Dövlətin atdığı addımlar fikir və söz azadlığının inkişaf etdirilməsinə hesablanıb
Günümüzdə müstəqil Azərbaycan Respublikasında hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də bir inkişaf, tərəqqi müşahidə edilir. Hazırda Azərbaycanda mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətlər, region mətbuatında oynadığı rol, tutduğu mövqeyə də səbbə olan bir sıra amillər vardır ki, həmin amillərə qısaca nəzər yetirmək məqsəduyğun olar.
20 Dekabr 2017 16:38 SosialGünümüzdə müstəqil Azərbaycan Respublikasında hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də bir inkişaf, tərəqqi müşahidə edilir. Hazırda Azərbaycanda mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətlər, region mətbuatında oynadığı rol, tutduğu mövqeyə də səbbə olan bir sıra amillər vardır ki, həmin amillərə qısaca nəzər yetirmək məqsəduyğun olar.
Ölkə mediası, kütləvi informasiya vasitələrinin inkişafına səbəb olan başlıca amillərdən biri ona dövlət tərəfindən hərtərəfli qayğının, diqqətin göstərilməsi, daima medianın dövlətin dəstəyini hiss etməsidir. Bu hazırda da belədir, 10 il əvvəl də belə olub. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli dövlət qayğısı ilə əhatələnib. Çünki bu diqqət və qayğının təməli, bünövrəsi düzgün qoyulub. Hələ zamanında ümummiilli lider Heydər Əliyevdən başlayan bu qayğı, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar günümüzdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Media, kütləvi informasiya vasitələrinə dövlət qayğısı nədən ibarət olub və özündə nələri ehtiva edib, ardıcıllıqla onlara diqqət yetirək.
Birincisi, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə ölkədə sovetlərin zamanından qalan senzura ləğv edildi, media, kütləvi informasiya vasitələri daha azad, müstəqil şəkildə, heç bir senzuradan keçmədən dərc olunmağa, nəşr edilməyə başladı. O zaman qəbul edilən bu qərar tarixi bir addım idi və təkcə Azərbaycanda deyil, eləcə də dünyada müsbət efekt, münasibət yaratmışdı.
İkincisi, ümummilli lider Heydər Əliyev 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etdi. Eyni zamanda 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının inkişaf etdirilmısi baxımından mühüm addım oldu və medianın, kütləvi infirmasiya vasitələrinin inkişf etməsi üşün əlverişli şərait yaratdı.
Üçüncüsü, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olundu. Beləliklə də, dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyuldu. Müstəqil Azərbaycanın atmış olduğu bu addım da beynəlxalq aləm tərəfindən təqdir edildi, müsbət qiymətləndirildi.
Dördüncü, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bundan sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" haqqında Azərbaycan Respublikasının qanunları qəbul edildi. Bütün bunlar da öz növbəsində kütləvi informasiya vasitələrinin inkişafına, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən amillərdən idi.
Beşincisi, ümummilli lider Heydər Əliyevin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq etdiyi "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı.
Altıncısı, ən mühüm addımlardan biri ümummilli lider Heydər Əliyev tərəfindən qəzetlərin, kütləvi informaasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması oldu. Və təbii ki, Heydər Əliyevin atmış olduğu bu addım müstəqilliyini yenicə əldə etmiş kütləvi informasiya vasitələrinin ağır maddi vəziyyətdən çıxması və onların maddi-texniki bazasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Ümummilli lider Heydər Əliyevin vəfatından sonra da kütləvi informasiya vasitələri, media, mətbu orqanlara diqqət və qayğı davam etdi. Çünki yiuxarıda qeyd etdiyimiz kimi bu prosesin təməli, bünövrəsi sağlam idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən media, kütləvi informasiya vasitələrinə diqqət və qayğı ilə yanaşdı, onların üzləşdiyi problemləri ümumiləşdirib, həmin problemlərin həlli istiqamətində ardıcıl, məqsədyönlü addımlar atdı. Bu addımlar hansılar idi, onlara diqqət edək.
Birincisi, zamanında ümummilli lider Heydər Əliyev tərəfindən qəzetlərin, kütləvi informasiya vaitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulmasından sonra bu dəfə Cənab İlham Əliyev həmin borcları tamamilə ləğv etdi.
İkincisi, media qurumları, kütləvi informasiya vasitələrinin təsis edilməsi, yaradılması istiqamətində mövcud olan brokratik əngəllər aradan qaldırıldı, onlar üçün lazım olan bir sıra hüquqi prosedurlar sadələşdirildi. Bu da öz növbəsində ölkədə müstəqil medianın daha da inkişaf etməsinə müsbət təsir göstərən amillərdən idi.
Üçüncüsü, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edildi. Cəmi bir il sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Artıq 10 ilə yaxındır ki, ölkədə fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələrinin layihələri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirlir. Eyni zamanda fondun elan etdiyi müsabiqələr əsasında qalib gələn mətbuat nümayəndələri, jurnalistlər mükafatlandırılır. Heç şübhəsiz ki. bu da müstəqil mətbuatın inkişafına müsbət təsir edən amillərdəndir. Bir məqama xüsusi diqqət çəkmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrini maliyyələşdirdiyi qəzetlərin hamısı məhz müstəqil media qurumlarıdır. Rəsmi dövlət qəzetləri bu yardımdan kənarda qalırlar. Bu faktın özü də bir daha sübut edir ki, Azərbaycan dövləti müstəqil medianın, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsinə ciddi şəkildə maraqlıdır və davamlı olaraq buna yönəlik addımlar atır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bunun bariz nümunəsidir.
Dördüncü, ən mühüm addım jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlətin atmnış olduğu addımdır. Məlumdur ki, bu çərçivədə artıq iki hündürmərtəbəli, çoxmənzilli yaşayış binası tikilib jurnalistlərə pulsuz şəkildə paylanılıb. Hazırda daha bir yaşayış binasının tikintisi işləri davam edir.
Bütün bu sadaladığımız məqamlar, eləcə də ölkədə çoxlu sayda qəzet və digər kütləvi informasiya vasitəsinin mövcudluğu, onların problemsiz, maneəsiz, heç bir basqı olmadan fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı mövcuddur və bu mövcudluqda dövlət də xüsusi maraqlıdır. Bu gün Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsinin fəaliyyət göstərdiyi qeyd edilir. Eləcə də ölkədə yüzlərlə elektron portal, informasiya agentliyi və televiziya kanalı fəaliyyət göstərir. Ən ciddi nüans ondan ibarətdir ki, ölkədə müstəqil medianın mövcudluğunda, fikir, söz, ifadə azadlığının tıəminatında dövlət də maraqlıdır. Bunun əyani sübutu kimi Azərbaycan Respublikasının Prszidenti Cənab İlham Əliyevin jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı söylədiyi fikirləri göstərə bilərik. Dövlət başçısı media ilə bağlı bunları deyib:"Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır. İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir