmin oyuncağın adı, istehsalçısının adı və ünvanı, milli standartı, məhsulun əsas (və ya funksional) təyinatı və ya onun tətbiq ediləcəyi sahə, istifadə qaydaları haqqında məlumat, yaş uyğunluğu, oyuncaqdan istifadə və ya istismar haqda təlimat, bir sıra oyuncaqlardan istifadə edərkən ehtiyat tədbirləri haqda xəbərdarlıq və təlimat öz əksini tapmalıdır". Xidmətdən onu da bildiriblər ki, istehlakçı həmçinin onu da bilməlidir ki, bu məhsullar məcburi sertifikatlaşmalı mallar sırasına daxil olduğundan, oyuncaq alarkən ticarət obyektindən həmin sənədləri tələb etmək hüququna malikdir. Gigiyenik və uyğunluq sertifikatları olmayan oyuncaqların alınması məsləhət deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, oyuncaqlar fiziki baxımdan da sağlam olmalı, yəni uşağa xəsarət yetirmə ehtimalı olmamalıdır. Ucu iti formalı, əzilmiş, qırılmış oyuncaqların alınması məsləhət deyil. Xüsusilə, azyaşlı uşaqlar üçün oyuncaq alarkən oyuncağın materialına fikir verilməlidir. İstər istehlakçılar, istərsə də satıcılar bilməlidir ki, uşaq oyuncaqları Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısına daxildir və onlar alındıqdan sonra dəyişdirilə və geri qaytarıla bilməz.
Nurlan