Azərbaycan dövləti müstəqil mətbuatın inkişafında maraqlıdır
Gündən-günə qüdrətlənən, beynəlxalq aləmin aparıcı subyektlərindən birinə çevrilən gənc müstəqil Azərbaycan dövləti təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində kifayət qədər uğurlar qazanmışdır. Dövlətimizin bu qədər nailiyyətlərə imza atmasının bir səbəbi ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs və həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidirsə, digər səbəbi də dünya miqyasında mövcud olan mütərəqqi məzmunlu fəaliyyət birliklərinin hamısına qoşulmağımızdır.
25 Dekabr 2017 15:33 SosialÖlkədə söz və mətbuat azadlığının təmin olunmasına xüsusi önəm verilir
Gündən-günə qüdrətlənən, beynəlxalq aləmin aparıcı subyektlərindən birinə çevrilən gənc müstəqil Azərbaycan dövləti təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində kifayət qədər uğurlar qazanmışdır. Dövlətimizin bu qədər nailiyyətlərə imza atmasının bir səbəbi ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs və həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidirsə, digər səbəbi də dünya miqyasında mövcud olan mütərəqqi məzmunlu fəaliyyət birliklərinin hamısına qoşulmağımızdır. Bu gün ölkəmiz özündə bəşəri dəyərləri ehtiva edən bütün beynəlxalq müqavilə, pakt və konvensiyalara qoşulub. Ölkəmizdə xüsusilə diqqət yetirilən sahələrdən biri də söz və mətbuat, fikir azadlığıdır. İnsafən qeyd edilməlidir ki, Azərbaycanda sadalanan sahələrlə bağlı elə şərait yaraıb ki, artıq bu sahələrdəki problemlərdən deyil, inkişafdan söhbət gedə bilər. Yeri gəlmişkən xatırladaq ki, hazırda Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması məqsədilə bütün imkanlar yaradılıb. Çünki ölkəmizdə hesab olunur ki, söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Ölkədə söz və mətbuat azadlığının təmin olunması məsələsinə prezident İlham Əliyev də xüsusi diqqətlə yanaşır. Dövlət başçısı təkcə tapşırıq və tövsiyyələrində deyil, özünün timsalında atdığı addımlarla müstəqi mətbuatın inkişafında maraqlı olduğunu sübut edib. Bu baxımdan dövlət başçısının söylədiyi fikirlri təsadüfi hesab etmək olmaz: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
Məhz Azərbaycanda görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsi, ölkədəki demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə imkan verir. Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış edir və əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq hər bir KİV-nin və jurnalistin hüquqları dövlət tərəfindən qorunur. Başqa sözlə, Azərbaycanda heç kim sərbəst düşüncəsinə görə təqib edilmir. Ölkədə söz və mətbuat azadlığının olmadığını iddia edən və fəaliyyətini ancaq iqtidarı əsassız tənqid üzərində quran müxalifət mətbuatı belə fikir söyləmkdə sərbəstdir. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda, cəmiyyətə çatdırmaqda azaddır. Belə ki, istənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaq və yaymaq imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya vasitələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, əgər əsasları varsa tənqid də edirlər. Vəzifəli şəxslərin, məmurların tənqidi mətbuat üçün demək olar ki, adi normadır. Mətbuatda tənqid olmalıdır və Azərbaycanda da digər demokratik cəmiyyətlərdə olduğu kimi bu, normal qəbul olunur. Dövlətimizin başçısı İlham Əliyev cəmiyyətdə müsbət meyllərin daha da gücləndirilməsi, xoş ab-havanın təmin edilməsi üçün xəbər balansının qorunması ilə bağlı tövsiyələrini çatdıraraq demişdir: "Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun". Lakin hər şeyin həddi olduğu kimi söz və ifadə azadlığının da sərhədi olmalıdır. Konkret olaraq tənqid adı altında qara yaxmaq, təhqir, şantaj etmək isə yolverilməzdir. Jurnalistika fəaliyyəti o demək deyil ki, böhtan atmalı, şantaj etməli, dezinformasiya yaymalısan. Təbii ki, bu zaman böhtanın, şantajın, yalanın hədəfi olanlar qanunvericilik çərçivəsində öz hüquqlarını müdafiə etmək məcburiyyətində qalacaqlar. Onu da diqqətə çatdıraq ki, bütün sivil dövlətlərdə olduğu kimi Azərbaycanda da bu məsələlər qanunvericiliklə tənzimlənir. Sözügedən qanunvericiliyin isə beynəlxalq standartlara cavab verdiyi dəfələrlə təsdiqlənib.
