Mətbuat Şurasının fəaliyyəti qənaətbəxşdirmi?
Xəbər verildiyi kimi, cari ilin mart ayının 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurası haqqında nizamnamənin tələbinə uyğun olaraq idarə heyətinin yeni üzvləri seçiləcək.
15 Fevral 2018 17:37 SosialXəbər verildiyi kimi, cari ilin mart ayının 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurası haqqında nizamnamənin tələbinə uyğun olaraq idarə heyətinin yeni üzvləri seçiləcək. Mətbuat Şurasının ötən dövr ərzindəki fəaliyyəti qaneedici sayıla bilərmi? SİA məsələ ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənib.
"Mətbuat Şurasının fəaliyyətini müsbət qiymətləndirmək olar"
"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev söyləyib ki, Mətbuat Şurasının ötən qurultaydan indiyədək olan fəaliyyətini müsbət qiymətləndirmək olar:
"Qurumun media nümayəndələrinin sosial problemlərinə müsbət yanaşması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Bundan başqa, Şura mətbuatda jurnalistlərin neqativ proseslərdə iştirakının qarşısının alınmasında mühüm rola malikdir. Mətbuat Şurasının iclaslarında bu sahədə olan sosial, eləcə də jurnalistlərin mənzil probemləri ilə bağlı məsələlərin qaldırılması, KİV-lərə müəyyən vəsaitin ayrılması istiqamətində görülən işlər müsbət qiymətləndirilməlidir. Təbii ki, həll olunmayan proseslər də var ki, onların həlli istiqamətində qurum tərəfindən lazımi işlər görülür".
Qurultaya gəlincə A.Nağıyev söyləyib ki, nizamnaməyə uyğun sözügedən tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvləri seçiləcək: "Təbii ki, yeni nəfəslərin olması müsbət hal ola bilər. İdarə heyətinə jurnalistlərin həyatı, baş verən proseslərdən agah və dəqiq nəticə çıxara biləcək şəxsləri seçilməsi daha düzgün olardı".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz daMətbuat Şurasının media sahəsindəki fəaliyyətini qaneedici hesab edib: "Bilirsiniz ki, Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Bu baxımdan qurumun fəaliyyətini müsbət qiymətləndirmək olar. Amma bu o demək deyil ki, çatışmazlıqlar, problemlər yoxdur. Bilirsiniz ki, bizdə hələ də reklam bazarı lazımi səviyyədə deyil, informasiya ombudsmanı müstəqil olmayıb. Düşünürəm ki, martın 10-da keçiriləcək jurnalistlərin növbəti qurultayında bu məsələlər də müzakirə olunacaq".
İdarə heyətinin üzvlərinə gəldikdə, baş redaktor qurumun idarə heyətinin üzvləri sırasında yer alan ictimaiyyət nümayəndələrinin sayının azaldılmasına ehtiyac olduğunu dilə gətirib: "Bildiyiniz kimi İdarə heyətinin üzvləri sırasında 9 nəfər icitmiayyət nümayəndələri yer alıb. Bu nümayəndələrin sayının azaldılmasına ehtiyac var. Düşünürəm ki, burada 4 jurnalist təşkilatından seçilən üzvün təmsil olunması kifayətdir. Çünki onların əksəriyyəti iclaslara qatılmır, tədbirlərdə iştirak etmirlər".
"Mətbuat Şurası kifayət qədər dinamik fəaliyyət göstərib"
Mətbuat Şurasının və onun sədrinin indiyədək fəaliyyətini uğurlu hesab edən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib ki, qurum bu müddət ərzində kifayət qədər dinamik fəaliyyət göstərib:
"Ümumiyyətlə, Mətbuat Şurası yarandığı gündən indiyədək böyük inkişaf yolu keçib. Mediada ictimai tənzimləmə mexanizmlərin qurulması istiqamətində ciddi addımlar atıb. Jurnalist adına iddia edən, cinayətlə məşğul olanlara qarşı sərt mövqe tutub, mətbuatı bütövlükdə belə insanlardan təmizlənməsi üçün ciddi iş ortaya qoyub. Bu baxımdan bir çox istiqamətlər və parametrlərdə Mətbuat Şurasının ümumən fəaliyyətini uğurlu hesab edirəm. Qənaətimə görə, bu fəaliyyət davam etdirilməlidir".
Dəyişikliyə gəlincə, E.Mirzəbəyli qeyd edib ki, prinsip etibarı ilə dəyişikliyə hər zaman ehtiyac var: "Lakin Mətbuat Şurasının idarə heyətinin üzvləri arasında dəyişiklik olub-olmayacağı barədə qərarı qurultay verəcək. İndiki şəraitdə hər hansı fikir səsləndirmək insanların iradəsinə təzyiq göstərməkdir".