“Azərbaycanda həm söz və fikir azadlığı, həm də siyasi plüralizm yüksək səviyyədə təmin edilir”

Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil dövlətin şərtləri və prinsiplərinə uyğun addımlar atmağa, həmin istiqamətdə inkişaf etməyə başladı. Müstəqil dövlətin əsas prinsipləri isə demokratik ənənələr, onları yaşatmaq, inkişaf etdirməkdir. 

Ramiz Alıyev: "Bunu görməmək isə Azərbaycana qarşı qərəzdən irəli gəlir"

Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil dövlətin şərtləri və prinsiplərinə uyğun addımlar atmağa, həmin istiqamətdə inkişaf etməyə başladı. Müstəqil dövlətin əsas prinsipləri isə demokratik ənənələr, onları yaşatmaq, inkişaf etdirməkdir.  Bu sahədə Azərbaycan zəngin təcrübəyə malik olduğu üçün həmin ənənələri inkişaf etdirmək o qədər də çətinliklər yaratmadı. Əksinə tarixi ənənə bu prosesin ölkəmizdə daha da inkişaf etdirilməsinə imkan yaratdı, təkan verdi. Bəs həmin tarixi ənənə, təcrübə nə idi? Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti. Hansı ki, 1918-ci il, may ayının 28-də elan olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti o zaman Şərqdə yaradılmış ilk demokratik cümhuriyyət idi. Baxmayaraq ki, o zamankı imperialist güclər, xüsusilə Çar Rusiyası Qafqazlarda demokratik bir dövlətin yaradılmasından heç də yana deyildilər.  Və imkan yarandıqca  Cümhuriyyətə zərbə vurmağa, onu zəiflədib məhv etməyə çalışırdılar.  Bütün bu təzyiqlərə, təqiblərə, təxribat xarakterli addımlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlətə xas xüsusiyyətləri, prinsipləri inkişaf etdirir, ona imkan yaradırdı. Azərbaycan Xalq Cümhuriyyəti zamanında ölkədə olan çoxpartiyalı sistem, əksəriyyət partiyaların o zamankı parlamentdə, hətta AXC zamanında mövcud olan hökumətlərdə təmsil olunması özü bunu təsdiq edirdi. Bu həm də siyasi plüralizmin bir göstəricisi, təsdiqi idi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti zamanında ölkədə çoxsaylı qəzet və jurnallar işıq üzü görürdü ki, bu da elə demokratik cəmiyyətlərə xas xüsusiyyət, göstərici idi. Həm də həmin illərdə Azərbaycanda işıq üzü görən qəzet və jurnalların təsisçiləri yalnız azərbaycanlılar deyildi, eyni zamanda rusların, hətta ermənilərin naşirlik, redaktorluq etdiyi onlarla qəzet və jurnal heç bir maneə, problem görmədən nəşr olunur, oxucuları ilə görüşə gəlirdi. Bu amilin özü də  hələ Azərbaycan Xalq Cümhuriyyəti zamanında demokratik dəyərlərin, ənənələrin, fikir, söz, məlumat və ifadə azadlığının, plüralizmin yüksək səviyyədə təmin edildiyini söyləməyə əsas verir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin də qeyd edilən istiqamətdə addımlaması, yol qət etməsi zaman almadı, ç\tinliklər yaratmadı. Çünki XX əsrin əvvəllərinə dayanan təcrübə vardı. Bütün bunlarla yanaşı həm də müstəqil Azərbaycan dövlətini idarə edənlər, onun inkişafı, demokratik cəmiyyətlərə xas yol keçməsini istəyən siyasi iradə vardı ortada. Elə politoloq Ramiz Alıyev də bu düşüncədədir. O, bildirib ki, Azərbaycanda demokratik prinsiplərin inkişaf dövrü əsasən 1993-cü ildən sonraya təsadüf edir. Onun sözlərinə görə, həmin illərə qədər Azərbaycan müstəqil bir respublika olsa da, lakin müstəqilliyə xas xüsusiyyət yalnız sözdə özünü göstərirdi, əməldə tamamilə fərqli situasiya baş verir, cərəyan edirdi: "Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra da bir neçə il faktiki olaraq imperiya tərkibində olan bir dövlət fünksiyasını daşıyırdı. O zamanki siyasi hakimiyyət qəti şəkildə demokratik islahatları yaxına buraxmır, "bəlkə də qaytardılar" prinsipi ilə SSRİ-nin yenidən bərpa olunacağına inanırdı. Hətta bu istiqamətdə yorulmaz fəaliyyət göstərirdi. Ölkədə siyasi partiyaların fəaliyyətindən söhbət gedə bilməzdi. Yalnız təhsil ocaqları, universitetlərdə gizli şəkildə cəmiyyətlər, təşkilatlar təsis edilirdi. Həmin təşkilat və cəmiyyətlər də hər zaman polis təqib və təzyiqi ilə üzləşirdilər. Eyni zamanda ölkədə azad mətbuatın fəaliyyətindən söhbət gedə bilməzdi. Fikir, söz, məlumat, ifadə azadlığı deyilən bir şey yox idi. Baxmayaraq ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etmişdi, amma 1993-cü ilə qədər ölkədə heç bir demokratik institutlar işləmir, prinsiplər qorunmurdu. Eləcə də AXC-Müsavat hakimiyyəti dövründə eyni situasiya mövcud idi. Faktiki olaraq o zaman Azərbaycanda yalnız iki siyasi qüvvə normal qaydada fəaliyyət göstərirdi ki, bu da Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası idi. Baxmayaraq ki, 1992-ci il, noyabr ayının 21-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası təsis edilmiş və qısa zamanda güclü təşkilati struktura malik olmuşdu, amma buna rəğmən onun fəaliyyətinə ciddi şəkildə maneələr yaradılır, partiyanın müxtəlif şəhər və rayonlarda keçirilən toplantılarına polis müdaxiləsi edilirdi. Bir sözlə demokratiyadan, demokratik prinsiplərdən, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmdən ağız dolusu danışan "demokratlar" qətiyyən həmin prinsiplərə əməl etmirdilər".

