Sərnişinlər ictimai nəqliyyat vasitələrinə nə üçün zərər vururlar?

Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də paytaxt nəqliyyatında uzun illər yığılıb qalan problemlərin yoluna qoyulması, sərnişinlərin rahatlığı, mənzil başına daha təhlükəsiz və rahat getməsi üçün ardıcıl tədbirlərin görülməsidir. Bu istiqamətdə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması xüsusi qeyd edilməlidir.

Mənsur Piriyev: "Bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir"

Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də paytaxt nəqliyyatında uzun illər yığılıb qalan problemlərin yoluna qoyulması, sərnişinlərin rahatlığı, mənzil başına daha təhlükəsiz və rahat getməsi üçün ardıcıl tədbirlərin görülməsidir. Bu istiqamətdə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması xüsusi qeyd edilməlidir. Sözügedən qurumun yaradılmasında məqsəd, Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi idi. Həm Bakı Nəqliyyat Agentliyinin yaradılması, həm də bundan əvvəl Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə paytaxt nəqliyyatında uzun illər yığılıb qalan problemlərin böyük bir qismi həll edildi desək yanılmarıq. Sözügedən qurumların yaradılmasından keçən qısa bir zaman ərzində paytaxtın ictimai nəqliyyat şəbəkəsində müsbət irəliləyişlərin baş verdiyi göz önündədir. Sərnişinlərin rahatlığı üçün paytaxta yeni avtobusların alınıb gətirilməsi, nəğdsiz hesablaşmanın ləğvi məqsədilə Bakıkart sisteminin tətbiq edilməsi, eləcə də digər atılan addımlar bu sıradadır. Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart" vasitəsi ilə həyata keçirilir. Ümumilikdə isə "Bakıkart" sisteminə qoşulan nəqliyyat vasitələrinin sayı 477-yə çatıb. Bütün bunlar təbii ki sərnişinlərin rahatlığı üçün edilir. Ancaq onu da etiraf etmək lazımdır ki, bir çox hallarda bəzi sərnişinlərimiz demək olar ki, ictimai nəqliyyatdan istifadə qaydalarını bilmir, ona əməl etmirlər. Gündəlik ictimai nəqliyyat kimi istifadə etdiyimiz avtobuslarda rastlaşdığımız  mənfi hallar, bəzi sərnişinlər tərəfindən ictimai nəqliyyata zərər vurma, hətta ondan nəsə oğurlama kimi hallar dərin təəssüf hissi doğurur.

Məlumat üçün bildirək ki, elə bu günlərdə bir neçə nəfər əvvəlcədən əlbir olaraq paytaxtdakı "BakuBus" MMC-yə məxsus avtobuslardan birinə daxil olaraq oradan sərnişinlərin gözü qarşısında qəza vəziyyətlərində şüşənin qırılması üçün qoyulmuş aləti oğurlayıb. Və bu zaman sərnişinlər heç bir reaksiya verməyiblər. Bu kimi vəziyyətdən "BakuBus" MMC-də narahatdır və Cəmiyyətin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev deyir ki, ictimaiyyət nümayəndələri, sərnişinlər də ictimai nəqliyyatda, avtobuslarda bu kimi hallarla qarşılaşdıqda öz etirazlarını bildirməli, bu cür mənfi hallara qarşı barışmaz olmalıdır. İctimai nəqliyyata, avtobuslara vurulan hər bir ziyan bu və ya digər dərəcədə hər birimizə mənfi təsir göstərir.

Çünki hər birimiz həmin nəqliyyat vasitəsindən istifadə edirik: "Sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə təşkil olunmasını, inkişafını arzulayır və tələb edirik. Əlbəttə bu hər bir sərnişinin haqqı olmaqla yanaşı daşıyıcı şirkətin də qarşısında duran əsas vəzifədir. Ancaq təəssüf ki, bu xidmət sahəsinin yüksək səviyyədə təşkilinə maneə yaradan arzuolunmaz vərdişlərə, "zərərvericilərə" qarşı mübarizədə bəzən sərnişinlərimiz kifayət qədər fəallıq göstərmir, vətəndaş mövqeyi ortaya qoymaq istəmirlər".  Mənsur Piriyev hesab edir ki, müntəzəm olaraq  nümayiş olunan fotoşəkillərdəki qayda pozuntuları və avtobusa vurulan ziyan əslində ictimai maraqlara vurulan ziyandır: "Təəssüf ki, bu hadisələr bəzən onlarla sərnişinin gözü önündə baş versə də həmin şəxslərə layiqli münasibət bildirilmir, qanunsuz əməllərinə ətrafdakı sərnişinlər göz yumur. Nəzərə almaq lazımdır ki, İctimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur. Təbii ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir"."BakuBus" rəsmisi deyir ki,  ancaq bu kimi halların qarşısının əvvəlcədən alınmasında və "köhnə vərdişlərini" tərgidə bilməyən "zərərvericilərə" qarşı digər sərnişinlərin ortaya qoyduğu münasibət və İctimai qınaq xüsusi əhəmiyyət daşıyır: "Bir daha sərnişinlərimizi ictimai maraqlara xidmət edən nəqliyyat vasitəsinə -avtobusa maddi ziyan vuran, zədələyən və onun normal fəaliyyəti üçün maneə yaradan şəxslərə qarşı ictimai fəal vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu hər bir ictimai nəqliyyat vasitəsinin içərisində ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz rahatlığı, təhlükəsizliyi üçün lazım olan münasibəti ortaya qoymalı və ya aidiyyatı qurumlara məlumat verməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31