Nikah müqaviləsi nə üçün lazımdır?

Uzun illərdir ki, Azərbaycanda nikah müqaviləsinin bağlanması imkanı mövcud olsa da nikaha daxil olan şəxslərin bu müqaviləni bağlamağa marağı çox azdır. Nikah müqaviləsi ilk baxışdan əhəmiyyətsiz kimi görünə bilər. Düşünmək olar ki, əgər bu müqaviləni bağlayanların sayı azdırsa, deməli onun mövcudluğu mənasızdır. Lakin nəzərə almaq lazımdır ki, bu gün sözügedən müqavilənin mahiyyəti tam düzgün anlaşılmadığı üçün onun tətbiqi də çox az müşahidə olunur. Hesab edirəm ki, cəmiyyətimizin bu müqavilənin mahiyyətini, faydalarını düzgün başa düşüb dərk etməsi üçün təbliğatlar aparılmalı və insanlara onun üstünlükləri izah edilməlidir.

Bu sənəd əmlak mübahisələrini aradan qaldırır, gələcək sosial təminatın qarantı kimi çıxış edir

Uzun illərdir ki, Azərbaycanda nikah müqaviləsinin bağlanması imkanı mövcud olsa da nikaha daxil olan şəxslərin bu müqaviləni bağlamağa marağı çox azdır. Nikah müqaviləsi ilk baxışdan əhəmiyyətsiz kimi görünə bilər. Düşünmək olar ki, əgər bu müqaviləni bağlayanların sayı azdırsa, deməli onun mövcudluğu mənasızdır. Lakin nəzərə almaq lazımdır ki, bu gün sözügedən müqavilənin mahiyyəti tam düzgün anlaşılmadığı üçün onun tətbiqi də çox az müşahidə olunur. Hesab edirəm ki, cəmiyyətimizin bu müqavilənin mahiyyətini, faydalarını düzgün başa düşüb dərk etməsi üçün təbliğatlar aparılmalı və insanlara onun üstünlükləri izah edilməlidir. Hüquqşünas Rövşən Qasımov bildirib ki, nikah müqaviləsi ilk növbədə əmlak rejim müqaviləsidir. Ər-arvadın, o cümlədən, üçüncü şəxslərin maraqlarının qorunmasını əsas tutaraq, Ailə Məcəlləsinin 38.6-cı maddəsində bu müqavilənin azadlığının müəyyən bəndləri müəyyən olunmuşdur: "Yəni, bu müqavilədə ər-arvadın qeyri-əmlak hüquq və vəzifələri nəzərdə tutula bilməz. Bu müqavilə uşaqlarla münasibətdə hüquq və vəzifələr də müəyyənləşdirilə bilməz. Eləcə də, ər-arvad bir-birlərinin əmək fəaliyyəti və ixtisas seçmək kimi hüquqları və tərəflərin məhkəməyə müraciət etmək hüququ bu müqavilə ilə məhdudlaşdırıla bilməz. Müqaviləyə həmçinin, tərəflərin bir-birini sevməsi, hörmət etməsi kimi şəxsi və mənəvi dəyərlər barədə müddəalar daxil edilə bilməz. Bir sözlə müqavilədə ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Bu tələbləri pozan şərtlər əhəmiyyətsizdir və müqavilə bağlandığı andan etibarsız hesab edilir". Onun sözlərinə görə, son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir. Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Lakin bəzi ölkələrdə boşanma zamanı bizim ailələrdə yaşanan problemlərə bənzər problemlər yaşanmır və tərəflər düşmənə çevrilmirlər. Bunun səbəbi bəzi ölkələrinin təcrübəsində tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlamasıdır: "Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir. Əslində isə belə bir müqavilənin, razılaşmanın olmaması tərəflər arasında əmlak mübahisəsi mərhələsində ciddi problemlər doğurur. Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini,ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər". Hüquqşünas bildirib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər: "Bununla belə, əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Tərəflər nikah müqaviləsi bağlayarsa, qabaqcadan tərəflər bundan fərqli mövqelər müəyyən edə bilərlər. Məsələn, müqavilədə onların nigah müddətində əldə etdikləri mülkiyyətin bölünməsinin fərqli qaydası müəyyən edilə bilər. Nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir. Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayan cütlüklərin sayının çox az olduğunu deyən hüquqşünas qeyd edib ki, rəsmi məlumatlara görə, bu göstərici qeydə alınan nikahların 1 faizini də təşkil etmir: "ikah müqaviləsinin bağlanmasının məcburiliyi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi heç də prosesə müsbət təsir edə bilməz. Çünki müqavilənin məcburiləşdirilməsi müqavilə azadlığı prinsipinə ziddir. Müqavilə tərəflərin razılığı ilə, məcburiyyət olmadan, tərəflər heç bir basqı altında qalmadan bağlanmalıdır. Cəmiyyətdə nikah müqaviləsinin mahiyyətinin, üstünlüklərinin düzgün başa düşülməsi üçün təbliğat aparılmalı, VVAQ şöbələri nikah üçün müraciət edənlərə bu müqavilənin üstünlüklərini izah etməli, gənclər arasında təbliğat aparılmalıdır. Cəmiyyət bu müqavilənin əsl mahiyyətini dərk etməyincə, müqavilənin bağlanmasına nail olmaq çətin olacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31