“Azərbaycan bu gün təkcə sosial-iqtisadi sahədə deyil, həm də KİV-lərin inkişafı istiqamətində mühüm uğurlar qazanıb”

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyevin ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə əldə edilən nailiyyətlərlə bağlı “OLAYLAR”-a müsahibəsi

Ramiq Vəliyev: "Bu inkişaf həm də fikir, söz və məlumat azadlığına əsaslanır"

"Prezident İlham Əliyev azad və müstəqil informasiya vasitələrinə daim yardımçı olmaqla yanaşı, mətbuat azadlığının təmin edilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atmaqdadır"

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyevin ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə əldə edilən nailiyyətlərlə bağlı "OLAYLAR"-a müsahibəsi

-Ramiq bəy, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

-Mətbuat XIX əsrin ikinci yarısından başlayaraq "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın əsasının qoyulduğu vaxtdan bu günə kimi çətin, eyni zamanda rəngarəngli, şərəfli inkişaf yolu keçib və hazırkı inkişaf mərhələsinə qədəm qoyub. SSRİ-nin tərkibindən çıxdıqdan sonra müstəqillik qazanmış ölkəmizdə azad KİV-lərin, medianın yaranması istiqamətində atılmış ilk mühüm və tarixi addım kommunist rejimindən qalmış senzuranın rəsmi şəkildə ləğvi edilməsi oldu. Daha sonra KİV sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, müasir dünya standartlarına uyğunlaşdırılması ilə günümüzdəki müstəqil mətbuata nail olmuşuq. Bu gün ölkə rəhbərliyi KİV-lərin inkişafını daim diqqətlə saxlamaqla, texniki və maddi dəstək verməklə onların azad, faydalı və məhsuldar fəaliyyətinə stimul verməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda üç mindən artıq televiziya, radio formatlı, həmçinin qəzet və jurnal kimi çap formatında yayımlanan media vasitələri qeydiyata alınıb və fəaliyyət göstərməkdədir. Qeyd edim ki, bu saya ölkəmizdə senzurasız, məhdudiyyət qoyulmayan və azad fəaliyyət göstərən internetdə media qurumları daxil deyildir.

-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?

-Azərbaycan bu gün təkcə sosial-iqtisadi sahədə deyil, həm də KİV-lərin inkişafı istiqamətində mühüm uğurlar qazanıb. Bu inkişaf həm də fikir, söz və məlumat azadlığına əsaslanır. Ölkəmizdə yüzlərlə qəzet, jurnal çap olunur, telekanallar yayımlanır, senzurasız, məhdudiyyətsiz azad internet məkanı, bu məkandakı elektron media resursları və sosial şəbəkələr mövcuddur. Bütün bunlar Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunmasının nəticəsi və dəlilləridir. Prezident İlham Əliyev azad və müstəqil informasiya vasitələrinə daim yardımçı olmaqla yanaşı, mətbuat azadlığının təmin edilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atmaqdadır. Həm hüquqi, texniki bazanın, həm də bu sahədə çalışan işçilərin layiqli həyat şəraitinin təmin edilməsi ölkə rəhbərinin KİV sahəsinə diqqətinin böyük olduğunu göstərir. Bu yaxınlarda Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə jurnalistlərə yeni 255 nəfərlik mənzillərin paylanılması çox təqdir edilən addımlardandır. Layiqli həyat şəraiti yaradılması əlbəttə jurnalistlərdə optimizm, özünəinam hissini gücləndirir, bu da, öz növbəsində oxucular, izləyicilər üçün faydalı, keyfiyyətli materialların hazılanmasına şərait yaradır. Media nümayəndələri cəmiyyəti narahat edən problemləri üzə çıxarıb faydalı təhlillər aparılması, onların həlli yollarının axtarılmasında iştirak edir. İnanıram ki, mətbuat, KİV əməkdaşları bu əlverişli şəraitdən yararlanaraq işə peşəkarlıqla yanaşacaq, öz peşəkarlıqlarını daha da artırmağı qarşıya məqsəd qoyacaqlar.

-Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?

-XX əsrin əvvəllərində ortaya çıxmış ateist marksizm-kommunizm ideologiyalarına əsaslanmış totalitar sovet rejiminin işğalı ilə 1918-ci ildə qurulmuş ilk müstəqil demokratik dövlətimizdə mövcud olmuş fikir, söz və məlumat azadlığına ən radikal üsullarla məhdudiyyətlər qoyulmuş, mətbuata senzura, qadağalar tətbiq edilmişdi. Daha dəhşətlisi isə o idi ki,  milli mətbuatımızın inkişafında rol oynamış, öz yazıları ilə onu daha da zənginləşdirmiş ziyalılarımız, dövrün görkəmli şair və yazıçıları repressiyaya uğradıldı, məhv edildilər. Lakin bu çətinliklərə baxmayaraq milli mətbuatımız SSRİ-nin tərkibində olduğumuz müddətdə də qorunub saxlanıla bilinmiş, varlığı davam etdirilərək bugünkü inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkəmizdə insanlar azad şəkildə mətbuatı, televiziya və radio kanallarını izləyir, internetdən, sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə edir. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əlbəttə ki, bu göstəricilər digər demokratik dövlətlərdə olduğu kimi ölkəmizdə də demokratik azadlıqların təmin olunduğunugöstərir. Təbii ki, demokratik azadlıqların olmadığı ölkələrdə azad internetdən, ümumiyyətlə azad KİV-lərin varlığından söhbət gedə bilməz.