Nəzərə almaq lazımdır ki, jurnalist olmaq heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla müqayisədə üstün səlahiyyətlər vermir. Jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs yaşadığı və fəaliyyət göstərdiyi ölkənin qanunlarına riayət etməyə borcludur. Elə bu səbədən də indiyədək Azərbaycanda peşə qanunvericiliyinə əməl edən heç bir jurnalist həbs olunmayıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün özünü jurnalist hesab edən bəziləri mətbuatda yol verdikləri etik pozuntuları, vergidən yayınmanı, xuliqanlığı, hətta adi məişət səviyyəsində üzləşdikləri məsələləri söz azadlığının boğulması kimi qələmə verməyə çalışır, hüquqazidd əməllərini mətbuata təzyiq kimi pərdələməyə cəhd göstərirlər. Qəzet və ya jurnalistin məhkəməyə verilməsi tamamilə demokratik normadır və bu, mətbuata təzyiq kimi qiymətləndirilə bilməz. Danılmaz faktdır ki, bir sıra hallarda mətbuatda etik tələblərin pozulması, təhqir və şantaj, məqsədyönlü şəkildə yalan məlumatların yayılması kimi hallar baş verir. Amma buna görə heç bir jurnalist döyülmür və ya heç bir redaksiyaya basqın edilmir. Bu mənada Azərbaycanda mətbuat azadlığının olmaması barədə xarici hesabatlarda yer alan fikirlər yalandan başqa bir şey deyil. Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, siyasi dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata çıxış imkanlarının məhdudlaşdırılmasına dair bir fakt belə göstərə bilməzlər. Odur ki, onların Azərbaycan mətbuatı ilə bağlı qənaətləri tamamilə obyektivlikdən uzaqdır. Bu cür yalanlar ənənəvi olaraq ölkəmizə qarşı həyata keçirilən antimilli kampaniyanın tərkib hissəsidir. Söz azadlığının pozulması ilə bağlı heç bir fakta əsaslanmadığına görə belə hesabatlar tamamilə qeyri-obyektiv mülahizələrdən ibarətdir.
Bir daha xatırladaq ki, söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda, insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür. Azad söz, müstəqil fikir uğrunda mübarizə bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqının tarixində də mühüm yer tutur. Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikası nəinki Avropada, hətta bütün dünyada əsas insan hüquq və azadlıqlarının, həm də söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün daim zəruri addımlar atır. Azərbaycan əhalisinin, təxminən, 80 faizinin internetə çıxışı olan azsaylı ölkələrdəndir. Bu isə dövlətin azad sözə, müstəqil mətbuata verdiyi sərbəstliyin, göstərilən qayğının təzahürüdür. Müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salsaq, Azərbaycan hökumətinin mətbuatın inkişafında nə qədər maraqlı olduğu aydın olar. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir. Etiraf edilməlidir ki, bu gün də ölkədə söz və mətbuat azadlığına xüsusi diqqət və qayğı göstərilir. Jurnalistlərin maddi və məişət problemlərinin həlli, jurnalist peşəkarlğının artırılması, məlumat azadlığının təmin edilməsi sahəsində görülən işlər, müstəqil mətbuatın stunlarının möhkəmlənməsi məqsədilə qəbul edilən qanunvericilik aktları nəticə etibarilə Azərbaycanda söz və mətbuat azadlığının inkişafına xidmət edir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir