Azərbaycan-humanitar məsələlərin müzakirə edildiyi məkan

Ötən həftə sonu bütün dünyanın diqqəti yenidən Azərbaycana yönəlmişdi. Belə ki, həftənin son 3 günündə Bakıda istər Azərbaycan, istərsə də beynəlxalq aləm, xüsusilə dünyadakı sülh və sabitliyə xidmət edəcək proseslər cərəyan edirdi. Bunlardan biri katoliklərin liderinin Azərbaycana səfərə gəlməsi idisə, digəri V Bakı Beynəlxalq Humanitar Forumu idi.

Beynəlxalq Baki Forumu bütün dünyaya göstərdi ki, dünyamızı narahat edən ən mürəkkəb çağırışlar, humanitar böhranların müzakirəsi üçün unikal bir platforma formalaşıb

Ötən həftə sonu bütün dünyanın diqqəti yenidən Azərbaycana yönəlmişdi. Belə ki, həftənin son 3 günündə Bakıda istər Azərbaycan, istərsə də beynəlxalq aləm, xüsusilə dünyadakı sülh və sabitliyə xidmət edəcək proseslər cərəyan edirdi. Bunlardan biri katoliklərin liderinin Azərbaycana səfərə gəlməsi idisə, digəri V Bakı Beynəlxalq Humanitar Forumu idi. Multikulturalizm, tolerantlıq, dini dözümlülüyü, sülh və dialoqu özündə ehtiva edən bu forum həmçinin Azərbaycanda qeyd edilən ənənələrin yüksək səviyyədə qorunduğunu dünyaya sübut edirdi. Təsadüfi deyil ki, bunu həm V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən xarici qonaqlar, həm də yerli mütəxəssislər, ekpert və analitiklər də açıq şəkildə söyləyirdilər. Elə Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova da bu qənaətdədir. Millət vəkili deyib ki, Bakıda keçirilən beşinci Beynəlxalq Humanitar Forumda dünyada sülh və birgəyaşayışın əhəmiyyəti bir daha ifadə olundu: "Təsadüfi deyil ki, artıq bu forumlar həlli tələb olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti ciddi təhdid edən islamofobiya, ksenofobiya, ayrıseçkiliyin aradan qaldırılması yollarının müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Bakı Beynəlxalq Humanitar Forumu dünyanın tanınmış elm və siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin məhz bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır. Bu mənada forum böyük əhəmiyyətə malikdir. Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunur. Ona görə də, bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir". Sahibə Qafarova deyib ki, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla evsahibliyi etmək bacarığını sübuta yetirib: " Bu mənada beşinci Beynəlxalq Humanitar Forumu da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi". Prezident İlham Əliyevin Forumdakı çıxışının çox maraqla qarşılandığını və dünyada böyük əks-səda doğurduğunu deyən Sahibə Qafarovanın sözlərinə görə, Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını, onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini,

yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndiriblər: "Bununla yanaşı, ötən günlər ərzində nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələrinin tədbirlə bağlı xəbər və təhlillərində dövlət başçımızının fikirlərinə və irəli sürdüyü tezislərə geniş yer verilib. Prezident İlham Əliyev çox açıq şəkildə dedi ki, biz indi sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Dövlət başçısı bəzi Qərb siyasətçilərinin antiislam çağırışlarını, dinimiz haqqında mənfi rəy formalaşdırmalarını çox açıq kəildə tənqid etdi. Hesab edirəm ki, bu cənab Prezidentin Forum vasitəsilə dünya dövlətlərinə verdiyi açıq mesajlar idi ki, dünyada təhlükəsizliyini, sülhün təmin olunmasının yolu mədəniyyətlərarası, dinlərarası dialoqdan, xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsindən keçir. Bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, çağırışları ətrafında birləşməli, bu məsələdə birmənalı mövqe nümayiş etdirilməlidir. Əks təqdirdə, baş verənlərdən bütün hər kəs əziyyət çəkəcək". Ölkəmizin möhkəm multikulturalizm ənənələrinə malik olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, Azərbaycanda tarixən müxtəlif millətlərin, dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıb, xalqımızın inkişafı naminə birgə səylə çalışıblar: "Hazırda da çoxkonfessiyalı, çoxmillətli ölkə kimi Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu baxımdan, ölkəmiz dünyada bir model, nümunə kimi qəbul olunur. Azərbaycan dünyada multikulturalizm ənənələrinin, sülh və təhlükəsizliyin, dinlər və mədəniyyətlər arasında dialoqun güclənməsinə mühüm töfhələr verir. Millət vəkili Elman Nəsirov bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumu dünyada mötəbər tədbir kimi qəbul edilməkdədir. Onun sözlərinə görə, forum iştirakçısı olan dövlətlərin sayının ildən-ilə artması belə deməyə əsas verir: "Beynəlxalq Baki forumu bütün dünyaya göstərdi ki, dünyamızı narahat edən ən mürəkkəb çağırışlar, humanitar böhranlar, fəlakətlərin müzakirəsi üçün unikal bir platforma formalaşıb. Bu da məhz Beynəlxalq Bakı Humanitar Forumudur. Bu gün Münhen və Davos dünyada iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bir məkan kimi necə bir statusa malikdirsə, eyni ilə də Bakı humanitar məsələlərin müzakirə olunduğu ölkə kimi eyni statusu qazanıb". Millət vəkili qeyd edib ki, ölkə prezidentinin forumda çıxışı zamanı səsləndirdiyi fikirlər, ortaya qoyduğu məsələlər təkcə Azərbaycan deyil, eləcə də bütün dünyanı narahat edən məsələlərdir". Elman Nəsirov bildirib ki, dövlət başçısının forumda qeyd etdiyi kimi multikulturalizmin alternativi yoxdur: "Olsa da bu islamofibiya, antisemitizim, ksenofobiya, irqçilik, ayrıseçkilik kimi təhlükəli tendensiyalardır". Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın ən böyük problemi ondan ibarətdir ki, dünyanın nizamı pozulub: "Dünyanın nizamı ona görə pozulub ki, dünya qəbul edilmiş beynəlxalq qanunlarla idarə edilmir. Sanki o qanunlar yalnız qanunlar külliyatında var, ondan kənarda isə qanunlar yoxdur. Təssüflər olsun ki, bu bir reallıqdır. Maraqlısı odur ki, beynəlxalq qanunları formalaşdıran dövlətlərin özləri həmin qanunları pozanlardır. Belə olan vəziyyətdə isə Azərbaycan dünya üçün həm də bir yol xəritəsi təqdim edir. Həmin yol xəritəsində isə əsas prinsiplər ondan ibarətdir ki, qərarların qəbulunda ilk növbədə beynəlxalq hüquqa söykənmək lazımdır". Millət vəkili deyib ki, bu gün Azərbaycan humanitar forum keçirsə də, lakin özü ən böyük humanitar fəlakətlə üz-üzə qalıb: "Bu da Ermənistanın ərazilərimizə olan təcavüzüdür". Elman Nəsirovun sözlərinə görə, V Bakı Beynəlxalq Humanitar Forumunun mühüm əhəmiyyət kəsb edən tərəfi ondan ibarətdir ki, buradan dünyaya çox vacib ismarıclar verilir və forumda dünyanı narahat edən məsələlər müzakirə olunur: "Eyni zamanda bizim problemlərimiz, Azərbaycanın 20 faizə yaxın ərazilərinin ermənilər tərəfindən işğala məruz qalması dünyaya çatdırılır. Mütləq bu kimi forumların bir gün nəticəsi olacaq. Biz onun fərqindəyik ki, bunu bir günə etmək qeyri-mümkündür. Son nəticədə o effekt verəcək. Buna inanmaq lazımdır. Ona görə də bu kimi forumların keçirilməsi olduqca vacibdir". V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan millət vəkili Azər Badamov isə deyib ki, Azərbaycanda mövcud olan tolerantlıq mühiti beynəlxalq aləmdə yüksək qiymətləndirilir. O, bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları da bu reallığı etiraf ediblər: "Xarici qonaqların ölkəmizlə bağlı təəssüratları çox yüksəkdir. Onlar xüsusilə Azərbaycanda mövcud olan tolerantlıq mühtini təqdir edirdilər. Bu fakt onu göstərir ki, həqiqətən də ölkəmizdəki tolerantlıq dünya ölkələri üçün bir nümunədir".

 Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31