Bəzi əmək vərdişləri müasir əmək bazarının tələblərinə cavab vermir
Müasir dünyanın sürətli inkişaf mərhələsində ixtisaslı kadrların hazırlanması vacib məsələlərdən hesab olunur. Belə bir şəraitdə ənənəvi ixtisasların yeni əmək bazarına uyğunlaşdırılması və müasir tələblərə cavab verən kadrların hazırlanması zərurəti yaranır.
12 Dekabr 2017 14:20 SosialMüasir tələblərə cavab verən kadrların hazırlanması zərurəti yaranıb
Müasir dünyanın sürətli inkişaf mərhələsində ixtisaslı kadrların hazırlanması vacib məsələlərdən hesab olunur. Belə bir şəraitdə ənənəvi ixtisasların yeni əmək bazarına uyğunlaşdırılması və müasir tələblərə cavab verən kadrların hazırlanması zərurəti yaranır. Çox təəssüf ki, hələ də peşə məktəblərində müasir çağırışlara cavab verməyən ixtisaslar saxlanmaqda, yeni ixtisasların açılmasında isə qeyri-müəyyənlik davam etməkdədir. Məhz bu səbədən əmək bazarında ixtisaslı kadrlara ehtiyac olduğu halda peşəkarların tapılması müşkül məsələyə çevrilir. Bəs, problemdən çıxış yolu nədir, məşğulluğun təmin edilməsi üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?
Əmək və əhalinin sosisl müdafiəsi naziri Səlim Müslümov bildirib ki, statistik məlumatlara əsasən ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 32 faizi ixtisaslıdır. İşsiz və iş axtaran şəxslərin peşə-ixtisas təhsilinin, əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi də onların işlə təminatında çətinlik yaradır. Digər tərəfdən, elm və texnologiyaların sürətli inkişafı mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi ilə nəticələnir. Peşə standartı işçinin işə qəbul olunması və karyera yuksəlişinin planlaşdırılmasında, işəgötürənin tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında əsas alət rolunu oynayır. S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması ilə bağlı tədbirin həyata keçirilməsi reallaşacaq. Əmək bazarında tələb və təklifin proqnozlaşdırılması kimi vacib funkiyanı yerinə yetirəcək institusional sistemin, Azərbaycan Respublikasında Milli Observatoriyanın yaradılması ölkə iqtisadiyatı üçün əhəmiyyətli olacaqdır: "Təcrübə göstərir ki, hər bir ölkə üçün insan kapitalına yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir. Peşə standartları da işçi qüvvəsinin keyfiyyətinin yüksəlməsinə, bununla da əmək məhsuldarlığının artımına, iqtisadiyyatın səmərəliliyinə və rəqabət qabiliyyətliliyinə xidmət edir".
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanda peşə məktəbləri şəbəkəsinin optimallaşdırılması ilə bağlı müvafiq təklifləri artıq hökumətə təqdim edib. Deməli, peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq qərarların qəbulu reallaşacaq. Onu da qeyd edək ki, ilk peşə təhsili Azərbaycanda prioritet istiqamətlərdən hesab olunur. Elə bu səbədən də peşə təhsilinin inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi" təsdiq edilib. Lakin bütün sadalananlara baxmayaraq Azərbaycanda peşə təhsili həmişə problemli sahə olaraq qalıb. Baxmayaraq ki, peşə təhsili ilə bağlı keçmiş Sovetlər İttifaqından müəyyən maddi-texniki baza miras qalıb, təhsilin bu növü ilə bağlı beynəlxalq təcrübə yetərincədir, üstəlik əmək bazarında da kifayət qədər tələbat var, ancaq bu sahəni lazımi səviyyədə inkişaf etdirmək mümkün olmayıb. Bəs, buna səbəb olan amillər hansılardır?
