Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin əsas təminatçısı məhz Heydər Əliyev olub
Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsidir. Adətən hər bir demokratik ölkədə bu prinsiplər qorunub-saxlanılır, inkişaf etdirilir. Bəs Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Bu və ya digər suallarla bağlı Bizim Gənclik İctimai Birliyinin sədr müavini Soltan Əsgəroğlu ilə söhbətlışdik.
12 Dekabr 2017 15:37 SosialSoltan Əsgəroğlu: "Heydər Əliyev hər zaman jurnalist əməyinə yüksək qiymət verirdi"
Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsidir. Adətən hər bir demokratik ölkədə bu prinsiplər qorunub-saxlanılır, inkişaf etdirilir. Bəs Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Bu və ya digər suallarla bağlı Bizim Gənclik İctimai Birliyinin sədr müavini Soltan Əsgəroğlu ilə söhbətlışdik. "OLAYLAR"-a verdiyi müsahibədə Soltan Əsgəroğlu Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
-Soltan bəy, bu gün Azərbaycanda mətbuatın, kütləvi informasiya vasitələrinin durumunu necə dəyərləndiririsiniz? Azərbaycan mətbuatı günümüzün tələblərinə uyğun şəkildə fəaliyyət göstərirmi?
-Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda mətbuat, kütləvi informasiya vasitələri özünün inkişaf dövrünü yaşayır. 142 illik bir tarixə malik lan Azərbaycan mətbuatı zamanın sınağından üzüağ çıxıb deyə bilərik. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatı tarixin müxtəlif dövrlərində özünün tərəqqi və tənəzzül dövrünü yaşayıb. Xüsusilə, Sovet Sosialist Respublikaları İttifaqı qurulduqdan sonra milli mətbuatımız belə demək mümkünsə tənəzzülə uğrayıb. Ölkədə media qurumlarının yaradılması, təsis edilməsi, fəaliyyət göstərməsi qadağaları tətbiq edilib. Çünki keçmiş ittifaq rəhbərliyi azad söz, fikirə qarşı qıcıq idi, qətiyyən bu kimi demokratik prinsipləri özünə yaxın buraxmırdı. O dövrdə yalnız belə demək mümkünsə bir media orqanı fəaliyyət göstərirdi ki, o da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı sayılan "Kommunist" qəzeti idi. Həmin qəzet də birbaşa Moskvadan, Mərkəzi Komitədən diqtə olunurdu. Eyni zamanda bir neçə, məhdud sayda qəzetlər də işıq üzü görürdü ki, həmin media qurumları bir medalın iki üzü prinsipi ilə nəşr edilirdi. Əslində istəsən belə başqa cür ola da bilməzdi. Çünki qeyd etdiyim kimi o zaman keçmiş ittifaq rəhbərliyi üçün fikir, söz, ifadə və məlumat azadlığı qətiyyən qəbul edilmirdi və bu prinsipləri SSRİ rəhbərliyi özünə təhlükə kimi görürdü. Eyni yanaşma, münasibət təbii ki, ittifaq respublikalarında da hökm sürürdü.
-Amma Azərbaycanda sanki mənzərə bir qədər fərqli idi, elə deyilmi?
-Tamamilə doğru buyurursunuz.
-Bəs, bu müsbət tendensiya, digər ittifaq respublikalarından fərqli mühit hansı dövrə təsadüf edirdi?
-Bu ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu zamana təsadüf edirdi. Eyni zamanda Heydər Əliyev keçmiş SSRİ rəhbərliyində çalışdığı zaman da eyni proseslər müşahidə edilirdi. Hələ o zaman, keçmiş SSRİ rəhbərliyinin mediadan uzaq durduğu, mətbuat, kütləvi informasiya vasitələri ilə məsafə saxladığı bir ərəfədə Heydər Əliyev bütün bunların tam əksini nümayiş etdirir, mətbuat nümayəndələri ilə tez-tez ünsiyyətdə olur, onlara müsahibələr verirdi. Maraqlı məqam ondan ibarətdir ki, Heydər Əliyev o zamanın mərkəzi və yerli rəhbəliklərindən fərqli olaraq verdiyi müsahibələrdə, mətbuatda etdiyi çıxışlarda bütün tezisləri, məruzə və fikirlərini yalnız və yalnız tərif, SSRİ rəhbərliyinin ünvanına xoş sözlər səsləndirmək deyil, mövcud problemləri qabartmaq, onun həlli yollarını axtarıb-tapmaq üzərində də qururdu. Həmin dövr xatirimizdə qalmasa da, əldə etdiyimiz bilgilər, oxuduğumuz, mütaliyə etdiyimiz kitablardan, əsərlərdən o da məlum olub ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iclaslarında hər zaman mediada, qəzetdə dərc olunan və cəmiyyəti narahat edən problemləri ön plana çəkib, onların həlli yollarının aranıb-axtarılmasına çalışıb. Hətta, bəzi hallarda qəzetdə dərc olunmuş bir məsələ kifayət qədər ağır bir problem olduğu və cəmiyyəti ciddi şəkildə narahat etdiyi üçün iclas və toplantılarda birbaşa həmin məsələ əsas müzakirə mövzusu olub. Göründüyü kimi, fikir, söz, ifadə və məlumat azadlığı adətən müstəqillik dövrünün termini olsa və günümüzdə daha çox və geniş yayılsa da, amma reallıqda bu prinsiplər Azərbaycanda hələ keçmiş ittifaq zamanından cücərməyə, inkişaf etməyə başlayıb. Heç şübhəsiz ki, bu da ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir fakta da diqqət çəkmək istərdim ki, ümummilli lider Heydər Əliyevin məhz mediaya, mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı, xoş münasibət, ən əsası fikir, söz, məlumat və ifadə azadlığına verdiyi dəyər, hörmətin göstəricisi idi ki, digər müttəfiq respublikaların media nümayəndələri, televiziya və qəzetləri də Heydər Əliyevlə müsahibə götürməyə üstünlük verirdilər. Qeyd etdiyimiz kimi bunun da başlıca səbəbi o idi ki, Heydər Əliyev öz müsahibələrində, çıxışlarında fikirlərini yalnız tərif üzərində qurmurdu. Eyni zamanda cəmiyyətdə mövcud olan problemlərin tənqid edilməsinə də üstünıük verirdi.
