Dünyada baş verən məzhəb savaşları ən yüksək həddə çatıb
Bu günlərdə Azərbaycan dini müstəvidə daha bir beynəlxalq tədbirə evsahibliyi edərək nə dərəcədə tolerant, multikultural bir ölkə olduğunu bir daha sübuta yetirdi. Secindirici hal ondan ibarətdir ki, günümüzdə Azərbaycanın ortaya qoyduğu bu mövqe beynəlxalq aləm, dünya dövlətləri tərəfindən təqdir edilir, dəstəklənir.
25 Dekabr 2017 14:26 SosialAzərbaycanda "İslam Həmrəyliyi İli"nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır
Bu günlərdə Azərbaycan dini müstəvidə daha bir beynəlxalq tədbirə evsahibliyi edərək nə dərəcədə tolerant, multikultural bir ölkə olduğunu bir daha sübuta yetirdi. Secindirici hal ondan ibarətdir ki, günümüzdə Azərbaycanın ortaya qoyduğu bu mövqe beynəlxalq aləm, dünya dövlətləri tərəfindən təqdir edilir, dəstəklənir. Çünki Azərbaycan dünyanın dörd bir yanında baş verən qarşıdurmalar, məzhəb savaşlarının fonunda beynəlxalq aləmə İslam həmrəyliyi təqdim edir, onun inkişaf etməsinə çalışır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da deyir ki, bu gün dünyada baş verən məzhəb savaşları, vətəndaş müharibələri nəticəsində sosial-siyasi gərginlik ən yüksək həddə çatıb. Onun sözlərinə görə, Avropa məkanında baş verən dözümsüzlük, ksenofobiya, islamafobiya kimi meyillər radikalizm, ekstremizm kimi qorxulu təzahürlərin meydana gəlməsinə şərait yaradıb: "Çox təəssüf ki, bu təzahürlərin faciəli nəticələrindən ən çox İslam dünyası və müsəlmanlar əziyyət çəkir. Bu gün İslam aləmi öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir və əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı vardır. Bu baxımdan Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamla ölkədə "İslam Həmrəyliyi İli" elan etməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti vardır. Müsəlman ölkələri arasında mənəvi həmrəyliyə daha çox ehtiyacın yarandığı müasir dövrümüzdə Prezident İlham Əliyevin bu mütərəqqi addımı dövlət başçımızın humanistliyinin göstəricisi olmaqla yanaşı, eyni zamanda ölkəmizin İslam dünyasının birliyinə olan həssas münasibətidir. Bu çağırış İslam coğrafiyasında yaşayan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, həmçinin İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha diqqət mərkəzinə çəkməyə xidmət edir. Müsəlman ölkələr arasında Azərbaycan ilk ölkədir ki, İslam həmrəyliyini siyasi xətt səviyyəsinə yüksəldib və bütün 2017-ci ili həmin ideyaların təbliği istiqamətində əməli fəaliyyətə həsr edib. Dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasını günümüzdə sıxan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə təkan verəcək. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir". Komitə sədri deyib ki, Azərbaycanda milli və dini tolerantlıqla bağlı vəziyyət, konfessiyalararası dözümlülük, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarakter daşıyıb. Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanda "İslam Həmrəyliyi İli"nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır: "Digər din nümayəndələri ilə müsəlmanlar arasında unikal bigəyaşayış modelinə malik olan ölkəmiz bu birlik çağırışı ilə yalnız dünya müsəlmanlarını deyil, etiqadından asılı olmayaraq bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İslam həmrəyliyi" ilə bağlı çağırışını məhz Ulu Öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində irəli sürdüyü "İslam birliyi" ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır. Çünki dünya siyasətinin dahilərindən biri, yüksək zəkaya, uzaqgörənliyə malik olan Heydər Əliyev dünyada gedən siyasi proseslərin dərin bilicisi kimi İslam dünyasının güclənməsi, söz sahibi olması və müsəlman xalqlarının inkişaf etməsi məqsədilə hər zaman İslam ölkələrinin birliyinə, vəhdətinə nail olmağa çalışmış və hər bir müsəlman dövlətini, xalqını, şəxsini bu yolda birgə fəaliyyətə çağırmışdır. Müsəlman ölkələrinin bir çox rəhbərləri, siyasi xadimləri ilə bir neçə onilliklərə dayanan tanışlıq, Heydər Əliyev şəxsiyyətinə olan hörmət və xoş münasibət Azərbaycan Respublikasının İslam dünyasında tanıdılmasına şərait yaratmışdır. Ulu Öndər çox dəqiq bilirdi ki, dünyada dinimizə qarşı təhdidlərin artdığı, İslamın terrorla bir tutulmağa başladığı, müsəlman ölkələrində məzhəb münaqişələrinin baş verdiyi bir dövrdə yalnız həmrəylik, ortaq məxrəc, birgə atılan addımlar nəticəsində ayaq üstə durmaq, güclənmək, tərəqqiyə nail olmaq olar. Təsadüfi deyil ki, artıq 20 ilə yaxındır ki, İslam dünyasının bir çox ölkələri böyük ictimai, siyasi, hərbi və humanitar böhranlarla üz-üzə qalmış, minlərlə müsəlman münaqişələrdə həlak olubvə ya öz yurd-yuvalarından uzaq düşərək dünyanın müxtəlif ölkələrinə üz tutub. Fəaliyyətində İslam aləmindəki həmrəylik, dostluq və qardaşlığın möhkəmləndirilməsini əsas götürən Ulu Öndər dünyanın bir çox yerlərində İslam dininin əsaslarına, müsəlman ölkələrinə qarşı qərəzli həmlələrin aparıldığı bir dövrdə dini fəaliyyət sahələrində gedən prosesləri əlaqələndirmək və düzgün istiqamətləndirmək üçün fikir mübadiləsinin aparılmasını, dini-mənəvi dəyərlər məsələsinə münasibətdə dəqiq, aydın, perspektivli və vahid mövqeyin işlənib hazırlanmasını zəruri hesab edib". Komitə sədri qeyd edib ki, dövlətimiz milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində mühüm işlər görür: "Ölkə rəhbəri bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. "Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik"- deyən Prezident İlham Əliyev hər zaman mənəvi irsimizin mühafizəçisi rolunu oynayır. Milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində Heydər Əliyev Fondunun və onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyətinin çox böyük rolu var. Qeyd edək ki, Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı-Azərbaycan" layihəsi çərçivəsində bugünədək Azərbaycanda və digər ölkələrdə onlarla tədbir həyata keçirmişdir. Fondun milli-mənəvi dəyərlərin unudulmaması, dünyada tanıdılması istiqamətində atdığı addımlar, gördüyü işlər təqdirəlayiqdir. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Fond milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində dayanmadan çalışır".
Məhəmməd