Təhsil ekspertləri hesab edirlər ki, peşə təhsili sahəsi Azərbaycanın təhsil sistemində ən çox problem olan sahədir. Çünki, bu sahə uzun müddət diqqətdən kənarda qalıb. Yalnız son illərdə ölkə prezidenti bu sahəyə diqqəti artırmaq üçün tapşırıq verdikdən sonra peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib. Bu proqram çərçivəsində müəyyən addımlar atılıb. Amma hələlik böyük bir işin başlanğıcı qoyulub. Mütəxəssislərin qənaətinə görə, ilk peşə - ixtisas təhsili sahəsində əsas məqamlardan biri müəllimlərin keyfiyyət və peşəkarlıq səviyyəsidir. Çünki, işəgötürənlərin tam etibar etdiyi yüksək bacarıqlı və hazırlıqlı müəllim heyəti olmadan ixtisas çərçivəsinin və işəgötürənlərin ehtiyaclarına cavab verən bilik və bacarıqlara əsaslanan tədris proqramlarının prosesə təsiri o qədər də böyük olmayacaqdır. Odur ki, ilk peşə - ixtisas təhsili müəssisələri işəgötürənlərin mövcud və gələcək işçi qüvvəsinə olan ehtiyaclarını ödəməsi üçün özləri bu sahədə təşəbbüs irəli sürməli və öz heyətlərinin fasiləsiz peşə təhsilinə diqqət yetirməlidirlər. İlk peşə - ixtisas təhsili müəssisələrində çalışan əksər ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları müxtəlif texniki universitetləri və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq ixtisas qazanmışlar, lakin müəllim üçün ixtisas vacib olan müasir təlim-tədris metodologiyası üzrə bilik və bacarıqlara malik deyillər. Müəllimlər ilk peşə -ixtisas təhsilinin ehtiyaclarına uyğun hazırlanmış təhsil proqramı üzrə ilkin təhsil almadan İPİTM-lərdə işləməyə başlayırlar. Nəticədə verilən təhsilin səviyyəsi aşağı olur və müasir əmək bazarının tələblərinə cavab vermir. Çünki, bu sahədə çalışan müəllimlərin əksəriyyəti ixtisas fənn müəllimləri ali təhsilli, istehsalat təlimi ustaları isə ali təhsilli və ya orta ixtisas təhsilli olsalar da pedaqogika, psixologiya və tədris metodikası barədə baza təhsilinə malik deyillər. Onların əksəriyyətinin İKT də daxil olmaqla, müasir tədris mühiti yaratmaq və bu mühiti inkişaf etdirmək üçün istifadə edilən metodlar üzrə baza təhsilləri yoxdur. Mövcud sistemdə isə əsas diqqət hələ də tədris kabinetlərində mühazirələr vasitəsilə biliklərin ötürülməsinə və praktik dərslərin emalatxanalarda tədris edilməsinə yetirilir. Dərslərdə istifadə edilən metodologiya hədəf auditoriyanın ehtiyaclarını tam ödəmir. Belə halları aradan qaldırmaq üçün ilk peşə-ixtisas təhsili sistemində müəllimlər mütəmadi olaraq təkmilləşmə kursları keçməlidirlər, lakin bu yerlərdə tam yerinə yetirilmir. Ekspetlərin qənaətinə görə, hazırda peşə məktəblrərində informasiya kommunikasiya texnologiyalarından istifadə aşağı səviyyədədir. Əsasən İKT-dan informatika dərslərində və kompyuter bacarıqlarının öyrədilməsi zamanı istifadə edilir. Üstəlik müəllimlərin təkmilləşmə kursları hal-hazırda daha çox göndəriş xarakteri daşıyır. Məhz bu kimi amillərin nəticəsifir ki, əksər peşə məktəbləri əmək bazarının tələbatına cavab verən kadr hazırlanmasında problemlə üzləşirlər.
Bütün bunlara baxmayaraq ölkədə "Peşə təhsili haqqında" Qanunun qəbul edilməsi, "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nın əmək bazarının tələblərinə uyğunlaşdırılması əmək bazarı ilə təhsil sistemi arasında uyğunluğun təmin olunmasında əhəmiyyətli rol oynayacağına inam yaradır. "Peşə təhsili haqqında" qanun layihəsinə görə, peşə təhsili müəssisələrində oxuyanlar mütəmadi olaraq təcrübəyə cəlb olunacaqlar. Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsil alanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və eləcə də işəgötürən müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçəcəklər. Üstəlik təcrübəyə cəlb olunan təhsil alanlara əmək haqqı veriləcək. İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə müvafiq qanunvericilikdə təcrübə saatları üçün nəzərdə tutulmuş əmək haqqı ödəniləcək. İşəgötürənlərin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi imzalanacaq. İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əmək haqqının 20%-indən az olmamaq şərti ilə əmək haqqı ödəyəcəklər. Heç şübhəsiz ki, bu qayda gənclərin yeni əmək vərdişləri mənimsəməsi və əmək bazarına uyğun peşənin əldə edilməsində müstəsna rol oynayacaq.
Nurlan