Bazarlarda rəqabət gündən-günə kəskinləşir

Bu günlərdə Nazirlər Kabineti ölkə ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrinə dəyişikliklər etmək haqda qərar qəbul edib. Sözügedən qərarın qəbul edilməsindən keçən qısa müddət ərzində məsələ geniş müzakirə predmetinə çevrilib. Qeyd edək ki, məlum qərar daha çox kütləvi istehlak mallarına aiddir.

Bu günlərdə Nazirlər Kabineti ölkə ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrinə dəyişikliklər etmək haqda qərar qəbul edib. Sözügedən qərarın qəbul edilməsindən keçən qısa müddət ərzində məsələ geniş müzakirə predmetinə çevrilib. Qeyd edək ki, məlum qərar daha çox kütləvi istehlak mallarına aiddir.

Məsələ ilə bağlı fikirlərini bildirən İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyib ki, bunların hamısı daxildə də istehsal olunur: "Etiraf etmək gərəkir ki, söhbət əgər, bilavasitə ərzaq və qidadan gedirsə, əksəriyyətimiz artıq uzun illərdir məhz yerli məhsullarına üstünlük veririk. İkincisi, qərar 30 gündən sonra qüvvəyə minəcək və müvəqqəti xarakter daşıyacaq. Yəni cəmi 2 il qüvvədə olacaq. Yəni, heç bir növ idxal məhdudlaşdırılmır və məhdudlaşmayacaq". İqtisadçının sözlərinə görə, bəziləri sözügedən qərarı hökumətin birbaşa olaraq dövlət büdcəsini "doldurmaq" istəyi ilə əlaqələndirirlər ki, guya, neftin qiymətinin enməsi və bu sahədə daxildə hasilatın azalması ilə əlaqədar hökumət digər istiqamətlərdə vergi və gömrük rüsumu yığımını artırır - fiskal siyasəti gücləndirir: "Bu, tamamilə yanlış və gülünc yaradan izahat və yanaşmadır. Məsələ bundadır ki, vergi və gömrük rüsumu yığımının üfuqi deyil, məhz şaquli istiqamətdə gücləndirilməsinin heç bir halda effekt yaratmadığı və bunun nəinki uzunmüddətli, hətta orta müddətdə belə, iflasa məhkum olduğu adi peşə sahibinə də məlumdur. Yəni, bunun üçün iqtisadçı olmağa heç bir ehtiyac yoxdur. Düzdür, gələn il - 2017-ci il üçün Dövlət Gömrük Komitəsi (DGK) xəttilə dövlət büdcəsinə daxilolmalar, gömrük rüsumları və vergilər proqnozu 2,2 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da, cari il gözləntisindən 21,5 faiz çoxdur. Lakin, NK-nin bilavasitə toyuq əti və yumurta, o cümlədən bir sıra meyvə-tərəvəz məhsulları, spirtli içkilər və şirələr üzrə qərarının məhz bu artıma xidmət edəcəyini düşünmək absurddur". Pərviz Heydərov qərarın əhəmiyyətindən də danışıb. Bildirib ki, qiyməti bir neçə amil yaradır: maya dəyəri, inflyasiya, rəqabət şəraiti və sair: "Yerli istehsal bizdə əvvəla, texnologiya səviyyəsinə və işçi qüvvəsinin mövcud vəziyyətinə (ixtisas və qiymət məsələlərinə görə) əsasən, ucuz başa gəlmir. Məsələn, xaricdə bir fermada cəmi 4 nəfərin əməyindən istifadə edilirsə, bizdə 6-7 nəfərin əməyindən istifadə olunur. İkincisi də, yerli məhsullarımızın bir çox komponentlər xaricdən alınır. Nə olsun ki, yerli istehsal deyirik? Hətta bir sıra mal-qara xaricdən alınır, bir çox halda qidası da xaricdən alınır və sair... Məsələn,

yerli toyuq deyirik: iynəsi, dava-dərmanı, hətta qidası belə kənardan alınır. Və ən nəhayət, rəqabət şəraiti... Xaricdən bu və ya digər malı gətirən tutaq ki, yalnız 1 nəfərdirsə, həmin malın analoqunu daxildə istehsal edən isə 2-3 nəfərdir. Bu isə o deməkdir ki, həmin 1 nəfər idxalçı istər-istəməz bazara diqtəsini yeridir, o səbəbdən ki, həm keyfiyyət onun əlindədir, həm aşağı maya dəyər, üstəgəl həm də təklif edən də tək tərəf məhz odur. Odur ki, bu qərar bilavasitə daxili istehsalı himayə etmək məqsədi daşıyır. Və birbaşa olaraq antidempinq xarakterli əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hökumətin siyasətini, yerli istehsalı genişləndirmək, daxili bazarı qorumaq, süni qiymət artımının qarşısını almaq, inhisarçılığa qarşı apardığı tədbirlər planını ardıcıl izləmək lazımdır ki, bu cür qərarları düzgün qiymətləndirə biləsən. Məsələn, dövlət başçısının "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqinə dair iyul ayının 13-də imzaladığı fərmanı xatırlamaq yerinə düşür. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsala zərər vuran və ya zərər təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış, geniş xarakter daşıyan idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir. Bu gün dünya iqtisadiyyatında baş verən və sürətlə cərəyan etməkdə olan proseslərlə əlaqədar istehsalda, o cümlədən bazarlarda rəqabət gündən-günə kəskinləşir. Düzdür, rəqabət özü də inkişaf və artım üçün zəruridir və əsas şərtdir. Lakin, haqsız rəqabət deyilən bir anlayış var ki, bu, inkişaf və artım amillərini buxova alır. Odur ki, belə şəraitdə dövlət tənzimləyici alətlərindən istifadə etməklə bunun qarşısını almalı və vəziyyətə nəzarət edərək, onu tənzimləməlidir. Nəzərə almaq lazımdır ki, daxili bazarda bir çox istehlak məhsullarının pərakəndə satış qiymətləri şişirdilmiş səviyyədədir. O cümlədən, elə növ xarici istehsala aid ərzaq məhsulları var ki, onların qiymətləri həqiqi dəyərindən əslində, hətta ucuz da satılır. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə antidempinq siyasəti olduqca vacibdir. Ona görə ki, bazar kiçikdir. Və bu isə o deməkdir ki, ölkəmizə qarşı dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı kifayət qədərdir. Üstəlik, keyfiyyət amili də var. Bütün bunların fonunda isə Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük düşür".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31