Regional proqramlar Tərtərdə dinamik inkişafa səbəb olub
Respublikanın hər bir bölgəsində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilib. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən bu proqram çərçivəsində görülən işlər, yaradılan infrastruktur nəticəsində cəbhəyanı rayonların da siması dəyişib, Hər bir cəbhəyanı rayonda olduğu kimi Tərtər rayonunda da qeyd edilən Dövlət Proqramları, eləcə də bu proqramın 2014-2018-ci illləri əhatə edən mərhələsi uğurla icra edilib.
16 Fevral 2018 17:03 SosialRespublikanın hər bir bölgəsində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilib. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən bu proqram çərçivəsində görülən işlər, yaradılan infrastruktur nəticəsində cəbhəyanı rayonların da siması dəyişib, Hər bir cəbhəyanı rayonda olduğu kimi Tərtər rayonunda da qeyd edilən Dövlət Proqramları, eləcə də bu proqramın 2014-2018-ci illləri əhatə edən mərhələsi uğurla icra edilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2017-ci ildə Tərtər rayonunda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilib. Rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub. Belə ki, ötən il rayonda ümumdaxili məhsulun (ÜDM) həcmi 254,1 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 28,4 faiz çoxdur. Sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 377,5 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manata çatıb. Ötən ildə əsas kapitala 140 milyon 228,3 min manat investisiya yönəldilib. 2016-cı ilə nisbətən investisiyaların həcmi 80,5 faiz, tikinti-quraşdırma işlərinin həcmi 60,8 faiz artıb. Rayonda 1308-i daimi olmaqla, 5008 yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.Hesabat ilində Tərtər şəhərində 42 ədəd çoxmənzilli bina əsaslı təmir edilib, tarix-diyarşünaslıq muzeyi, Bayandur kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 5 fərdi yaşayış evi tikilib istifadəyə verilib, Seydimli kənd tam orta məktəbi əsaslı təmir olunub. Hazırda Poladlı əsas məktəbinin tikintisi, Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin əsaslı təmiri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrası çərçivəsində rayonda yolların təmiri və yenidən qurulması da diqqətdə saxlanılıb.
Dövlət Proqramının uğurlu icrası nəticəsində Tərtər rayonunda aqrar sahənin inkişafı istiqamətində də uğurlar əldə edilib. Belə ki, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2016-cı ildə rayonun müxtəlif kəndlərində qazılmış 15 ədəd subartezian quyusu 2017-ci ildə istismara verilib, 7 yeni subartezian quyusu qazılıb. Rayon üzrə 2017-ci ilin məhsulu üçün 26 min 36,4 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib. Onların 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 24,3 faizini texniki bitkilər, 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 31,8 faizini yem bitkiləri təşkil edib.36 min 274,7 ton taxıl, 16 min 66,8 ton tərəvəz, 119,5 ton bostan məhsulları, 65 min 727,5 ton şəkər çuğunduru istehsal edilib. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3123 hektar sahədə pambıq becərilib, 8419,9 ton məhsul əldə edilib. Əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə, məhsul istehsalı 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da keçən ilə nisbətən 4,5 sentner artaraq 27 sentnerə çatıb. Pambığın hektar üzrə məhsuldarlığına görə Tərtər rayonu ölkə üzrə birinci olub.
İpəkqurdunun yem bazasını təmin etmək üçün son 2 ildə 124 min ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 4610 kiloqram barama istehsal edilib. 2017-ci ilin ilk 9 ayında isə rayonda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq, 52 milyon 117,5 min manat təşkil edib. Onun 32 min 457,2 min manatı bitkiçilik, 19 min 660,3 manatı heyvandarlıq sahəsinin payına düşür. Ötən ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Onun 9843 hektarı dənli və dənli paxlalı bitkilər, 6316 hektarı texniki bitkilər, 1581 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 8294 hektarı yem bitkiləridir. Texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artıb. Belə ki, 3123 hektar sahədə pambıq, 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektar sahədə günəbaxan əkilib. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78.4 faiz çoxdur. 34 min 579,6 ton taxıl, 1386 ton dən üçün qarğıdalı, 3830 ton dən üçün günəbaxan, 5459 ton kartof, 13 min 987 ton müxtəlif növ tərəvəz, 120 ton bostan bitkiləri, 83,7 ton darı, 45,1 ton lobya, 17,2 ton noxud, 2,5 ton qarabaşaq, 1624 ton meyvə, həmçinin 4,6 ton barama tədarük edilib. Hazırda pambıq toplanışı davam edir. Tərtərlilər bu günə kimi 3715 tondan çox "ağ qızıl" toplayıblar.
Tərtər rayonunda heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqəmətində də işlər uğurla davam etdirilir. Hesabat dövründə Aqrolizinq yolu ilə rayona 265 baş cins mal gətirilib. 894 inək və düyə süni yolla mayalandırılıb, 282 baş sağlam bala alınıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında əsas diqqət yetirilməli məqamlardan biri də əhalinin kommunal problemlərinin həlli məsələsidir, bu istiqamətdə ötən illər ərzində istər Tərtər rayonunda, istərsə də respublikanın digər bölgələrində genişmiqyaslı işlər həyata keçirilib. İstər əhalinin içməli su, istər elektrik enerjisi, istərsə də təbii qazla təminatı istiqamətində təqdirəlayiq addımlar atılıb. Elə Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda da çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxundu və bildirdi ki, tezliklə ölkə üzrə qazlaşdırma 98 faizə çatdırılmalıdır. Bu baxımdan qeyd etdiyimiz kimi Tərtər rayonunda da ciddi nailiyyətlər əldə edilib və əhalinin elektrik enerjisi, içməli su və təbii qazla təminatı kifayət qədər yaxşılaşdırılıb. Qarşıda da dövlət başçısının sözügedən konfransda çıxışından və imzaladığı fərman və sərəncamlardan irəli gələrək bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, cari il ərzində Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmir edilməsi, Tərtər çayı sahilində 5 hektar ərazidə parkın tikintisinin davam etdirilməsi, bayraq muzeyinin, İcra hakimiyyəti üçün yeni inzibati binanın, Olimpiya İdman Kompleksinin, xalçaçılıq emalatxanasının, Tərtər su-kanal idarəsinin binasının, 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi, Tərtər-Quzanlı magistral avtomobil yolunun, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri, 5 kəndin içməli su ilə təminatı layihəsinin icrası nəzərdə tutulub.
Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Tərtər rayonunda tikinti-abadlıq və quruculuq işləri də uğurla həyata keçirilib. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər surətlə həyata keçirilir.
Ümumiyyətlə, 2004-cü ildən mərhələli şəkildə həyata keçirlən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icra vəziyyətinə, xüsusilə cəbhəyanı rayonlarda həmin proqramlar çərçivəsində görülən işlərə nəzər yetirsək vəziyyətin qənaətbəxş olduğunun şahidinə çevrilərik. Əgər Dövlət Proqramlarının icrasına start verilənə qədər Tərtər rayonu da daxil olmaqla sərhədyanı rayonlarda vəziyyət ürəkaçan deyildisə, bu gün eyni şeyi söyləyə bilmərik. Ötən 14 il ərzində respublikanın hər bir bölgəsi kimi sərhədyanı rayonlarda da həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri bölgənin, ümimilikdə Qarabağ iqtisadi rayonunun simasını dəyişib, ona yeni bir rəng, çalar qatıb. Əgər 14 il əvvəl Tərtər və digər ətraf rayonlarda işsizlik ən yüksək həddə idisə, indi rayon əhalisinin demək olar ki, mütləq əksəriyyəti iş yerləri ilə təmin olunub. Təbii ki. bu da həmin şəhər və rayonlarda istifadəyə verilən istehsal müəssisələrinin hesabınadır. Bu gün Qarabağ iqtisadi zonasında həm infrastruktur baxımından, həm də quruculuq-abadlıq işlərinin həyata keçirilməsi bazımından vəziyyət o qədər müsbətə doğru dəyişib ki, nəinki respublika. Hətta beynəlxalq səviyyəli tədbirləri də bu rayonlarda həyata keçirmək mümkün olur. Təbii ki. bütün bunlar qeyd etdiyimiz kimi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində mümkün olub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir