Elçin Hüseynbəyli yazır... Şəhəri ayaqla tanımaq...

Şəhərlər də adamlar kimidir. Onu tanımaq üçün ayaqla gəzmək lazımdır, maşınla yox. Mən də Oğuzu o cür tanıdım. Bu barədə bir az sonra. İndi isə bizi Oğuza aparan səbəblərdən danışaq...

Belə-belə işlər

Elçin Hüseynbəyli

Şəhəri ayaqla tanımaq...

Şəhərlər də adamlar kimidir. Onu tanımaq üçün ayaqla gəzmək lazımdır, maşınla yox. Mən də Oğuzu o cür tanıdım. Bu barədə bir az sonra. İndi isə bizi Oğuza aparan səbəblərdən danışaq...

Tələbə yoldaşımız Mübariz Paşayev bizi, yəni Moskva Dövlət Universitetinin məzunlarını Şəkiyə, qızının toyuna dəvət eləmişdi. Çoxdankı dostları görmək üçün əla bəhanəydi. Bir zamanlar bir yerdə oxuduğumuz dostlarımızın arasında iş adamından tutmuş prokurora, hətta millət vəkillərinə qədər vardı. Qürur duyulası məzunlardı. Dostlarımız vətənlərinin, dövlətlərinin onlara göstərdiyi etimadı yüzə yüz doğrultmuşdular və indi istirahət eləməyə də, gəzməyə də haqları vardı. Həmin toyda Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, eləcə də Oğuzdakı AFRA mehmanxanasının sahibi Hafis bəy də vardı və məhz onlar əski dostlarını təkidlə Oğuza dəvət elədilər və biz "Marxal" mehmanxanasındakı yerimizi erkən boşaldıb, Oğuza gedəsi olduq və peşman da olmadıq. Məclisimiz Oğuzda davam elədi. Dövlət məmurları, iş adamları və yazıçı bir aradaydı. Mən bu cür atmosferi, bu cür mehribançılığı İrəvanda və Tiflisdə olanda görmüşəm, açığı qonşularımıza paxıllığım tutub. Barmaqla sayılası icra başçıları var ki, özünü soydaşları və dostlarıyla bu cür sərbəst aparır və qayğılarını çəkir. Həmin axşam da, elə səhərisi günü də Eyvaz müəllim, Hafis bəy, rayonun digər rəhbər şəxsləri də bizmlə bir arada oldular...

Səhərisi günü adətim üzrə erkəın oyandım və səliqə-səhmanlı ARFA mehmanxanasının pəncərəsindən həyətə baxdım. Mehmanxananın gözəl bağçası vardı. Aşağı düşüb, bağçada gəzməyə başladım və birdən ağlıma gəldi ki, bazar günü şəhərdə, yəqin ki, sakitlikdi və onun küçələrini gəzmək yaxşı olardı. Mən xaricə, elə ölkə içinə səfərlərim zamanı həmişə belə etmişəm və şəhərləri ayaqla tanımışam.

Oğuz relyefinə görə çox sevdiyim Şəki şəhərini xatırladır. Hər tərəfi dağlarla əhatələnib. Meşələrin indi sarı-qırmızı vaxtdır. Rınglərdən söz düşmüşkən deyim ki, Oğuz və İsmayıllı ərazisindən payız ayları keçib gedənlər gözəl mənzərəni dəfələrlə görüblər. Ağaclar və kollar təpədən dırnağa qədər qırmızıya bürünür. Sanki ağaclar balağı enli qırmızı şalvar geyiblər.

Müasir Azərbaycan dövlətinin qurucusu, Prezident Heydər Əliyevin adını daşıyan ən böyük küçəni aşağı-yuxarı gəzdim. Şəhərdəki təmizlik, səliqə-səhman məni xeyli sevindirdi. Bu cür şəhərləri Almaniya, Litva, Avstriya kimi ölkələrə səfərlərim zamanı görmüşəm. Oğuz Avropanın yığcam şəhərlərindən heç nə ilə geri qalmır. Şəhərin boyuna uyğun bağçaları və parkları var. Daş döşəmələr elə səliqəli salınıb ki, Bakıdakı kimi hər addımda ayağın büdrəmir, bir daş belə yerindən çıxmayıb. Adamlar küçə və həyətlərinə düşmüş payız yarpaqlarını belə, vaxtlı-vaxtında süpürürlər. Ən çox xoşuma gələn xırda bağçalarda çarhovuzlaın, heykəlciklərin, bulaqların olmasydı. Səhərin təmiz havasında bu mənzərə həm gözlərimi, həm də ciyərimi sevindirdi.

Amma hər gözəlin bir eybi olduğu kimi, Oğuzun da var. Amma bu eyib yox, həll olunası problemdir. Qəbələdən Bakıya çəkilmiş su kəmərini təchiz edən su Oğuzun artezian quyularından çıxır və ona görə də meşələrin, ağacların quruma təhlükəsi var. İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov buna alternativ kimi, Şəki və Qəbələdə də quyuların qazılmasını təklif edir, belə olarsa, onda Oğuzdakı quyulara da istirahət verilər, yəni növbəlilik prinsipi meşələri xilas edər.

Oğuzu görən, bir də görmək istəyər. Dedilər ki, burda Xal-xal deyilən bir məkan var və yayda, imkan olsa, mütləq ora baş çəkcəm.

Bax belə, dostlar. Bir köşədə ən sevdiyin məkandan belə, çox yazmaq olmur. Bu yazını da Oğuza və oğuzlulara bir sayğı nümunəsi kimi qəbul edin.

Xoş istirahətlər arzusuyla, E.H.

Noyabr, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31