Bələdiyyələr tərəfindən ciddi pozuntulara yol verilir

17 ildir ki, ölkədə yerli özünüidarə orqanı kimi fəaliyyət göstərən bir sıra bələdiyyələr hələ də özlərini tam şəkildə təsdiq edə bilməyiblər. Belə ki, yerli icra hakimiyyəti orqanlarının təsiri altına düşən bələdiyyələr bir çox hallarda ya qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən istifadə edə bilmir, ya da öz funksiyalarını yerinə yetirməkdə qətiyyətsizlik nümayiş etdirilər.

Qüsurların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması, maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlıdır

17 ildir ki, ölkədə yerli özünüidarə orqanı kimi fəaliyyət göstərən bir sıra bələdiyyələr hələ də özlərini tam şəkildə təsdiq edə bilməyiblər. Belə ki, yerli icra hakimiyyəti orqanlarının təsiri altına düşən bələdiyyələr bir çox hallarda ya qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən istifadə edə bilmir, ya da öz funksiyalarını yerinə yetirməkdə qətiyyətsizlik nümayiş etdirilər. Maraqlı məqam ondan ibarətdir ki, bər sıra bələdiyyələr qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən istifadə etmək əvəsinə, qanunsuz qərarların qəbul edilməsində maraqlı görünürlər. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən verilən məlumata görə, ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından keçən 17 il ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları xeyli təkmilləşdirilib, çoxsaylı maarifləndirmə işləri aparılıb. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər üzrə araşdırma zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3000-ə yaxın tövsiyə göndərilib. Onlar yerli büdcənin müzakirəsi, aktların inzibati nəzarət orqanına vaxtında təqdim edilməsi, protokolların düzgün tərtibi, bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, yerli vergilərin yığılması və digər məsələlərlə bağlı olub. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilib.
Bununla belə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət işinin təhlili göstərir ki, bələdiyyələr tərəfindən ciddi pozuntulara hələ də yol verilir. Bu qüsurların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması, maliyyə vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyənin işinin düzgün təşkil olunmaması və sair ilə bağlıdır. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun tələblərinə uyğun olaraq 2017-ci ilin 9 ayı ərzində inzibati nəzarət qaydasında baxılması üçün inzibati nəzarəti həyata keçirilən ədliyyə orqanlarına icraatına 44 mindən çox bələdiyyə aktı daxil olub. Bu aktların hər birinin hüquqi ekspertizası aparılıb və nəticədə aktların 95 faizdən çoxu qanunvericiliyə uyğun hesab edilib, 3.9 faiz aktın dəyişdirilməsi və ya ləğv edilməsi məqsədi ilə təkliflər verilib. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən qəbul edilən aktların 564-ü dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılıb, digər aktlar isə ləğv edilib. Bununla da 2 min hektardan çox torpaq sahəsi ilə bağlı verilmiş qərarlar ləğv olunub, qanunsuz xərclənmiş pul vəsaitlərinin bələdiyyə büdcəsinə qaytarılması təmin etdirilib. Buna baxmayaraq, bir sıra bələdiyyələr tərəfindən aktlar inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına vaxtında təqdim edilmir və yaxud qanunla müəyyən olunmuş müddətdən gec təqdim olunur. Bu isə özlüyündə inzibati məsuliyyət yaradır. Cari ilin ötən dövrü ərzində belə pozuntuya yol vermiş 70-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq məhkəmələrə göndərilib.
Məlumatda o da bildirilib ki, bələdiyyənin gəlir və xərclərinin tənzimlənməsi, yerli büdcə kəsirinin örtülməsi məqsədilə hər il dövlət büdcəsindən bələdiyyələrə maliyyə vəsaiti (dotasiya) ayrılır. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun tələbinə əsasən mütləq təqdim olunan bələdiyyə aktları sırasına aiddir, lakin sonuncu aparılmış təhlillər zamanı məlum olub ki, bəzi hallarda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə bələdiyyələr tərəfindən qərarlar qəbul olunmayıb. Bundan başqa, qanunvericiliyə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Lakin bəzi bələdiyyələr tərəfindən pul vəsaitləri xərcləndikdən sonra yerli büdcədən silinməsi barədə qərarlar qəbul edilir, ayrılmış maliyyə vəsaitlərinin məbləği qərarda göstərilmir. Cari ilin ötən dövrü ərzində inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar nəticəsində 24 bələdiyyənin fəaliyyətində daha ciddi hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, yerli özünüidarəetmə Azərbaycanda dövlət idarəetmə sisteminin çox vacib və mühüm bir sahəsini əhatə edir: "Yerli özünüidarəetmə sisteminin daha da inkişafı üçün ciddi addımlar atılıb və bəzi nəticələr də var. Bələdiyyələrdə Avtomatlaşdırılmış Məlumat Sisteminin yaradılması çox vacib məsələdir. Bu sistemdən istifadə ölkə ərazisindəki bütün bələdiyyələr üçün çox vacibdir". Bələdiyyələrin fəaliyyətindəki bir sıra çətinliklərdən danışan A.Rəhimzadə bildirib ki, ən ciddi problemlərdən biri də vəsaitin yığılması və büdcənin formalaşması ilə bağlıdır: "Hazırda bələdiyyələrlə bağlı yaranan çətinlik qanunvericiliklə bağlı deyil. Sadəcə, əsas səbəb bəzi bələdiyyələrin bu məsələyə soyuq münasibətilə bağlıdır. Ona görə də bələdiyyə sədrləri öz vəzifələrinin icrasına ciddi əməl etməli, bələdiyyənin inkişafına çalışmalıdırlar". Milli Məclisin deputatı Rüstəm Xəlilov deyib ki, ölkədə bələdiyyələrin inkişafı üçün bütün lazımi imkanlar yaradılıb: "Bu inkişaf üçün lazım olan ən başlıca məsələ maliyyə vəsaitidir. Hər il dövlətimiz tərəfindən bununla bağlı 5 milyon manat vəsait ayrılır. Bu gün ölkəmizdə kifayət qədər bələdiyyələr var ki, bu vəsaitdən çox səmərəli istifadə edirlər, müxtəlif müəssisələr yaradırlar. Ancaq bəzi bələdiyyələr ciddi qanun pozuntularına və nöqsanlara yol verirlər. Ümid edirəm ki, gələcəkdə bu cür qanun pozuntularının qarşısı alınacaq və belə hallara bir daha rast gəlinməyəcək". Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, Azərbaycanda həm dövlət, həm də Milli Məclis tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vacib addımlar atılır: "Artıq bu sahədə bəzi nailiyyətlər də var. Ancaq nəticələr daha da yaxşı olmalıdır. Ən başlıca məsələlərdən biri də bələdiyyələrin qanuni fəaliyyətlərinin təmin olunmasıdır. Bütün bələdiyyələrin fəaliyyətlərinin qanuni təşkili üçün maarifləndirmə tədbirləri davam etdirilməlidir. Onlara bu sahədə qəbul olunan sərəncamların, fərmanların, qanunların mahiyyəti ilə bağlı məlumatlar verilməlidir. Eyni zamanda, bələdiyyələr mütəmadi qaydada fəaliyyətləri ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdırlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31