-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir?

- XX əsrin əvvəllərində ilk demokratik dövləti quran xalqımız uzun fasilədən sonra həmin əsrin sonlarında milli müstəqilliyini bərpa edərək yenidən demokratiya yolunu tutdu. Bu gün müstəqil siyasət aparan Azərbaycanda sabitlik, demokratiya, fikir, söz və məlumat azadlığı tam təmin olunmuşdur. Bir çox ölkədə, o cümlədən qərb dövlətlərində multikulturazlimin böhranı, onun səbəb olduğu ksenofob və islamofob meyillərin güclənməsi müşahidə edilir. Azərbaycan isə dünyada tolerantlığın tam təmin olunduğu multikultural bir dövlət kimi qəbul olunmaqdadır. Bunu dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar etiraf edir. Təbii ki, demokratik cəmiyyət olmadan buna nail olmaq mümkünsüzdür. Azərbaycandakı bugünkü siyasi iradə demokratiyanın bütün prinsiplərini, fikir, söz və məlumat azadlığını təmin etməklə yanaşı demokratik cəmiyyətin inkişafına qayğı və dəstək göstərir. Xalqımızın iradəsinin təmsilçisi olan bu siyasi iradə ilk növbədə Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarını təmin edir, həmçinin regionda sülhün, barışın təminatçısı kimi çıxış edir. Yaxn və Orta şərqdə, müsəlman şərqində misligörünməmiş böhranların islam ölkəsi olan Azərbaycandan yan keçməsi və bu vəziyyətlə barışa bilməyən güclərin himayəsilə "ikili standart"lar nümayiş etdirən bəzi beynəlxalq təşkilatlar mövcuddur. "Soros" fondu kimi bəzi təşkilatları narahat edən də qətiyyətli və müstəqil siyasət aparan Azərbaycanın yuxarıda sadaladığım nailiyyətləridir. Qərəzli mövqe tutmalarında da məqsəd bu nailiyyətlərimizə kölgə salmaq, xalq və hakimiyyət arasında uçurum yaradaraq stabilliyi pozmaq, ölkəmizi asılı vəziyyətə salmaqdır. Halbuki, həmin təşkilatlar torpaqlarımızın 20 faizinin işğal olunmasına, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə əhəmiyyət vermir. Hətta BMT Təhlükəsizlik Şurasının işğalçı siyasəti və bu siyasətin nəticəsi olaraq azərbaycanlı əhalinin məcburi köçkün vəziyyətinə düşməsini pisləyən qətnamələrinin olmasına belə əhəmiyyət vermirlər. Görünən budur ki, öz maraqları naminə bu ədalətsiz mövqelərini hər zaman büruzə vermişlər. Fikir, söz və məlumat azadlığının təmin olunmasında da ölkəmizə münasibətdə eyni qərəzli mövqe tutmuşlar və bu münasibət bizi heç də təəccübləndirmir.

-Ümummilli lider Heydər Əliyevin fikir və söz azadlığının təmin olunmasında hansı xidmətləri olub?

-Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasında, qanunvericilik bazasının yaradılmasında, fikir, söz və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli liderimiz 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımları atdı və bununla da KIV sahəsində yeni bir mərhələnin əsasını qoydu. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bir mühüm tarixi faktı da qeyd edim: Heydər Əliyev sayəsində 1998-ci ildə kommunist rejimdən qalmış azad mətbuatın inkişafına əngəl yaradan senzuranın rəsmi şəkildə ləğvini MDB məkanında irəli sürən ilk ölkə Azərbaycan oldu. Ümummilli lider daha sonra dünya standartlarına cavab verən qanunvericilik aktlarının hazırlanması və qəbulu, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, bir sıra güzəştlərin müəyyənləşdirilməsini həyata keçirdi. Ümummilli lider Heydər Əliyev KİV-lərin inkişafı, azad fəaliyyətinin təmin olumasnı daim diqqətdə saxlayırdı və çıxışlarının birinə deyirdi: "Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir". Heydər Əliyev 1998-ci ildə senzuranın ləğvindən sonra növbəti mühüm addımı 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanununu, daha sonra "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq etməsi oldu. Milli mətbuatın inkişafına göstərdiyi bu diqqət və qayğıya görə ulu öndər "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. Bu gün KİV ölkəmizdə ən sürətlə inkişaf edən, son nəsil informasiya texnologiyalarının tətbiqi ilə təkmilləşən sahələrdən biri olmaqla dövlətçiliyimizin inkişafında yaxıdan iştirak edən, ölkəmizin, xalqımızın və milli-mənəvi dəyərlərimizin dünyada təbliğ olunmasında aparıcı rol oynamaqdadır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31