Tərtərin 11 kəndinin içməli su problemi həll edilib
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə uğurla icra edilib. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.
19 Dekabr 2017 12:14 Sosial"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə uğurla icra edilib. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.
Açılış mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib.
"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. S.Seyidov bildirib ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Qeyd edilib ki, rayonun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı kəndlərinə içməli su Tərtər şəhərinə çəkilmiş yeni magistral kəmərdən və şəhərin su şəbəkəsindən verilib. Rayonun Cəmilli kəndinin su təchizatı isə subartezian quyusu hesabına təmin ediləcək. Açılış mərasimi keçirilən İsmayılbəyli kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,1 kilometr su xətti çəkilib, 10 ədəd bulaq quraşdırılıb. Bununla da kəndin 1600-dək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.
Ümumilikdə bu layihələr çərçivəsində kəndlərdə 37,4 km su xətləri çəkilib və ümumi istifadə üçün 92 ədəd bulaq quraşdırılıb. Bütövlükdə isə yeni su təchizatı layihələrindən Tərtər rayonunun 11 kəndinin 17 min 300 nəfər sakini faydalanıb.