Dəməşqdə səhər yeməyi, Qahirədə nahar, Ankarada şam...
21 Dekabr 2017 10:42 SosialUşaqlıqdan bir-iki kəlmə yazacam. O çağların unudulmaz məqamlarından biri də uşaqlıq davaları, savaşları idi. Bütün oğlan uşaqları o məktəbi keçib və indi də keçirlər-döyürlər, döyülürlər...
Sözüm bunda deyil. Dalaşanlardan savayı seyrçilər və bir də araqızışdıranlar olurdu.
Yadıma düşən də o araqarışdıranlardı. Bərk can-fəşanlıq edir, əldən-ayaqdan gedirdilər, dava üçün münasib yer seçir, seyrçilərin darıxmaması, davanın daha çox tamaşaçı toplaması üçün bilmirdilər ki, nə etsinlər!
Bəlkə qəribə səslənəcək, amma dövlətlərin siyasətinə, bəzi böyük siyasət adamlarının davranışına ötəri nəzərə salanda yadıma elə həmin araqarışdıranlar düşür.
O gün bir rusiyalı təhlilçinin yazısını oxuyurdum. Onların yazısını adətən Rusiyanın bu və ya digər məsələyə münasibətini bilmək üçün və bundan təhlillərimdə istifadə etmək üçün oxuyuram.
Gözüm bir cümləni tutdu. Rusiyalı həmkarımız şövqlə yazırdı ki, bəs V.Putin səhər yeməyini Dəməşqdə, naharı Qahirədə, şam yeməyini də Ankarada yeyir!
Bəli, həmin araqarışdırmaq məsələsi... Haradasa bir çaxnaşma olanda sanki Rusiya üçün toy-bayram olur, əldən-ayaqdan gedirlər, bir də görürsən, vuruşanlar-boğuşanlar bircə tərəfdə qalıb, bunlar əməlli-başlı meydan sulayırlar!
Nə gizlədək, hazırda Qüdslə bağlı qərar da az qala, Suriya münaqişəsini də arxa plana keçiribdir.
Ölkəmizin də, bir siyasi təhlilçi kimi elə özümüzün də olaya münasibəti artıq bəllidir və əlavə ediləsi ştrix yoxdur. Hiss olunansa budur ki, nə ABŞ-ın geri çəkilmək fikri var, nə də islam ölkələrinin.
Narahatlıq yaradan da odur ki, məsələ daha böyük diplomatik qalmaqala və hətta lokal hərbi qarşıdurmaya qədər inkişaf edə bilər. Bu isə Azərbaycanı daha birmənalı seçim qarşısında qoya bilər ki, bunu heç istəməzdik.
Ötən dəfə də qeyd etmişdik ki, "ərəblərin özündən də artıq ərəb" ola bilmərik və düşünürük ki, bu yanaşma həm Bakının, həm də Ankaranın siyasəti üçün "qırmızı xətt" olmalıdır.
Təbii, real siyasəti təhlilçilər müəyyənləşdirmir, onu siyasət və diplomatiya adamları edir. Amma yenə də düşünürük ki, Şərqi Qüdsdə səfirlik açmaq çağırışları hətta lokal hərbi qarşıdurmalar yaratmaq gücündədir, çünki Qüds tamamilə İsrailin nəzarətindədir və real olaraq Şərqi Qüdsdə hansısa səfirlik açmaq mümkün deyildir, bunu uzağı, elan etmək olar və nəticəsi isə böyük diplomatik qalmaqallar olacaq.
Hamı dərk edir ki, problemli durumdur. İsrail də çox qətiyyətli görünsə də, duyulur ki, məsələnin böyüməsi, qarşıdurma xarakteri alması onları da narahat edir. Eyni sözləri ABŞ və islam ölkələrinin siyasətçiləri haqda da demək mümkündür.
Məsələdən bütün tərəflərdə daxili siyasi konyunktura məqsədilə də yararlanmaq cəhdləri də var. Elə İsrailin özündə dərhal sezilir bu. Baş nazir B.Netanyahu dəfələrlə korrupsiya ittihamı ilə bağlı ifadə vermişdi, Qüdslə bağlı qərarın ərəfəsində ölkədə ona qarşı istefa tələbli mitinqlər, aksiyalar keçirilirdi.
Trampın da prezident kimi vəziyyəti ideal deyildi, sorğulara inansaq, reytinqi təşviş doğuracaq dərəcədə aşağı idi, indisə onun ən azı yəhudi diasporunun timsalında güclü dəstəyi var, hərçənd, bəzi iddialara görə, qərara münasibətdə yəhudi diasporası tamamilə birmənalı mövqe tutmayıb, çünki yəhudilər də İsrailin qonşuları ilə münasibətlərinin son həddə qədər gərginləşə bilməsindən ehtiyat edirlər - axı, barıt çəlləyi üstündə oturmaq elə də rahat deyil.
Doğrusu, qardaş Türkiyənin məsələnin yükünü üzərinə götürməsi bizi narahat edir, çünki digər böyük müsəlman ölkələri - İran və xüsusən də Səudiyyə Ərəbistanı "bulanıq suda balıq tutan" kimi görünürlər.
Təəssüf ki, Türkiyədə də bəzən nəyin dövlət, nəyin mövcud hakimiyyət üçün edildiyini müəyyən etmək çətin olur. ABŞ-dakı məhkəmə, CHP-nin ittihamları Qüds məsələsi fonunda "arxa plan"a keçdi, amma burada da iki nüans var.
Birincisi, əbədi olaraq belə olmayacaq, Qüds problemi yarım əsrdən çoxdur həllini tapa bilmir, indi durub bir günün içində həll olunacaqmı?..
İkincisi, ABŞ-ın sərəncamında Türkiyəyə qarşı daha bir "rıçaq" da var ki, bu da kürd məsələsidir. İndi Türkiyənin içindəki kürdlər dəstəklənə bilər. Rusiya təhlilçiləri bunu amerikalı həmkarlarına xatırlatmaq üçün lap əldən-ayaqdan gedirlər.
Bir sözlə, qəliz vəziyyətdir. Gümrah görünən təkcə Rusiyadır - bəli, Dəməşqdə səhər, Qahirədə nahar və Ankarada da şam yeməyi! Necə deyər, kef elə, Vova!..
Hüseynbala Səlimov