Ramiz Alıyev qeyd edib ki, ancaq 1993-cü ilin ortalarından etibarən ölkədə tamamilə fərqli situasiya meydana gəldi, "demokratların"  antidemokratik oyunlarından bezən xalq kütlələri, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının qurucusu, daim Azərbaycanı düşmüş olduğu böhranlı vəziyyətlərdən çıxaran Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi: "Azərbaycanda demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm məhz o zamandan etibarən inkişaf etməyə başladı. Tədricən həyata keçirilən siyasi islahatlar Azərbaycanı dünya birliyinin ayrılmaz bir hissəsinə çevirdi. Siyasi partiyaların normal, basqısız şəkildə fəaliyyəti üçün münbit şərait yaradıldı. Onlara istər paytaxt, istərsə də yerlərdə normal fəaliyyət göstərmək üçün lazımı imkanlar təşkil edildi, hər bir partiya müvafiq qərargah, ofislə təmin olundu. Artıq bütün dünya Azərbaycanın müstəqilliyin ilk illərindən fərqli olaraq hazırda tamam fərqli istiqamətdə, demokratik ölkələrə xas inkişaf yolu keçdiyini aydın şəkildə görür, bunu müsbət dəyərləndirirdi. Ümummilli lider demokratik prinsiplərin başlıca amili olan fikir, söz və məlumat  azadlığının təmin edilməsi istiqamətində də o dövr üçün inqilabi dəyişiklik hesab edilən bir addım atdı. Belə ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzalamış olduğu məlum sənəd əsasında imperiya dövründən miras qalan senzura ləğv edildi, ölkədə kütləvi informasiya vasitələrinin azad, müstəqil fəaliyyəti üçün münbit şərait yarandı. Artıq bütün dünya görürdü ki, Azərbaycanda sözün həqiqi mənasında demokratiya, demokratik prinsiplər mövcuddur, hökm sürür".

Politoloq deyib ki, hazırda da Azərbaycan 1993-cü ildən başladığı demokratik cəmiyyət quruculuğu yolunu davam etdirir: "Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi yolu uğurla davam etdirilir.  Bu yol demokratik prinsiplərə sadiqlik, onu inkişaf etdirmək yoludur. Təsadüfi deyil ki, bu gün Azərbaycan məhz yuxarıda qeyd etdiyimiz prinsiplərin yaşadılması, inkişaf etdirilməsi baxımından bir çox ölkələrə nümunə olaraq göstərilir. Baxmayaraq ki, bəzən beynəlxalq aləmdə, əsasən Avropada erməni lobbisinin maddi dəstəyi əsasında fəaliyyət göstərən ayrı-ayrı qeyri-hökumət təşkilat və qurumları öz hesabatlarında Azərbaycanda demokratik prinsiplərin qorunmadığını, fikir, söz, məlumat və ifadə azadlığının təmin edilmədyini, siyasi plüralizmin mövcud olmadığını əsassız şəkildə iddia edirlər, amma reallıqda Azərbaycandakı mənzərə tamamilə fərqlidir. Bu gün Azərbaycanda fikir, söz və məlumat, ifadə azadlığının təmin edilmədiyini iddia edənlər ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sayına nəzər yetirsələr daha məqsədəuyğun olar. Hətta Avropanın demokratik cəhətdən ən inkişaf etdiyi idia olunan ölkələrində Azərbaycandakı qədər kütləvi informasiya vasitəsi yoxdur. Bu gün paytaxtda, eləcə də bölgələrdə yüzlərlə gündəlik, həftəlik və aylıq dərc edilən medi orqanları mövcuddur. Əgər həmin media orqanlarının yönümünə, tutduğu xətdə nəzər yetirsək, aydın şəkildə görərik ki, onların içərisində hakimiyyət yönümlü kütləvi informasiya vasitələri ilə yanaşı, müstəqil şəkildə, eləcə də müxalifət düşərgəsinə xidmət edən media orqanları da var. O halda Azərbaycan hansı haqla fikir, söz və məlumat azadlığının təmin edilmədiyi ölkə hesab edilə bilər? Yaxud siyasi cameəyə diqqət yetirək. Bu gün Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası da fəaliyyət göstərir. Onların içərisində sağçısı da, solçusu da, liberalı da var. Bu azmış kimi hakim partiya ilə yanaşı həmin partiyalar da qanunverici orqanda təmsil olunurlar və onların bu və ya digər seçkilərdə iştirak edib namizəd irəli sürməsi üçün heç bir problem yaradılmır. Həmçinin parlamentdə təmsil olunan partiyalara heç bir fərq qoyulmadan dövlət tərəfindən hər il maddi yardım ayrılır. Başqa bir misal, ölkədə ən radikal meyilli siyasi partiya və birliklərə belə öz fikrini, yanaşma tərzini cəmiyyətə çatdırmaq üçün şərait yaradılır. Və onlar istənilən zaman paytaxtda belə aksiyaların keçirilməsi üçün nəzərdə tutulmuş məkanlarda öz etiraz tədbirlərini, mitinqlərini keçirə bilirlər. Bütün bu sadaladıqlarımı nəzərə alaraq qəti şəkildə belə qənaətə gəlmək olar ki, Azərbaycanda həm söz və fikir azadlığı, həm də siyasi plüralizm yüksək səviyyədə təmin edilir. Bunu görməmək isə Azərbaycana qarşı qərəzdən irəli gəlir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31