“Bir sürücü insanın geyiminə görə çaşırsa...” - Dəb məsləhətçisindən 2018 ilə bağlı ipucu

Dəb məsləhətçisi Ülkər Hüseynova musavat.com saytının suallarına cavab verib.

Onunla söhbətə 2018-ci ilin dəbi ilə başladıq: 

"Ötən illərdə müxtəlif rəngdə geyimlərin kombin edilərək geyinilməsi dəbdə idisə, bu il düz rənglər, bir tonda olan geyimlər dəbdə olacaq. Əlvan rənglər daha çox geyimlərdə özünü göstərəcək. Çəhrayı, yaşıl, qəhvəyi, narıncı rənglər bu ilin modasını əks etdirir. 

Ağ-qara isə hər zaman olduğu kimi qarderoblarda öz yerini alacaq. Uzun baxramalar, zər və qaşlardan çox istifadə ediləcək. 

Yalnız ziyafət geyimlərində deyil, idman üslubunda olan geyimlərdə də biserlərdən istifadə olunacaq. Bir çox tanınmış modelyer öz kolleksiyasına pop-art stilini əlavə edib. Bu geyimlər də dəbdə olacaq.

-Bəzən deyirlər ki, moda insana yaraşandır. Sizcə moda nədir?

- Moda insan zövqünü inkişaf etdirməkdə kömək edir, insana müəyyən ipucu verir. Bir çox faktorlar modanı diktə edir. ideal qadın bədəni və gözəllik standartları onlar arasındadır. Əsas odur ki, kişi və qadınlar öz bədənlərini tanısın və öz geyim stilini tapsın. 

Dəbdə olan geyimlər sizə uyğun olmaya da bilər. Coco Şanelin bir sözü var: Moda modadan yaranır. Hər kəs öz dəbini də yarada bilər.

- İnsanların qara rəngə üstünlük verməsi birmənalı qarşılanmır. Bəzən deyirlər ki, qaranlıqda sürücülərə maneə törədirlər. Bəzən deyirlər ki, insanın ruhunu qaraldır və s. Sizcə, qara rəngin üstünlüyünün mənfi tərəfi var?

- Bir sürücü insanın geyiminə görə çaşırsa, sükan arxasına keçməsin. Qara rəng insanın kefinə mənfi təsir göstərə bilməz. Bu fikirlə razı deyiləm. Qara rəng özü-özlüyündə ideal fondur. Kişilər qara rəngə daha çox üstünlük verir. Onlar adətən, qara kostyumlar geyinir . Qara rəng eleqant rəngdir. Mən də qara rəngi çox sevirəm.

- Azərbaycan qadınları geyim seçərkən hansı səhvləri edir?

- Bu tək Azərbaycan qadınlarına aid deyil. Çox qadın bədən formasına uyğun geyinmir. Bəzi qadınlar bədən formalarını, yaşlarını nəzərə almadan geyinirlər. Mənə görə müəyyən yaşda bəzi geyimləri geyinmək olmaz. Adi gündə həddindən çox makiyaj etmək olmaz. Düşünürəm ki, azərbaycanlı xanımların geyim tərzi yaxşılığa doğru gedir. Onlar gündəlik həyatda sadə və sport geyimlər geyinirlər. Daha səliqəlidirlər. məncə, azərbaycanlı qadınları zövqsüz adlandırmaq haqsızlıq olar.

- Bir az da müğənnilərimizin geyimlərindən danışaq. Azərbaycanlı müğənnilərdən kimin stilini bəyənirsiniz?

- Röyanı çox bəyənirəm. Hər zaman məkana uyğun geyinir. Yeri gələndə cazibədar qadın, yeri gələndə asi xanım olur. Bədən forması da ona istədiyi kimi geyinməyə imkan verir. Kaş, digər müğənnilər də buna əməl etsə. Nura Surinin və Sevda Yahyayevanın da geyim tərzi gözəldir. Əsas yaraşanı geyinməkdir. Geyimi doğru daşımaqdır. Bir məsələyə də toxunum. Müğənnilərimiz var ki, nə dəbə uyğun geyinir, nə də bədən formasını qoruyur. Kaş, özlərinə güzgüdə baxalar. Müğənni ictimai insandır, göz önündə olur. Daim formada, baxımlı olmalıdır. Xüsusilə də, pop ifaçısıdırsa. Çünki gənclər, yeniyetmələr onların geyim tərzini izləyir. Onların zövqünü korlamağa haqları yoxdur.

- Azərbaycanlı müğənnilərdən kimi geyindirmək istəyərdiniz?

- Başa düşürəm ki, hər bir müğənninin oturuşmuş həyatı var, öz stilisti var, onun məsləhətinə, zövqünə alışıb. Tünzalə Ağayevanı geyindirmək istəyirəm. bu mənim üçün maraqlı olardı. Çünki onun bədən forması da, yeniliklərə açıq olması da xoşuma gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00