Ağdamda arvadını soruşan müəllimi döyən direktor şöbəyə çağırıldı
Ötən gün Səfərli kənd məktəbinin direktor müavini Şirazi Ağayevin Baharlı kənd məktəbinin direktoru Fəqani Səfərov tərəfindən döyülməsi xəbəri ilə bağlı Ağdam rayon Təhsil Şöbəsi tərəfindən araşdırma aparılır.
4 Oktyabr 2016 16:55 SosialÖtən gün Səfərli kənd məktəbinin direktor müavini Şirazi Ağayevin Baharlı kənd məktəbinin direktoru Fəqani Səfərov tərəfindən döyülməsi xəbəri ilə bağlı Ağdam rayon Təhsil Şöbəsi tərəfindən araşdırma aparılır.
Bunu Publika.az-a açıqlamasında Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova deyib.
Onun sözlərinə görə, hazırda döyüldüyü deyilən Ş.Ağayev, direktor müavini döydüyü iddia edilən F.Səfərov və onun həyat yoldaşı Şahnaz Əliyeva şöbədədir: "Onların hər biri dinləniləcək. Hadisənin necə baş verməsi və səbəbləri araşdırılacaq. Bundan sonra da müvafiq addım atılacaq".
Qeyd edək ki,hadisə ötən gün baş verib.Səfərli kənd orta məktəbinin tarix müəllimi Ş.Əliyeva 4-cü dərsi yarımçıq qoyub, 4-cü dərsdən heç kimə məlumat vermədən evə getdiyinə görə baş verib.
***
Baharlı kənd orta məktəbinin direktoru Fəqani Səfərov hafta.az-a açıqlamasında ötən gün baş verən hadisəyə münasibət bildirib.
O, mediada gedən xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: "3 oktyabr tarixində bir çox saytlarda yayımlanan, "Azərbaycanda direktor "zavuç"u döydü - Xanımına görə" başlıqlı yazı həqiqəti əks etdirmir. Belə ki, sözü gedən hadisə həmin məktəbdə müəllim işləyən qardaşım Siyamir Səfərovla məktəbin direktor müavini Şirazi Ağayev arasında baş verib.
Hadisəyə səbəb xanımım yox, qardaşımın işdən tez çıxması olub. Buna Şirazi Ağayev öz etirazını bildirib. Nəticədə məlum hadisə baş verib.
Yazılanların şəxsimlə və xanımımla əlaqəsi yoxdur. Məsələ hüquqi müstəvidə araşdırılır".
Məsələyə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da münasibət bildirib. İcra başçısı deyib ki, orta məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
***
Səfərli kənd orta məktəbinin direktoru Şakir Ağalarov Publika.az-a bildirib ki, heç bir döyülmə halı olmayıb:
"Bu gün tarix müəlliməsi Şahnaz Əliyeva 4-cü dərsə girməyib və evə gedib. Buna görə də direktor müavini Şirazi Ağayev onun həyat yoldaşı - Fəqani Səfərova zəng edərək Ş.Əliyevanın dərsi qoyub getdiyini deyib və harada olduğunu soruşub. Bu zaman Fəqani Səfərov cədvəl olmadığına görə Ş.Əliyevanın evə getdiyini bildirib. Halbuki cədvəl olub və həmin saatda 11-ci sinfə dərsi olub. telefonda mübahisə olsa da, dava baş verməyib. Çünki F.Səfərov Şirazi müəllimi çağırdığı yerə gəlməyib. Müəllimənin dərsi nə üçün qoyub getmə səbəbi sabah o məktəbə gələndə dəqiq bəlli olacaq".
***
Ağdamda direktor "zavuç"u döyüb.
Aznews.az-ın xəbərinə görə, hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin direktor müavini Şirazi Ağayev tarix müəlliməsi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. "Zavuç" müəllimənin dərsə gəlməmə səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla əlaqə saxlayıb. F. Səfərov isə ona ağır cavab verib. "Gəlməyib yaxşı edib, sənə nə?" deyərək, Ş.Ağayevi hədələyib. Daha sonra isə F. Səfərov direktor müavini ilə "söhbət" etmək üçün Səfərli kənd orta məktəbinə yollanıb. Burada isə kişilərin mübahisəsi böyüyüb.
Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək ona bədən xəsarətləri yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan saytımıza verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəstə evə buraxılıb.
Məlumat üçün bildirək ki, Fəqani Səfərov Ağdam rayonunda yerləşən digər məktəbin - Baharlı kənd orta məktəbinin direktorudur.