İnandığımız və aldandığımız sima- Nigar Adil yazır...

Səhər metrostansiyaların birində qatarda Eldar Mansurovun ağ –qara fotosunu gördüm. İlk hansı hissi keçirdim yadımda deyil. Uzun zamandı mətbuatda, televiziyada görmədiyim bəstəkar metroda qarşıma çıxdığı üçün təəccübləndimmi, ya sevindimmi, bilmirəm. Səhər saatlarında qatarlardakı izdihamdan xəbərdar olmayan yoxdu. İnsanların başlarının, qollarının arasında rəsmin ətrafına yazılan sözləri oxumağa çalışdım. "Yəqin, bəstəkar konsertini reklam edir, insanları məlumatlandırır", – deyə düşündüm. Amma...

İnandığımız və aldandığımız sima

Nigar Adil

Səhər metrostansiyaların birində qatarda Eldar Mansurovun ağ -qara fotosunu gördüm. İlk hansı hissi keçirdim yadımda deyil. Uzun zamandı mətbuatda, televiziyada görmədiyim bəstəkar metroda qarşıma çıxdığı üçün təəccübləndimmi, ya sevindimmi, bilmirəm. Səhər saatlarında qatarlardakı izdihamdan xəbərdar olmayan yoxdu. İnsanların başlarının, qollarının arasında rəsmin ətrafına yazılan sözləri oxumağa çalışdım. "Yəqin, bəstəkar konsertini reklam edir, insanları məlumatlandırır", - deyə düşündüm. Amma...

İnsanların bir -birinin belində gəldiyi qatarda, min bir əziyyətlə oxuduğum yazını bura yazım, siz də oxuyun:

" Heç bir davranış hər hansı formada zorakılıq törətmək üçün əsas yaratmır. Zorakılığın istənilən forması insan hüquqları pozuntusudur və zorakılıq törədən qanun qarşısında cavab verməlidir".

Bu cümlələri oxuduqdan sonra altda qeyd olunan beynəlxalq təşkilatların adlarına baxdım və ürəyimdə yekə bir OK dedim.

Hər gün yerli televiziya kanallarında həm gündəlik, həm də həftəlik yayımlanan seriallarda qadına qarşı zorakılıq, şiddət və az hallarda da təcavüz səhnələri ilə rastlaşırıq. Ssenaristlərə, rejissorlara bu cür səhnələrlə bağlı sual ünvanladıqda bildirirlər ki, günümüzün reallığıdı və biz də onu göstərməliyik. Burada da yekə bir OK.

Gündəlik manşet olan zorakılıq xəbərləri və seriallarda canlandırılan zorakılıq səhnələri bu cür hadisələrin günümüzün reallığı olmasına bizi çoxdan inandırıb.

Amma çəkilən sosial çarxlar, sosial problemləri diqqətdə saxlamağa xidmət edən reklam sloqanları bu gün insanların diqqətini nə dərəcədə problemə yönəldir? Məsələn, bəstələri çoxları tərəfindən sevilən Eldar Mansurovun portretinin fonunda yuxarıda zorakılıq haqqında rəsmi məlumat üslubunda qeyd olunan cümlələr onun fikriymiş kimi (halbuki, yeni, diqqətçəkici bir məlumat deyil. 7 -dən 70- ə hər kəsin bildiyi bir şeydi) "düşünərək" təqdim etmək hansı "yaradıcı təfəkkürün" ideyasıdı? Və adi, sıradan ağ -qara fotonun fonunda o cür məlumat və sözlər nə qədər inandırıcı və düşündürücü ola bilər?

Təbii ki, hər -hansı bir problemə kütlənin diqqətini çəkmək üçün məşhur simalar cəlb olunur. Bu bütün dünyada qəbuledilmiş normadı. Amma qəbuledilmiş digər norma həm də insanları buna inandırmaqdı.

Biz Eldar Mansurovu bəstəkar kimi inanıb, qəbul etmişik. Amma bizim sənətkar kimi inandığımız bir insanın şablon sözlərlə bu qədər ciddi və artıq SOS yaradacaq problemə laqeyd, quru münasibəti niyə olsun? Heç olmasa sənətkar adlandırdığımız insanlar onlara olan inamımızı qorumağa çalışmaları çoxmu çətindi?

Əminəm ki, bu cümlələri hazırlayan şəxslər Eldar bəyə yaxınlaşıb, zorakılıq haqqında onun düşündüklərini soruşsaydılar, o zaman Mansurov bəhs edilən sosial problemlə bağlı səmimi fikirləri ilə  qurduğu 2 cümləsində  hədəf alınan  insanlara ünvanladığı mesaj onları daha çox düşündürərdi.

Və ya hər gün seriallarda zorakılığa məruz qalan qadınların həyatını əks etdirən aktrisalar və ya aktyorları, mövzuya uyğun qrimlə birgə fotosesiya edib, təsiredici, düşündürücü, zorakılığa məruz qalan və zorakılıq edən şəxslərin vicdanlarını sızlatmağı hədəf alaraq  2-3 cümlə ilə təqdim etmək olmazmı?

Aktual bir mövzunu və problemi bu qədər laqeydliklə, zorakılığa daha çox məruz qaldığımız  məkanların birində - metrostansiyalarda əks etdirmək bəzi qurumların beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri gələcək üçün heç bir nəticəsi olmadan "yerinə yetirmək"dirmi?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31