Prezidentin parlamenti buraxmaq səlahiyyəti
“Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib.
29 İyul 2016 14:20 SosialDeputat: "Bu, ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir"
"Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır". Bunu deyən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəblinin sözlərinə görə, heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilmir, belə qruplaşdırma nisbidir. Məsələn, dünya dövlətləri arasında dəyişikliklərə daha çox davamlı olan konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının konstitusiyasının özünə də çox uzun zaman kəsiyini əhatə etməsinə baxmayaraq, 27 dəfə dəyişiklik edilib. Dəyişikən konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir. Dəyişməz konstitusiyalar dəyişən sosial və iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklə üzləşir. Konstitusiyanın bu cür sərtliliyi müəyyən zamanlarda cəmiyyətin irəli addımlamasına baxmayaraq, konstitusiyanın yerində sayması ilə nəticələnir. Bu isə istənilən halda cəmiyyətin inkişafını ləngiməsinə təsir edir. Bu yanaşmanı tarixən iki müxtəlif hüquqi inkişaf yolunu seçmiş dövlət - Fransa və Böyük Britaniyaya nəzər yetirməklə müşahidə etmək mümkündür: "Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, bununla belə konstitusiya anlayışı özünü tam formada əks etdirir. Böyük Britaniyada konstitusion dəyişikliklər, adi qanunlara edilən dəyişikliklər kimi parlament tərəfindən həyata keçirilə bilir. Bu mənada, Böyük Britaniya konstitusiyası tarixən dəyişkən olub. Digər tərəfdən, Fransa konstitusiyası olduqca sabit, dəyişdirilməsi çətin olub. Bu səbəbdən, Böyük Britaniyada parlamentarizmə keçid prosesi daha asan olub, əksinə Fransa isə konstitusiyanın dəyişməzliyi səbəbindən inqilabla üzləşmiş, və müxtəlif vaxtlarda 5 fərqli konstitusiya qəbul edilib. Düşünürəm ki, Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu və onun təkmilləşdirilməsi məqsədi yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağı qənaəti yaradır. Cənab prezident tərəfindən dövlət idarəetməsini geniş əhatə edən faydalı və ciddi fundamental dəyişiklikləri ehtiva edən bir referendum layihəsi təklif olunur və ümid edirəm ki, xalq da bu dəyişikliklərə müsbət cavab verəcək". Konstitusiyaya ediləcək dəyişikliklər ölkənin sosial, iqtisadi və əmək sferasına təsirindən söz açan Komitə sədri bildirib ki, bu gün torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar 99 illiyə uzun müddətə kəndlilərə verilib. İndi elə adamlar var ki, bundan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Məsələn, İranda torpaqların 70 faizi dövlətin, 30 faizi şəxsi mülkiyyətdədir: "Buradan belə bir nəticə çıxır ki, bütün məqsəd ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Lənkəran kimi yerdə adam az olduğuna görə torpaq da az miqdarda bölünüb. Onlar torpağı hərəsi bir yerdə hasarlayıb istifadə etmirlər. Digər böyük rayonlarda da 100 hektarlarla torpaqlar istifadə edilmir. Kooperasiya qanunu ilə bütün bu torpaqlar birləşdirlməlidir. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq. Sənədə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Artıq bundan sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil edilir. Bu Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir". Onun bildirdiyinə görə, Milli Məclisə üzv seçilməklə bağlı yaşhəddinin 18-ə endirilməsi gəncləri çox sevindirir. Onların seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq: "Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan həmin tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir". Komitə sədri əlavə edib ki, qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəiflədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə görünür ki, əsas məqsəd daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili böhran, xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsidir: "Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər. Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarındada müəyyən edilib.Ölkə Prezidenti tərəfində parlamentin buraxılması məsələsi də bu günün reallıqları baxışından çox mühüm və önəmli məsələdir. Çünki əgər parlament müsbət deyil, mənfi tendensiyalara cavab versə, Prezident onu buraxacaq. Bu da ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir.Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir".
Alim