Azərbaycan arxeoloqları beynəlxalq konfransda iştirak edib - FOTOLAR

 

Martın 29-30-da  İtaliyanın Florensiya şəhərində İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə təşkilatçılığı ilə "Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri" adlı beynəlxalq elmi konfrans keçirilib.

Cebhe.info xəbər verir ki, konfransa Azərbaycan, ABŞ, Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Türkiyə, İran və Gürcüstan dövlətlərinin müxtəlif elmi tədqiqat müəssisələrini təmsil edən alimlər qatılıb. Konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları - "Antik dövr arxeologiyası" şöbəsinin müdiri Zaur Həsənov və "Arxeoloji texnologiya" sektorunun müdiri Bəxtiyar Cəlilov təmsil ediblər. 

Bəxtiyar Cəlilov və Zaur Həsənov beynəlxalq konfransda, müvafiq panellərdə problem mövzular üzrə məruzələrlə çıxış etmiş və fikir mübadiləsi aparıblar. Konfrans yüksək analitik təhlillər və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib.

Bəxtiyar Cəlilovun "Azərbaycanın iki kurqanı: Uzun Rəmədən (Goranboy) olan insan qalıqlarının təhlili" adlı çıxışı alimin İlk tunc dövrünə aid Uzun Rəmə kurqanlarında apardığı arxeoloji tədqiqatlara həsr edilib. Məruzəçi bu kurqanların timsalında Azərbaycanın ilk tunc dövrü kurqanaltı sərdabələrinin tipoloji təsnifatı və dəfn adətləri haqqında geniş məlumat verib. Məruzədə əksini tapmış arxeometrik tədqiqatların, o cümlədən, kurqanlardan aşkar edilmiş insan qalıqlarının antropoloji analizinin nəticələri, avropalı mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Məruzədən sonra Qafqazın erkən kurqan mədəniyyəti, Azərbaycanın qədim mədəni irsi ətrafında geniş müzakirələr aparılıb.
 Zaur Həsənovun "İlk Dəmir dövrü Cənubi Qafqazın Şərq hissəsinin kurqanlarında iki fərqli dəfn adəti" adlı çıxışı Azərbaycanda iskitlərin və sakların dəfn adətlərinin izlənildiyi kurqanlara həsr olunub. Elmi məruzədə göstərilmişdir ki, Mingəçevir kurqanları və Ağcabədidə tədqiq edilmiş "Kiçik" kurqanda Qara dənizin şimal sahilboyu çölləri iskitlərinin, Xocalı qəbirstanlığının üç "Böyük Torpaq" kurqanlarında isə Aral dənizi hövzəsində yaşayan sakların dəfn adətləri izlənilmiş və maddi mədəniyyət nümunələrinin analogiyaları qeyd edilmişdir. Daha sonra iskit problemi ilə əlaqəli keçirilmiş maraqlı diskussiya ərzində Z.Həsənov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Beynəlxalq konfransdan sonra, Azərbaycanda arxeoloji araşdırmalar aparacaq Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası (ekspedisiyanın tərkibi İtaliya, Almaniya, Fransa, Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarətdir) üzvlərinin toplantısı keçirilmişdi. Toplantıda Azərbaycan tərəfindən Bəxtiyar Cəlilov və Zaur Həsənov iştirak ediblər. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək tədqiqat planları müzakirə olunub. Müzakirələrin sonunda 2018-ci ilin iyun ayında beynəlxalq ekspedisiya tərəfindən Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntı işlərinə başlanılması qərarı qəbul edilib. Aparılacaq arxeoloji qazıntılardan əldə edilmiş nümunələrin dünyanın qabaqcıl laboratoriyalarında analiz edilməsi və elmi nəticələrin iştirakçı mütəxəssislərin həmmüəllifliyi ilə nüfuzlu elmi jurnallarda və nəşrlərdə dərci nəzərdə tutulur.

Aydın
Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00