-Eyni tendensiya müstəqillik dövründə də müşahidə edilməyə başladı
-Tamamilə doğrudur. Amma deyə bilmərik ki, bu müstəqilliyin ilk illərindən belə müşahidə edilirdi. Çünki həm sovet ideologiyasının hələ də beyinlərdə qalması, yeni fikirlər və yanaşmaya olan aqressiv münasibət, həm də müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən qüvvələrin azad fikrə, sözə, ifadə və məlumat azadlığına qarşı olması Azərbaycanda bu prinsiplərin bərqərar olması, inkişaf etdirilməsinə başlıca maneə idi.
-Amma ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qeyd etdiyimiz istiqamətdə müsbət tendensiya müşahidə edilməyə başladı
-Təbii. Bu hər kəsə bəllidir. Məlumdur ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi media, kütləvi informasiya vaitələri sahəsində də müsbət tendensiya, uğurlar, nailiyyətlər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra özünü büruzə verməyə başladı.
Ümummilli lider Heydər Əliyev Bakıya qayıtdığı ilk gündən media nümayəndələri ilə yaxından əməkdaşlıq etməyə, onlarla yaxından ünsiyyətdə olmağa üstünlük verdi. Ümummilli lider Heydər Əliyevin bu sahədə atmış olduğu ən mühüm addım keçmiş SSRİ zamanından qalmış senzuranın ləğvi oldu. 1998-ci il, avqustun 6-da Heydər Əliyevin qərarı ilə Azərbaycanda senzura ləğv edildi. Həmin tarixi qərar qəbuk edilən günə qədər Azərbaycanda nəşr olunan bütün qəzetlər hazır səhifələrini "Qlavlit" adlanan idarəyə aparırdılar. Həmin idarədə senzorlar səhifələri oxuyub razılıq verdikdən sonra səhifələr möhürlənir və onların çapına icazə verilirdi. Beləliklə, qəzet senzordan keçdikdən sonra çapa gedə bilərdi. Bəzən adi bir nüans, elə də ciddi siyasi əhəmiyyət kəsb etməyən fikirlər, yaxud yazılar senzordan keçmirdi ki, bu da nəticə etibarilə qəzetlərin bəzi səhifələrinin ağ çap olunmasına gətirib çıxarırdı, Amma Heydər Əliyevin məlum qərarından sonra artıq qəzetlər heç bir senzura olmadan çap edilməyə başladı. Ümummilli lider Heydər Əliyevin atmış olduğu bu addım, qəbul etdiyi qərar öz-özlüyündə ölkədə müstəqil, azad medianın fomalaşdırılması, azad sözün təmin edildiyinin ilk gösrəricisi idi. Müsbət mənada kifayət qədər səs-küyə səbəb olan bu qərar həmin dövrdə əksər beynəlxalq təşkilatlar, beynəlxalq səviyyəli media qurumları tərəfindən də təqdir edildi, alqışlandı. Artıq ölkədə azad söz, demokratiya bərqərar olurdu. Amma müstəqillik dövrünün çətinlikləri mətbuatın maddi texniki bazasına da təsir göstərmiş və qəzetlər ciddi maddi sıxıntılarla fəaliyyət göstərirdilər. Bir sıra qəzetlərin Azərbaycan Nəşriyyatına böyük məbləğdə borclu olması həmin mətbu orqanların çapının dayanması riskini ortaya qoyurdu. Bu dəfə də ümummilli lider mətbuatın inkişafına xidmət edən daha bir addım ataraq qəzetlərin maddi bazasının gücləndirilməsi məqsədilə onların Azərbaycan Nəşriyyatına olan borclarını dondurdu. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin əsas təminatçısı məhz ümummilli lider Heydər Əliyev olub. Heydər Əliyev hər zaman jurnalist əməyinə yüksək qiymət verirdi. İstər xarici, istərsə də daxili səfərlər zamanı Heydər Əliyevi çoxsaylı jurnalist ordusu müşayət edirdi ki, bu da ümummilli liderin mətbuata, kütləvi informasiya vasitələrinin inkişafına, ölkdə azad sözün təmin olunmasına nə qədər böyük dəyər verdiyinin göstəricisi idi. Eyni zamanda Heydər Əliyev junalist əməyini yüksək qiymətləndirərək deyirdi: "Jurnalist peşəsi çox ağır zəhmət tələb edir. Bu, çətin peşədir. Özlərini buna həsr edən adamlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Bizim mədəniyyətimizin müxtəlif sahələrində olan istedadlı insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar. Çünki bu da bizim mədəniyyətimizin bir hissəsidir. İkincisi də, bizim jurnalistlərimiz gərək gördüklərini, eşitdiklərini olduğu kimi yazsınlar, ağa ağ, qaraya qara desinlər".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir