Prokurorluq parlamentə məlumat verməlidir?

Milli Məclis tərəfindən “Prokurorluq haqqında” qanuna edilən dəyişiklik birmənalı qarşılanmayıb. Bir sıra millət vəkili təklif edib ki, ölkənin güc strukturları üzərində parlament nəzarəti institunun yaradılmasına ehtiyac var. Bu baxımdan prokurorluq orqanları parlament qarşısında hesabat verməlidir.

Siyavuş Novruzov: "Azərbaycan Konstitusiyasına əsasən hökumət parlament qarşısında hesabatlıdır"

Milli Məclis tərəfindən "Prokurorluq haqqında" qanuna edilən dəyişiklik birmənalı qarşılanmayıb. Bir sıra millət vəkili təklif edib ki, ölkənin güc strukturları üzərində parlament nəzarəti institunun yaradılmasına ehtiyac var. Bu baxımdan prokurorluq orqanları parlament qarşısında hesabat verməlidir. Əks arqumentdə olanların qənaətinə görə, prokurorluq oraqanlarına səlahiyyətlər hakimiyyətin bölgüsü prinsipinə uyğun verilib. Məlumat üçün qeyd edək ki, sözügedən qanuna edilən dəyişiklikdə bildirilir ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan prezidentinə məxsusdur, məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla, vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarını nəzərə alaraq belə bir dəyişikliyi təklif edir.Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Bundan başqa "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna edilən dəyişikliyə əsasən prokurorluq işçilərinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə kadrların düzgün seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində, peşə hazırlığının və məsuliyyət hissinin artırılmasında, habelə xidməti intizamın gücləndirilməsində mühüm vasitə olan attestasiya keçirilir. Prokurorluq işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" qanunla ilə müəyyən edilən qaydada həyata keçirilir. Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycanın baş prokuroru tərəfindən müəyyən edilir. Hərbi prokurorluğun işçilərinin attestasiyası hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə uyğun həyata keçirilir. Attestasiya olunan prokurorluq işçisinə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qanunda "Prezidentə istintaq edilən cinayət işləri istisna olmaqla məlumat verilir", - deyə qeyd olunur: "Biz əslində praktikada görmüşük ki, cənab prezidentin özü baş prokurordan bu və ya digər ictimai rezonans doğurmuş cinayətlərlə bağlı istintaqın gedişi haqqında məlumat alır. Bu praktika tamamilə doğrudur. Biz qanunda "istintaq edilən cinayət işləri istisna olmaqla" yox, "istintaq sirləri istisna olmaqla" ifadsini qeyd etməliyik. Eyni zamanda istintaq olunan cinayət işləri barədə də məlumat verilməlidir. Bu günlərdə Amerika konqresində Amerikanın baş prokuroru təhlükəsizlik məsələləri üzrə komitədə Rusiyanın Amerikanın seçki siteminə müdaxiləsi ilə əlaqədar olaraq dindirilirdi. Yəni bu bütün dünya praktikasında var. Əlbəttə istintaq sirləri istisna olmaqla məlumat verilməlidir. Biz isə dəyişiklikdə yazmışıq ki, "İstintaq edilən cinayət işləri istisna olmaqla məlumat verilməlidir". Onda belə çıxır ki, mühüm bir hadisə baş verir və biz gözləyirik ki, bu işin araşdırılması başa çatsın və bundan sonra bizə məlumat verilsin. Hesab edirəm ki, bu kökündən yanlışdır. Bu səbəbdən də yaxşı olardı ki, "İstintaq sirləri istisna olmaqla bütün digər məsələlər barəsində Prezidentə və Milli Məclisə məlumat verilməlidir" şəklində dəyişikliklər edilsin. Qüdrət Həsənquliyev qeyd edib ki, Milli Məclis