“Sosial xidmət haqqında” qanunun icrası ilə bağlı problemlər yaranıb
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə mayın 18-də parlamentdə növbəti ictimai dinləmələr təşkil edilib. “Olaylar” xəbər verir ki, ictimai dinləmələrdə millət vəkilləri, Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin və digər qurumların təmsilçiləri iştirak ediblər.
18 May 2017 13:14 SosialMilli Məclisdə ictimai dinləmələr keçirilib
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə mayın 18-də parlamentdə növbəti ictimai dinləmələr təşkil edilib. "Olaylar" xəbər verir ki, ictimai dinləmələrdə millət vəkilləri, Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin və digər qurumların təmsilçiləri iştirak ediblər. Dinləmələr "Sosial xidmət haqqında" qanunun icrası ilə bağlı olub. Komitə sədri Hadı Rəcəbli bildirib ki, bu sənədin qəbulu çox böyük çətinliklərlə başa gəlib: "Çoxlu problemlər vardı, sənəd maliyyə tutumlu idi və sairə. Məhz parlament rəhbərliyinin dəstəyi sayəsində 2011-ci ildə nəhayət, bu qanunun qəbuluna nail ola bildik. Bu mövzu ərtafında saatlarla yox, günlərlə danışmaq olar, çünki çox aktual məsələdir. Yəni, bu qanunun yerlərdə icrası ilə bağlı müəyyən problemlər ortaya çıxır. Odur ki, biz bu dəfə bu məsələni müzakirə etməyi qərara aldıq. Həyat dəyişir, inkişaf edir və buna uyğun olaraq da, insanların arzu və istəkləri dəyişir, onların tələbləri daha da artır. Bunlar da öz növbəsində yeni yanaşmaların ortaya qoyulmasını zəruri edir". İctimai dinləmələrdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparlıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb: "Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır". İ.Rəhimov bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır. Onun sözlərinə görə, 2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib. Artıq Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü mənzilin inşasına başlanılıb: "Bizim imkanımız var ki, belə binaların sayını artıraq. Bununla da bu cür gənclərin problemini aradan qaldırmağa nail olaq".