Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə...

Son illər ərzində Azərbaycanın səhiyyə sistemi xeyli ikişaf edib. Artıq ən çətin əməliyyatlardan hesab olunan orqan transplantasiyası ölkəmizdə həyata keçirilməkdədir.

Deputat: "Bunun iqtisadi, sosial, siyasi səmərəsi ola bilər"
 

Son illər ərzində Azərbaycanın səhiyyə sistemi xeyli ikişaf edib. Artıq ən çətin əməliyyatlardan hesab olunan orqan transplantasiyası ölkəmizdə həyata keçirilməkdədir. Lakin ölkədə dərman istehsalı reallaşdırılmadığından bir sıra xəstəliklərin müalicəsində problemlər yaranmış olur. Millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycan səhiyyəsi son illər ərzində daha da inkişaf edir. İstər elmi-tədqiqat, istərsə də praktiki fəaliyyət baxımından səhiyyə sektorunda uğurlu nailiyyətlər də var. Dövlətimizin də səhiyyə sahəsinə diqqəti böyükdür. Elə Milli Məclisdə Səhiyyə komitəsinin fəaliyyətə başlaması da əhalinin sağlamlığının dövlət üçün prioritet olduğunu nümayiş etdirir. Eyni zamanda, son bir il ərzində cənab Prezident İlham Əliyevin göstərişilə dövlət qeydiyyatına alınmış dərmanların vahid qiymətinin müəyyənləşdirilməsi, bu sahədə şəffaflığın artırılması dövlətimizin səhiyyə sahəsinə olan diqqət və qayğısını bir daha sübut etmiş olur. Bu xüsusda qeyd edim ki, dünyada olduğu kimi Azərbaycanda da təhlükəli xəstəliklərin effektiv müalicəsi sahəsində ciddi irəliləyişlər var: "Bu, vərəm xəstəliyinə də aiddir. Məlumat üçün bildirim ki, vərəm xəstəliyi dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hava-damcı yolu ilə baş verir. Vərəm xəstəliyi erkən aşkar olunmadıqda, xəstə həkimə vaxtında müraciət etmədikdə, müalicə çətinləşir, fəsadlar yaranır. Artıq bu, tək xəstənin deyil, bütün cəmiyyətin probleminə çevrilir. Qeyd edim ki, bu il iyun ayının 24-26 tarixlərində Slovakiyada Avropa Vərəm Sammiti keçirildi. Sammitdə YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə birlikdə iştirak edirdik. Sammitdə səsləndirilən fikirlərdən ümumi çıxan nəticə bir daha sübut edirdi ki, vərəm sahəsində Azərbaycanda həyata keçirilən işlər daha effektivdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son 25 il ərzində dünyada vərəmə yoluxmuş 241 milyon insandan təxminən 37 milyon nəfəri ölüb. Xüsusilə diqqətinizə çatdırım ki, 2014-cü ildə dünyada vərəmdən ölənlərin sayı 1.5 milyon nəfər olub. Belə bir göstəricinin qarşısında Azərbaycanda həmin ildə 69 nəfərin dünyasını dəyişməsi onu göstərir ki, ölkəmizdə vərəmlə mübarizə dövlət səviyyəsində diqqət mərkəzindədir". Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onlara pulsuz dərmanlar verilir, uzaqdan gələn xəstələrə hətta yol xərci də ödənilir: "Əlbəttə ki, hazırda dünyada vərəmin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi proqram yaradılıb. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq aparılan müalicə zamanı dərmanların səmərəsi olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikrobların dərmana davamlı formaları meydana çıxır. Ona görə də bu gün Azərbaycanda xəstəliyin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi proqram hazırlanmışdır və uğurla reallaşdırılır. Bu cür xəstələrin müalicəsi üçün isə iki il vaxt və təqribən 50 min manat xərc tələb edilir. Söz yox ki, bu vəsaiti də Azərbaycan dövləti ödəyir. Ölkəmizdə vərəm əleyhinə mübarizə vərəm dispanserlərində aparılır. Eyni zamanda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir. Xəstələrdən toplanmış bəlğəm nümunələri həmin laboratoriyalarda yoxlanılır və aşkar edilən dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur. Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyyə və ya konservativ yolla aparılır.Bir sözlə, bu gün Azərbaycanda vərəm xəstələrinə göstərilən diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər". Millət vəkili Musa Quliyev bildirib ki, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar. Təəssüf ki, indiyə qədər Azərbaycanda dərman istehsalı yoxdur. Onun sözlərinə görə, keçmiş SSRİ dövründə ölkəmizdə yod istehsal edən zavod fəaliyyət göstərib ki, vaxtilə bu dövlətin böyük bir ərazisini yodla təmin edib. Eyni zamanda, Naftalan neftindən də sürtkü dərmanlar hazırlanıb. O, deyib ki, hazırda hər iki sahədə istehsal yoxdur, amma ölkəmizin həm yod istehsal etmək, həm də Naftalan neftindən dərmanlar hazırlamaq üçün böyük potensialı var: "Nəzərə alaq ki, bu gün Azərbaycan müharibə şəraitində olan ölkədir. Əgər hərbi əməliyyatlar başlayarsa, dərmana ehtiyacımız çox ciddi şəkildə artacaq. Bu mənada dərman istehsal etməyimiz vacibdir". Deputat bildirib ki, ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir: "Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada bir nəfərin illik 20 dollar həcmində dərmana etiyacı var. Bu göstərici ilə hesablasaq, ölkəmizdə hər il dərmana təxminən 2 milyard dollar həcmində pul xərclənir. Doğrudur, bizdə rəsmi göstəricilər aşağıdır, amma beynəlxalq standartlara görə, dünyada vəziyyət belədir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq. Digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq. Çünki dərman istehsalı ölkəmiz üçün böyük önəm daşıyır".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31