Təhsil naziri Böyük Britaniyada səfərdə olub
Təhsil naziri Mikayıl Cabbarov ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub.
19 May 2017 11:23 SosialTəhsil naziri Mikayıl Cabbarov ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, keçirilən tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış edib. Mərasimdə eyni zamanda Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi Şahzadə Salman bin Həməd, Küveytin keçmiş baş naziri və xarici işlər naziri Məhəmməd Sabah əl-Salem, İordaniya Kralının nümayəndəsi Şahzadə Qazi bin Məhəmməd və digər rəsmilər iştirak edib. Çıxışlarda Mərkəzin dinlərarası dialoqun inkişafında oynadığı əhəmiyyətli roldan söz açılıb, islam araşdırmaları sahəsində görülmüş işlər və Mərkəzin yaranmış yeni imkanlar hesabına gələcəkdə daha da inkişaf edəcəyinə dair fikirlər səslənib. Tədbir çərçivəsində keçirilən rəsmi qəbul zamanı Mikayıl Cabbarov Mərkəzin rəhbərliyinə Azərbaycan Respublikasının Prezidentinin təbrik və salamlarını çatdırıb. Səfər çərçivəsində Mikayıl Cabbarov eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıfilialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü əsasında 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin akademik heyəti ilə görüş keçirib. Oksford Universitetinin qədim Bodleian Kitabxanasında professor Nərgiz Paşayevanın iştirakı ilə baş tutan görüş zamanı iştirakçılar burada Azərbaycan dili, tarixi, və mədəniyyəti sahəsində aparılan araşdırmalar və eləcə də orta əsrlərdə Azərbaycana səfər edən səyyahların nadir əsərləri ilə tanış olublar. Səfər zamanı təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin rektoru Dr. Xalid Azzam ilə görüşüb.