özü kollegial orqandır. Belə halda "Milli Məclisə məlumat verir" ifadəsi o deməkdir ki, prokurorluğun bir nümayəndəsiu gəlib, plenar iclasda çıxış etməlidir: "Necə ki, hər il Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov parlamentə gələrək hesabat verir, deputatların suallarını cavablandırır. Ya baş prokurorun özü, ya da müavinlərindən biri heç olmasa ildə bir dəfə parlamentdə istintaq olunan və istintaqı başa çatmış cinayət işləri haqqında məlumat verməlidir. Lazımdırsa söhbətin plenar iclasda məlumat verilmsindən getdiyini də qanuna əlavə etmək olar. Əlbəttə, ola bilsin, Baş Prokurorluqdan spikerə məktub göndərilir və ya məlumat verilir. Amma Milli Məclis axı 125 deputatdan ibarətdir. Biz bilmirik prokurorluq Milli Məclisə hansı məlumatı verib. Burada deputatların da sualları ola bilər. Qanunverici orqanın səlahiyyətlərinin genişləndirilməsi, yaxud səlahiyyətlərindən tam mənada istifadəsi dövlətçiliyimizin möhkəmlənməsinə, ictimai asayişin qorunmasına, bir çox neqativ halların öncədən qarşısınını alınmasına xidmət etmiş olar. Ona görə də, qanunda "İstintaq edilən cinayət işləri"nin əvəzinə "İstintaq sirləri istisna olmaqla" sözlərinin əlavə edilməsini və "prokurorluq ildə 1 dəfədən az olmayaraq parlamentə məlumat verir" qeydinin artırılmasını istərdim". Deputat Fazil Mustafa bildirib ki, son 3-4 ildə təhlükəsizlik orqanlarında və orduda casus şəbəkəsi ilə bağlı məsələlər ortaya çıxıb: "Baxmayaraq ki, bu barədə bizlərdə qeyri-rəsmi formada məlumatlar olduğundan bununla bağlı hansısa formada problemi qaldıra bilmirik. Ancaq vaxtında həmin qurumların nümayəndələri parlamentdə məlumat verərlərsə, belə hallar olmazdı. Belə halların qarşısı alınardı. Biz bilirik ki, təhlükəsizlik orqanlarında iş adamlarını necə incidirlər. Ordudakı casusluq məsələsi də eyni zamanda. Ona görə də təhlükəsizlik orqanlarında və orduda baş verən hadisələrlə bağlı deputatlara məlumat verilməlidir. Heç olmasa bu qurumların nümayəndələri Milli Məclisin qapalı iclaslarında və yaxud komitələrində məlumat versin". Deputat Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən hökumət parlament qarşısında hesabatlıdır. Lakin digər qanuna görə, güc strukturları ali baş komandan qarşısında hesabat verir: "Onlar prezidentə hesabat verir, prezident məsləhət biləndə qəbul edir, məsləhət bilməyəndə isə onları vəzifəsindən azad edir". Deputat əlavə edib ki, bu qanunda dəyişiklik edilməklə Milli Məclisinin səlahiyyətləri məhdudlaşmır: "Təsəvvür edin, güc strukturu Müdafiə Naziri Milli Məclisdə hesabat verir. Hərə bildiyi tərzdə bunu mətbuata təqdim edəcək və ziddiyyətlər yaranacaq". Onun sözlərinə görə, əsgərlərə bildirilib ki, telefonla danışarkən silah, ordunun mövqeyi haqda heç kimə məlumat verilməsin. Çünki bu gün dünyada terror baş alıb gedir. Azərbaycanda terrora qarşı mübarizədə güc strukturları addımlar atır və nəticədə Azərbaycanda sabitlik mövcuddur: "Azərbaycanı istəməyən qüvvələr var. Ona görə də biz qanunlarımızı elə qurmalıyıq ki, onların təzyiq mexanizmləri bizə təsir etməsin". Deputat vurğulayıb ki, parlamentli dövlətlə prezidentli dövlətin fərqi var: "Türkiyədə parlamentli respublika uzun müddət özünü doğrultmadı, onlar konstitusiyada dəyişiklik edib prezidentli respublika üsul idarəsinə keçdi. Azərbaycan prezidentli respublikadır və bu cür strukturu olan dövlətlərlə müqayisə edilməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31