Şirvan şəhərinin içməli su təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülür.
16 May 2017 18:21 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülür. "Azərsu" ASC-nin daxili imkanları hesabına Şirvan şəhərinin mərkəzi hissəsində 2 km uzunluğunda yeni magistral su xəttinin çəkilməsi 134 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb. Eyni zamanda relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Hazırda şəhərin 1 may, Demanlı küçələrini və "Köhnə şəhər" adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni xəttin inşasına başlanılıb. Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Şirvan şəhərinin Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatını yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 km su xətti çəkilmiş və paylayıcı şəbəkə qurulub. Eyni zamanda Çılpaqlı qəsəbəsinə 6,1 km magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib. Ümumilikdə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Əhalinin digər hissəsinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan rejimlə verilir. Şəhərdə magistral su xətlərinin tikintisi yekunlaşdıqdan sonra Şirvan şəhərinin bütün abonentlərinin su təchizatı fasiləsiz rejimə keçiriləcək. Ümumilikdə bu layihədən 470 min nəfər faydalanacaq.